Onlayn ictimai-siyasi qəzet
“Azərbaycandan keçən 33 milyon ton yükün təkcə 9.6 milyon tonu şimal-cənub istiqamətindəki daşımaların payına düşür. Birinci növbədə bu onunla bağlıdır ki, Rusiyanın məlum səbəblərə görə qərb istiqamətində çıxışları məhdudlaşıb. Bu Rusiya üçün cənub istiqamətində əlaqələrin qurulmasını daha önəmli edir və Azərbaycan burada əsas rollardan birini oynayır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafiya şərqlə qərb, şimalla cənub arasında dünya iqtisadiyyatının yükdaşımalarında böyük əhəmiyyət kəsb edir:
“Azərbaycan Avrasiya məkanında dəhlizlərin bir-biri ilə əlaqələndirilməsində çox önəmli bir coğrafiyaya və logistik imkanlara malikdir. Azərbaycanın yerləşdiyi coğrafiya şərqlə qərb, şimalla cənub arasında dünya iqtisadiyyatının yükdaşımalarında böyük əhəmiyyət kəsb edir. Astara-Rəşt-Qəzvin dəmiryolu xətti açıldıqdan sonra isə, orta dəhliz üzərində olan böyük nəqliyyat logistikasını təmin etmiş olur. Biz şimal-cənub arasındakı yükdaşımalarına fikir verək.
Məlumdur ki, bu yükdaşımalar son 1 il ərzində daha da intensivləşib. Azərbaycandan keçən 33 milyon ton yükün təkcə 9.6 milyon tonu şimal-cənub istiqamətindəki daşımaların payına düşür. Birinci növbədə bu onunla bağlıdır ki, Rusiyanın məlum səbəblərə görə qərb istiqamətində çıxışları məhdudlaşıb. Bu Rusiya üçün cənub istiqamətində əlaqələrin qurulmasını daha önəmli edir və Azərbaycan burada əsas rollardan birini oynayır. Astara-Rəşt-Qəzvin dəmiryolunun açılması şimal-cənub daşımalarının gücünü daha da artıracaq. Bu yol təkcə şimal-cənub daşımalarını deyil, cənub-şərq və cənub-qərb istiqamətlərini də özündə ehtiva edir.
Bəhs etdiyimiz dəmiryolu xətti Aralıq dənizi ilə Fars körfəzini birləşdirən, o cümlədən Çin, Vietnam və Pakistan kimi istiqamətlərdə də yüklərin daşınmasını təmin edəcək. Burada əsas rolu Azərbaycan oynayır. Azərbaycanın bu istiqamətdə İranla əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatına ciddi töfhələr verəcək. Tranzit yükdaşımaları ölkəyə birbaşa valyuta gətirən mənbələrdir. Eyni zamanda burada iqtisadi zəncir halqalarının formalaşması deməkdir”.
Millət vəkili tranzit yükdaşımalarının ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından olduqca ciddi əhəmiyyətə malik olmasından da bəhs edib:
“Ölkə iqtisadiyyatının inkişafının başlıca strategiyası qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Artıq proqnozlar ondan ibarətdir ki, 2030-cu ilə qədər ümumi daxili məhsulumuzun hardasa 78 faizinə qədərini qeyri-neft sektoru təşkil edəcək. Ona görə də biz qeyri-neft sektorunun inkişafı istiqamətində önəmli addımlar atmışıq. Sənaye, kənd təsərrüfatı və turizmlə yanaşı, yükdaşımaların həyata keçirilməsi də bu baxımdan böyük üstünlük qazandırır. Bu, bizim qeyri-neft sektorumuzun iqtisadiyyatdakı önəmini daha da artırır. Həmçinin orta biznesin, sahibkarlığın artmasını daha da təmin etmiş olacaq. Eyni zamanda yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması da iqtisadiyyata yönəlik milli gəlirləri artıran perspektivli sahələrdir”.
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ