İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, hələ hicabın ləğvi deyil, sadəcə sərt nəzarət dayandırılıb”

İranda uzun sürən mübarizədən sonra hicab qanunu ləğv edilib. Belə ki, İran mediasının yaydığı məlumata görə bu barədə İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, hüquqi baxımdan hicab qanununun icrası mümkün deyil:

“İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın”, Bahonər əlavə edib.

Xatırladaq ki, 2024-cü ildə İran parlamentində “Hicab və əxlaq” (Hijab and Chastity) qanunu qəbul edilmişdi. Bu qanun hicabın məcburi olmasını və pozuntulara ağır cəzalar tətbiq edilməsini nəzərdə tuturdu.

Amma 2025-ci ilin may ayında İranın Ali Milli Təhlükəsizlik Şurası parlamentə rəsmi olaraq bu qanunun tədbiq edilməməsi barədə göstəriş verdi. Yəni qanunun icrası indiki halda bloklanıb.
Belə ki, parlament sədri Məhəmmədbaqir Qalibaf deyib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası qanunun tətbiq edilməməsi üçün yazılı göstəriş göndərib.

O da məlumdir ki, bu cür qanunların ləğvi və ya qüvvədən düşməsi üçün rəsmi olaraq parlament, Mühafizə Şurası, yüksək dini liderlər və digər struktur orqanlarının təsdiqi tələb olunur.

Bəs İranda nə baş verir? Hicab qanunun ləğvi nə qədər realdır?

IMG_2563.jpeg (41 KB)

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a danışıb. O, qeyd edib ki, İranda hicab mövzusu uzun illərdir müzakirə mövzusudur. Bir çoxları baş örtüyünün məcburi olması qanununa qarşı çıxır:

"Xüsusilə də "islahatçı" hökumətlər zamanı bu məsələ müzakirə mövzusu olub. 2022-ci il Məhsa Əmini etirazlarından sonra hicab mövzusu yenidən gündəmə gəlib. Çünki bilindiyi kimi, kürd əsilli Məhsa Əmini Tehrana qonaq gəlib və burada baş örtüyü qaydalara uyğun olmadığı üçün əxlaq polisi adlanan patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb və polis idarəsində vəziyyəti pisləşib, bir neçə gündən sonra dünyasını dəyişib. Bundan sonra isə İranı etirazlar və iğtişaşlar baş verib. Eyni zamanda hicaba nəzarət məsələsi yenidən gündəmə gəlib. Hökumət və parlament həmin vaxt mühafizəkarların nəzarətində olduğu üçün daha sərt hicab və iffət qanunu qəbul olundu. Ancaq qanunun qəbulu uzandı. 2024-cü ildə Məsud Pezeşkiyan prezident seçildi və hakimiyyətə islahatçılar gəldikdən sonra bu qanunun qəbulu arxa plana keçdi. Prezident Pezeşkiyan özü də açıq şəkildə bildirib ki, baş örtüyünün məcburi olmamalıdır, hökumətin baş örtüyü üçün patrul xidməti təşkil etməsi doğru deyil".

Kənan Rövşənoğlu qeyd edib ki, hökumətin müdaxiləsi ilə hicabla bağlı sərtləsmiş qanunun icrası dayandırılıb. Ancaq bu hicabın ləğv olunması demək deyil:

"Sadəcə qanunun icrası ilə bağlı sərt tədbirlər tətbiq olunmayacaq. Bu da müəyyən mənada yumşalmadır və daha çox islahat hökuməti ilə bağlıdır".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR