Onlayn ictimai-siyasi qəzet
“Böyük Britaniyanın Orta dəhlizə yanaşmasında strateji dəyişikliyin əsas səbəbi Londonla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsindən qaynaqlanır. Bunu real olaraq geoiqtisadi çevriliş də adlandırmaq olar. “Brexit”dən sonra Böyük Britaniyada ticarət sahəsində bir sıra problemlər yaranmağa başlayıb. Bilavasitə ticarət sektoru yenidən dizayn edilir. Çinlə münasibətlərdə yeni və praqmatik nəticələrin əldə olunmasına ehtiyac var. Bu ehtiyac Orta dəhliz infrastruktunun daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə, texnologiyaların tətbiqinə zərurət yaradır”.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Britaniya yeni yollar axtarır, əsas idxal ölkəsi isə Çindir:
“Böyük Britaniya deyir ki, mən də Orta dəhlizdəyəm. Ötən il Böyük Britaniya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 98,4 milyard dollar təşkil edib. Bu dövriyyənin 68,7 milyard dolları Britaniyanın Çindən idxalı, 29,7 milyard dolları isə ixracının payına düşüb.
Yəni göründüyü kimi, Britaniyanın Çinlə ticarətində 60 milyard dollara yaxın bir kəsir var. Buna görə də London yeni fürsətlər axtarır, məsələyə bir qədər fərqli rakursdan baxmağa başlayır. Bir sıra sahələrdə Britaniya sənayesi idxaldan kəskin asılı vəziyyətdədir. Bu idxal əsasən Çindən reallaşır. Çin bu ölkənin idxalında 3-cü böyük paya malikdir. İki ölkə arasındakı ticarət göstəricilərinə baxsaq, görərik ki, Britaniya Çinə daha çox bahalı məhsullar, lüks avtomobillər, kosmetika, mühəndislik avadanlıqları və sair satır.
Çindən isə sənaye istehsalı üçün lazım olan malları idxal edir. İki ölkənin qurduğu iqtisadi strukturu komplementar adlandıra bilərik. Böyük Britaniya 2025-2027-ci illərdə 89 mal kateqoriyası üzrə Çindən idxal tariflərini sıfırlayıb. London bu addımı ABŞ-nin Çin mallarına idxal rüsumlarını kəskin artırdığı bir zamanda atıb. Məqsəd idxalı ucuzlaşdırmaqla sənaye istehsalının maya dəyərini aşağı salmaq, ölkədə inflyasiyanı cilovlamaqdır. Orta dəhlizə qoşulmaq bu kontekstdə meydana gəlib”.
E.Əmirovun fikrincə, Britaniyanın Orta dəhlizə marağı 2027-ci ildən sonra da davam edəcək:
“Əks halda, heç vaxt ona yüksək həcmli yatırımlar edilməzdi. Böyük Britaniyanın Orta dəhlizə qoşulması layihə üçün böyük üstünlüklər yaradacaq.
Britaniyanın layihədə olması onunla bağlı sabitlik, təhlükəsizlik təminatı deməkdir. Bu, dəhliz üçün risklərin sığortalanması, infrastruktur dayanıqlığının təmin olunması deməkdir. Eyni zamanda əlavə maliyyə mexanizmləri yaradılacaq, Britaniyanın layihəyə inteqrasiyası hüquqi prosedurların, gömrük proseslərinin avtomatlaşdırılması imkanları genişlənəcək. Britaniya Beynəlxalq İnvestisiya Şirkəti dəhlizə sərmayə yatıracaq və daha sonra onun arxasında dayanacaq. Bu, digər investorlar üçün yaşıl işıq demək olacaq. Çünki Britaniya elə bir ölkədir ki, onun hansısa layihədə iştirakı, dəstəyi bütün dünya üçün təhlükəsizliyə qarantiya kimi qəbul edilir, investisiya cəlbini asanlaşdırır. Britaniyanın qoşulması Orta dəhlizin illik dövriyyəsinə dair proqnozların bir qədər də artırılmasına və özünü doğrultmasına şərait yaradacaq”.
Nigar,
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ