Onlayn ictimai-siyasi qəzet
“Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə qarşı-qarşıyadır”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Avropa Parlamentində çıxış edərək danışıb.
O, bu təhdidlərə Rusiya-Ukrayna müharibəsini, miqrasiya böhranını, Yaxın Şərqdəki gərginliyi, ticarət problemlərini və terrorizmi daxil edib.
Frederiksen çıxışında bildirib ki, Avropanın gələcəyi təhlükəsiz, yaşıl və rəqabətqabiliyyətli bir qitə kimi qurulmalıdır və bu yalnız Avropa dəyərlərinə sadiqliklə mümkündür. Danimarkanın Şuradakı sədrliyi dövründə əsas diqqət “təhlükəsiz Avropa” və “rəqabətcil, yaşıl Avropa” ideyalarına yönələcək.
Onun fikrincə, son 30 ildə müdafiə xərclərinin azaldılması böyük səhv olub və bu təkrarlanmamalıdır. Rusiya tərəfindən aparılan silahlanma siyasəti səbəbilə növbəti 2–5 ildə Avropa və NATO üçün ciddi hərbi təhlükənin yarana biləcəyini bildirib. Rusiya ilə yanaşı Şimali Koreya, İran və Çin də dolayısı ilə bu təhdidə töhfə verir.
Frederiksen Avropanın 2030-cu ilə qədər özünü müdafiə edə biləcək vəziyyətə gəlməsinin zəruri olduğunu bildirib və bu məsələdə Ukraynadan dərs almağı tövsiyə edib. Ukraynanın inkişaf etdirdiyi müdafiə sənayesinin “təəccüblü” olduğunu vurğulayıb.
Baş nazir Avropanın Ukraynaya hərtərəfli və davamlı dəstək verməyə davam etməli olduğunu söyləyib: “Bizim verdiyimiz yardımlar nə hədiyyədir, nə də xeyriyyəçilikdir. Bu yardımlar Avropanın, həyatımızın və azadlığımızın birbaşa müdafiəsidir”.
Frederiksen həmçinin Rusiyaya qarşı “ən sərt sanksiyaların” tətbiqinə çağırıb və Aİ-nin genişlənməsini – Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin ittifaqa daxil olmasını dəstəklədiyini bəyan edib.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ