İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda 3 yaşlı uşağın faciəvi ölümü ilə bağlı müəmma- 16 yaşlı şəxs həbs edildi TƏFƏRRÜAT  

Cəlilabad rayonu, Uzuntəpə kəndində 3 yaşlı uşağın faciəli ölümünün təfərrüatı məlum olub. Uşağın ölümünə görə 16 yaşlı şəxs məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, ittihama görə 16 yaşlı Ülvi (yetkinlik yaşına çatmadığı üçün adı şərti qeyd edilib red.) həyətlərindəki traktoru hərəkətə gətirərkən ehtiyatsız davranaq 3 yaşlı Cahid Vahabovu vurub. Traktorun qoşqusunun uşağa dəyməsi nəticəsində o, ağır bədən xəsarətləri alıb. Cahid xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən Ülvi ittihamla özünü təqsirli bilməyib. Onun məhkəmədəki ifadəsinə görə Cahid traktorla vurulmayıb. Ülvi deyib ki, uşaq balkondan yıxılıb.

“Həmin gün Cahid bizim həyətdəki ağacın yanında oynayırdı. Sonra Cahidin evin pilləkənləri ilə yuxarıya qalxdığını gördüm. Yeznəmlə traktora əyləşdik. Traktoru hərəkətə gətirmək istəyəndə qardaşım Camal qışqırdı ki, uşağa nəsə oldu. Yeznəm Teymur və qardaşım traktorun arxasına qaçdı. Nə baş verdiyini anlamaq üçün pəncərədən arxaya baxdım. Cahidi traktordan 2-3 metr aralıda uzanıqlı vəziyyətdə gördüm. Səs-küyə atam Həbib də gəldi. Atam maşın gətirdi, uşağı xəstəxanaya apardılar”- deyə Ülvi ifadəsinə əlavə edib.

Onun sözlərinə görə, hadisə baş verməmişdən əvvəl və sonra da traktoru hərəkət etdirməyib.

Sürücülük vəsiqəsi olmasa da traktor idarə edən Ülvi bunu belə izah edib: “Sürücülük vəsiqəm yox idi. Amma sərbəst sürə bildiyim üçün 2 il idi idarə edirdim. Həmin gün də sahəyə, əkin yerinə gedəcəkdik”.

Ülvi məhkəmədəki ifadəsində bildirib ki, Cahid evin eyvanında oynayarkən ehtiyatsızlıqdan yerə yıxıla bilər: “Mən traktoru hərəkət etdirməmişəm. Eyvandan yıxılaraq yerdəki dəmirə dəyərək xəsarət alıb. Cahidin ailəsi ilə münasibətlərimiz həmişə yaxşı olub. Amma hadisədən sonra münasibətlər pisləşdi”.

Ülvinin məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadə arasında ziddiyyət olub. Belə ki, Ülvi ilkin ifadəsində qardaşının traktoru işə saldığını, özü isə traktora əyləşdiyini deyib. Həmin ifadəsində bildirib ki, traktoru 1 metr hərəkət etdirdikdən sonra Teymur qışqıraraq “uşağı vurdun” deyib.

“Traktordan düşəndə Cahidin başından xəsarət aldığını gördüm. Uşaq özündə idi və ağlayırdı. Traktoru hərəkət etdirəndə güzgülərdən sağa və sola baxmışdım. Ola bilər ki, Cahid traktora qoşulan ot bağlayanın arxasında olub və onu görməmişəm. Həmin vaxt düşündüm ki, uşağın başı traktorun qoşqusuna dəyib”- deyə Ülvi istintaqdakı ifadəsində bildirib.

İfadələrindəki ziddiyyətləri izah etməyə çalışan Ülvi bildirib ki, istintaqda da məhkəmədə danışdığı kimi danışıb. Lakin ona inanmayıblar və təzyiq ediblər. Ülvinin sözlərinə görə onu qorxudaraq kompüterdə yazılmış ifadəyə imza çəkdiriblər.

Mərhumun hüquqi varisi, anası Firuzə Vahabova məhkəmədə dindirilən zaman qeyd edib ki, hadisədən sonra yaranan səs-küyə həyətə çıxıb:

“Mənə birinci dedilər ki, Cahid eyvandan konfet götürmək istəyəndə yıxılıb. O zaman heç nə bilmirdim. Uşağı xəstəxanaya apardıq. Sonra vəfat etdiyini dedilər. Hadisədən sonra qayınatamla söhbət edən zaman mənə dedi ki, Ülvi traktoru hərəkət etdirəndə Cahidi vurub. Buna görə də ondan şikayətçiyəm. Ağır cəza verilməsini tələb edirəm”.

Mərhumun atası Cavad Vahabov ifadəsində maraqlı məqama toxunub. Onun sözlərinə görə Ülvi hadisəni inkar etsə də onun qardaşı Camal bilmədən bunu etiraf edib: “Mən Bakıda idim. Yoldaşım zəng elədi ki, Cahid vəfat edib. Təcili kəndə gəldim. Artıq Cahidin cənazəsini gətirmişdilər. Ülvinin atası ilə xalaoğluyuq. Mənə dedilər ki, xalan uşaqlarını tutublar. Mən desəm, onları buraxacaqlarını söylədilər. Mən də polisə getdim. Hadisənin necə baş verdiyini bilmirdik. Həmin gün Ülvini buraxdılar. Evə gələndə Ülvinin qardaşı Camal məni qucaqlayaraq “Allah haqqı, Quran haqqı bilmədik” dedi. Bu vaxt Camalın xalası onun ağzını əli ilə tutub “uşaqdır, nə danışdığını bilmir” dedi. Sonra prokurorluğa, polisə gedəndə hadisənin necə baş verdiyini öyrəndik”.

Məhkəmədə ekspert də əlavə şahid kimi dindirilib. Ekspert bildirib ki, meyitdə kürək, sinə, qarın, çiyin nahiyyələrində xəsarətlər müəyyən edilib. Onun sözlərinə görə, mərhumun bu xəsarətləri hündürlükdə yıxılaraq alması az inandırıcıdır.

İstintaq müəyyən edib ki, uşaq traktorun qoşqusunun atlında qalaraq xəsarətlər alıb.

Məhkəmədə təqsirləndirilən Ülvinin qanuni nümayəndəsi olan atası və qardaşı onun xeyrinə ifadə verərək bildiriblər ki, Cahid hündürlükdən yıxılaraq xəsarət alıb.

Məhkəmə ekspert rəyini, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsini mötəbər sübut kimi qiymətləndirib. Ülvinin sonradan ifadəsini dəyişməsi isə özünümüdafiə kimi şərh edilib.

Hökmə əsasən Ülvi 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib. Məhkəmə zalında həbs edilən Ülvi cəzasını Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar müəssisəsində çəkəcək.

 

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR