Onlayn ictimai-siyasi qəzet
Son illərdə Azərbaycanda çap mediasının taleyi ətrafında gedən müzakirələr kəskinləşib. Bəzi mühitlərdə “qəzetlərin dövrü bitib”, “bütün resurslar yalnız yeni media yönünə sərf edilməlidir” kimi yanaşmalar yayılıb.
Musavat.com xəbər verir ki, “Səs” qəzetinin suallarını cavablandıran “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu hesab edir ki, bu yanaşma tələsik və natamamdır. Onun fikrincə, qəzetlərin zəifləməsi prosesi nə qədər dərin olsa da, çap medianın yenidən dirçəlməsi üçün həm imkan, həm potensial, həm də real model mövcuddur.
-Problemin qaynağı – çap media niyə zəifləyib?
Arifoğlunun sözlərinə görə, vəziyyətin səbəbləri illər ərzində sistemli şəkildə yığılıb:
Oxucu xəbəri daha tez, daha rahat və pulsuz şəkildə internetdən əldə edir. Qəzet isə çox hallarda təkrara çevrilib və fikir dərinliyi zəifləyib.
Köşk şəbəkəsinin dağılması, abunə sisteminin geriləməsi, regionlara çatdırılmanın çətinləşməsi tirajın azalmasına səbəb olub.
Qəzetlərin dizaynı, kağız keyfiyyəti, səhifə sayı və ümumi vizual görüntüsü müasir oxucunun gözləntilərinə cavab vermir.
Təcrübəli jurnalistlər daha yüksək qazanc və daha dinamik iş mühiti olan onlayn platformalara keçiblər. Qəzetlər redaksiya potensialını mərhələli şəkildə itirib.
Rauf Arifoğlu bildirir ki, bütün bunlar çap medianın zəifləməsinə gətirib çıxarsa da, qəzetlərin tam bağlanması Azərbaycan informasiya mühitinin intellektual dərinliyini zədələyər:
“Televiziya çıxanda kino sənayesini məhv etmədi, sosial media qlobal televiziya kanallarını sıradan çıxarmadı. Hər media forması öz təbii funksiyasını adaptasiya edərək davam edir. Qəzet də adaptasiya olunmalıdır, yoxa çıxmamalıdır.”
Rauf Arifoğlu çap medianın yenidən canlandırılması üçün konkret, mərhələli, ölçülə bilən proqram təklif edir:
1) Dövlət dəstəyi yeni mexanizmlə verilməlidir
2) Kontent yenidən qurulmalıdır
3) Çap və yayım infrastrukturu müasirləşdirilməlidir
4) Yeni abunə modeli işlənməlidir
5) Kadr potensialı bərpa edilməlidir
Qəzetlər ölməsin — yenidən doğulsun
Rauf Arifoğlunun fikrincə, bu gün Azərbaycan informasiya məkanının dərinləşməsi, cəmiyyətin intellektual müzakirə mədəniyyətinin qorunması, ictimai yaddaşın formalaşması üçün çap media lazımdır və qalmalıdır:
“Qəzetin bağlanması sadəcə bir media vahidinin yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib. O, sadəcə yenidən doğulmağa ehtiyac duyur”.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ