İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir müəllimdən etiraz: “MİQ-də 84 bal topladım, yerimi başqasına verdilər"

Müəllimlərin işə qəbuli (MİQ) imtahanında region üzrə ən yüksək nəticə göstərən gənc tarix müəllimi işlə təmin olunmayıb. Söhbət Qərbi Kaspi Universitetinin 2018-2022-ci illər məzunu Kərimov Orxan Vaqif oğlundan gedir.

Musavat.com-a danışan şikayətçi qeyd edib ki, imtahanda 84 bal toplayaraq Quba-Xaçmaz regionunda yüksək nəticə göstərib (yalnız bir nəfər sonradan Xaçmaza 86 balla yerdəyişmə edib). Lakin bu bal belə onun daimi işlə təmin olunmasına kifayət etməyib.

Şikayətçi bildirir ki, buna səbəb Quba-Xaçmaz Regional Təhsil İdarəsinin anlaşılmaz qərarları olub: “Xaçmaza yaxın kəndlərdə və Xaçmaz şəhərinin özündə tarix müəllimliyi üzrə boş yerlər var idi, amma bu yerlər vakansiyaya çıxarılmadı. Müraciətimə cavab olaraq deyildi ki, 7 və 8 nömrəli məktəblər lisey ediləcək və həmin məktəblərdəki boş yerlər həmin məktəblərin müəllimləri üçün “bron” edilib. Sual edirəm: Niyə məhz Xaçmaza yaxın və şəhərin özündəki məktəblər bu müəllimlər üçün ayrılır, amma MİQ-də yüksək nəticə göstərmiş gənc müəllimlərə yalnız uzaq kəndlərdə az saatlıq yerlər verilir? Niyə bəzi müəllimlər MİQ imtahanı vermədən yüksək saatlı, əlverişli məktəblərdə daimiləşdirilir? Bu il eyni hal Siyəzən rayonunda da təkrarlanıb”.

Orxan Kərimov iddia edir ki, liseyə çevrilən məktəblərə müəllim qəbulu da qeyri-şəffaf aparılıb: “Qeydiyyatdan keçmiş, tələblərə cavab verən bir çox müəllim müsahibəyə belə çağırılmayıb. Əvəzində, yalnız istədikləri şəxsləri işə götürüblər. Bu, açıq şəkildə təhsilə və gənc kadrların inkişafına qarşı ədalətsiz yanaşmadır”.

Məsələ ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, 6 avqust tarixindən müəllimlərin işə qəbulu üzrə ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biliblər. Müsabiqədə iştirak üçün ümumtəhsil proqramı üzrə minimum 34 bal və metodika üzrə 6 bal olmaqla, ümumilikdə 40 bal keçid şərtidir. Keçid balını toplamış müəllimlər 8 vakant yer seçə bilirlər. Yerləşdirmə prosesində namizədlərin göstərdikləri seçim ardıcıllığı nəzərə alınır.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə MİQ üzrə vakant yerlərin gizlədilməsi ilə bağlı narazılıqlar geniş müzakirə olunur.

 

Afaq Mirayiq,
Musavat.com

c3024a4a-2cbd-4d13-a751-976844b8e567.jpeg (170 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR