Onlayn ictimai-siyasi qəzet
Latviyanın Vətəndaşlıq və Miqrasiya İdarəsi ölkədə müvəqqəti və ya daimi yaşayış icazəsi ilə yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edib.
Musavat.com-un xəbərinə görə, bildirilib ki, bu şəxslər yaşayış icazələrinin müddəti başa çatmadan əvvəl Avropa İttifaqının uzunmüddətli rezident statusuna uyğun sənədləri təqdim etməli idilər.
Bu sənədlərin təqdim edilməməsi onların Latviyada qalmaq hüququnu itirməsi ilə nəticələnə bilər.
Qurumun məlumatına görə, hazırda təxminən 800 Rusiya vətəndaşı müvafiq sənədləri vaxtında təqdim etmədiyi üçün deportasiya riski ilə üz-üzədir. Onlara qarşı inzibati tədbirlərin görülməsi, o cümlədən ölkəni tərk etməyə məcbur edilmələri mümkündür.
Latviya rəsmiləri qeyd ediblər ki, bu xəbərdarlıqlar və müraciət imkanları bir neçə dəfə verilsə də, bir çox şəxslər tələblərə əməl etməyib. Qanunvericiliyə əsasən, Aİ-nin uzunmüddətli rezident statusu almaq üçün şəxslər müəyyən şərtləri – o cümlədən dil bilikləri və daimi yaşayış meyarlarını – yerinə yetirməlidir.
Bəzi hüquq müdafiəçiləri bu tədbirlərin sərt olduğunu bildirsələr də, Latviya hökuməti milli təhlükəsizlik və hüquqi qaydaların təmin edilməsi baxımından bu yanaşmanın zəruri olduğunu bildirir.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ