İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ" xeyli tərəfdar itirdi”- “Köhlən atlar” Çempionlar Liqasına Qurban Qurbanovun oğlu və bir də...

 

Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsi kimi mötəbər turnirdə təmsil edəcək “Qarabağ” onu göylərə qaldıran azarkeşlərin ciddi qəzəbinə tuş gəlib. Buna səbəb də klubun tarixinin ən böyük büdcəsinə sahib olmasına baxmayaraq, hücumçu mövqeyinə transfer etməməsi olub. “Köhlən atları” illərdir ki, göylərdə tutan azarkeş ordusu onu bir anda sərt şəkildə qınamağa başlayıb.

Artıq “Qarabağ”ın Çempionlar Liqasında qarşılaşacağı rəqiblər məlumdur və onların qarşısına çıxacaq hücumçuları da məlumdur. Bir sözlə Ağdam təmsilçisi məsələn, “Liverpul”un qarşısına klubun və Azərbaycanın əfsanəvi baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı və bir də 21 yaşlı Nəriman Axundzadə kimi hücumçularla çıxacaq.

Musavat.com xəbər verir ki, tanınmış idman mütəxəssisi Kənan Məstəliyev bununla bağlı fikirlərini bölüşüb: “Beləliklə, "Qarabağ" ÇL-ə iki hücumçuyla gedir. İkisi də yerli (Santuş üçün xoş xəbərdir). Onlardan da yalnız biri - Musa Qurbanlı ampluaca sırf hücumçudur. O biri Nəriman Axundzadədir. Vingerdən dönmə forvarddır, amma xeyli vaxtdır orda oynayır deyə, onu da bu kiçik siyahıya qataq.

"Qarabağ" çalışsa da, bu mövqeyə futbolçu transfer etməyi bacarmadı. İstəmədi yox, məhz bacarmadı. Bunun başqa adı yoxdur. Bazarda (vaxtında daxili bazardan da ala bilərdilər) yüzlərlə ad olmasına, alınıb rahatlıqla heyətə qatıla biləcəyinə baxmayaraq, adi bir işin öhdəsindən gələ bilmədilər. Klovişlə min dəfə danışdılar, Juninyonu qaytarmağa çalışdılar, xeyli başqa adlar üçün "düyməyə basdılar", amma bacarmadılar. Türklər demiş, "kıvırmayaq". Təbii ki, sən ÇL-dəsənsə, vaxtın bitiməsinə də az qalıbsa, qarşı tərəf qiymət artıracaq, əlavə qazanc əldə etməyə çalışacaq. Kim olsa, bu cür edərdi. Normaldır. Və "Qarabağ" buna hazır olmalı idi. Ola bilmədi.

Dünən gecə 4-ə kimi yatmamışdım və həmin vaxt millət oyaq idi. Müxtəlif sosial şəbəkələrdəki izləyicilər, azarkeşlər dəliyə dönmüşdü. Hirslənəni kim, qışqıranı kim, hətta ağlayanı kim... Cəmi 1 hücumçu istəyirdilər. Çox böyük gərginlik vardı. Bu cür duruma nə vaxt rast gəldiyimi xatırlamıram.

İllərdi bu prosesin içində olan biri kimi deyirəm: dünən "Qarabağ" xeyli tərəfdar itirdi. Yenə gələcəklər, yenə adlı-sanlı rəqiblərlə matçlarda "Bəhramov" dolacaq. Ancaq əlavəsi olmayacaq. Sizi əmin edə bilərəm ki, dünən minlərlə futbolsevər "Qarabağ"dan küsdü, incidi. Onları tribunada görməyəcəyimizə and da içə bilərəm. Burda məsələ azarkeşlikdə deyil. Sirr deyil ki, o tribunalarda yer alanların böyük hissəsi kluba, onun oyununa yox, adına, milli ruha görə gəlirlər. Əsas millinin ikinci plana keçdiyi dövrdə əsl milli gözüylə gördükləri üçün, Azərbaycan üçün gəlirlər. Sırf "Qarabağ" Futbol Klubu olduğu üçün gələnlər maksimum 30 faizdir. O biri 70 faizin azı 10-15 faizini dünən itirdi, "Qarabağ". Geri dönəcəklərini də düşünmürəm. Etimada böyük zərbə dəydi. Klub Azərbaycanı təkbaşına təmsil etməyin üstünlüklərindən yararlandığı kimi, ölkənin ÇL-dəki yeganə təmsilçisini yetərincə gücləndirmədiyi üçün ilboyu təzyiq altında olacaq. Hazır olsunlar.

Musa və Nərimana sözüm yoxdur. Normal futbolçulardılar. Xüsusilə Axundzadənin "Ferensvaroş"la son matçdakı performansı elit səviyyə idi. O oyunu hansısa legioner oynasaydı, indi bazada heykəlini qoymuşduq. Amma... Say olaraq çatışmazlıq var. ÇL-ə 2 nəfərlə getmək absurddu. Vərəqə cəzası və ya zədə olsa, Premyer Liqanın keyfiyyətsiz süni örtüklərində başlarına bir iş gəlsə, kim oynayacaq o mövqedə? Addai? Allah eləməsin. Duran? Böyük sualdır. Sən Van Daykın qabağına Addaini çıxaracaqsansa, mənim əlavə ediləcək sözüm yoxdu. Pis ssenari haqda düşünmək belə istəmirəm.

"Qarabağ" tarixinin ən böyük büdcəsiylə transfer bazarının son günlərində fiaskoya uğradı. Birmənalı şəkildə fiasko. Ölkənin yeganə təmsilçisi olmağından, "Neftçi"nin, "Sabah"ın və digərlərinin ortada olmamasından, rəqabətsizlikdən istifadə edərək rahat davrandı. Olan da Qurbana olacaq. Yenə o nəsə möcüzə etməyə çalışacaq, yenə o suallara cavab verməyə, komandasına, klubuna qalxan olmağa, nüfuzunu xərcləməyə məcbur olacaq.

İki həftədən sonra "Benfika" səfəri var”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR