İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla ticarət dövriyyəsində əsas qazanan tərəf daim Rusiya olur, əgər...”- MÜHÜM açıqlama  

“Rusiyanın müxtəlif dairələrində Azərbaycanla münasibətlərdəki gərginliyin ölkəmizin iqtisadi durumuna, xüsusilə ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia olunur. Lakin bu yanaşma reallıqla uzlaşmır. Əmirovun sözlərinə görə, bəziləri sanki anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində əsas qazanan tərəf məhz Rusiyadır”.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, Azərbaycan 2024-cü ildə Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, əvəzində Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal olunub. Bu, Azərbaycan üçün 2,4 milyard dollarlıq mənfi saldo deməkdir. Yəni Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo ilə çıxır. 2025-ci ilin ilk 6 ayının göstəriciləri də tendensiyanın dəyişmədiyini təsdiqləyir. Azərbaycanın Rusiyaya ixracı cəmi 6,1% artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxal təxminən 20% artaraq 2 milyard dollara yaxınlaşıb. Onun fikrincə, bu o deməkdir ki, hər il, hər hesabat dövründə mənzərə eynidir və Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur”.

İqtisadçının fikrincə, bu məsələyə ABŞ-ın keçmiş prezidenti Donald Trampın yanaşması nümunə ola bilər: “Tramp ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə müsbət münasibət göstərir, mənfi saldo verdiyi ölkələrə isə tariflər tətbiq edirdi. Çünki o, yaxşı anlayırdı ki, müsbət ticarət saldosu olan ölkə "çörək verən" ölkədir. Eyni məntiqlə, Azərbaycan da Rusiya üçün "çörək verən" ölkədir. Ümumi ticarət dövriyyəsinin 80%-i Rusiyanın xeyrinə işləyir”.

Eldəniz Əmirov hesab edir ki, bu kimi təhdidlərin zamanla artmaması və risklərin minimumlaşdırılması üçün prosesə yanaşmada ciddi dəyişikliklərə ehtiyac var. Bu asan proses olmasa da, alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrinin icrası mümkündür. Onun fikrincə, bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə apara bilər. Onsuz da əsl inkişaf və tərəqqi məhz problem və çətinlikdən doğur və bundan qorxmaq lazım deyil.

Afaq,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR