Onlayn ictimai-siyasi qəzet
Pekində “Çin xalqının yapon aqressiyasına qarşı Müqavimət müharibəsində və dünya anti-faşist müharibəsində qələbənin 80-ci ildönümü” münasibətilə keçirilən möhtəşəm hərbi paradda Azərbaycan və İran prezidentləri arasındakı dialoq geniş müzakirələr doğurub. Xüsusilə, Məsud Pezeşkianın ölkə başçısı İlham Əliyevə “Barışdınız?” sualını ünvanlaması daha çox diqqət çəkib.
Musavat.com xəbər verir ki, İran prezidentinin Azərbaycanın Rusiya və Ermənistanla münasibətlərinin fonunda nəyi və hansı ölkəni nəzərdə tutduğu barədə fərqli versiyalar səslənir.
ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli bununla bağlı versiyasını irəli sürüb: “Hörmətli Məsud Pezeşkian, “barışdız”, deyəndə, Rusiyanı yox, Ermənistanı nəzərdə tuturdu – dünəndən “divan konspiroloqları” 100 versiya irəli sürüblər.
Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır, bu, aydın görünür, çünki gərginliyin səbəbkarı Kreml idi - əlinə dividend keçmədi, anladı ki, şantajla heç nəyə nail ola bilməyəcək, münasibətləri “təmir” etməyə çalışır – və bu yaxşıdır, özləri öz səhvlərini düzəldirlər.
İndi Azərbaycan Rusiya üçün, Rusiyanın Azərbaycan üçün oynadığı roldan daha önəmli vəziyyətdədir – Cənub-Şimal dəhlizinin ana xətti Azərbaycandan keçəcək, Rusiya İrana ildə 50 mlrd. m3 qaz satmaq istəyir, boru Azərbaycandan keçməlidir və nəhayət, Azərbaycan və Türkiyənin stateji müttəfiqliyi Kremldə bəzi “isti başları” soyutmağa yetər. Türkiyə Rusiya üçün “nəfəslik”, Qərbə bağlayan yoldur, “Türk Axını” ilə qazını premium qiymətlə Avropaya Türkiyə vasitəsi ilə satır, hər il 10-11 mln. rusiyalı Türkiyədə dincəlir – rusiyalılar hər şeyə dözər, amma Antaliyaya getməsələr inqilab edərlər.
Bir sözlə, coğrafiyamız taleyimizdir – Şimalda qaba, beynəlxalq hüquq çeynəyən qonşumuz var, bərəbərhüquqlu münasibətlər istəsələr, eyvallah, normal münasibətlərdən hamı udar”.
Cavanşir ABBASLI
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ