Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kahramanmaraş vilayətində 44 yaşlı Atilla Ayıntaplı barəsində “keçmiş həyat yoldaşına qarşı qəsdən adam öldürmə” və “silahla hədələmə” maddələri ilə cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, o, 4 ay əvvəl boşandığı tibb işçisi Eser Karacanı işlədiyi özəl xəstəxanada odlu silahla qətlə yetirməkdə ittiham olunur.
Hadisə 21 may 2025-ci ildə Yamaçtəpə məhəlləsində yerləşən özəl xəstəxanada baş verib. İddiaya görə, Atilla Ayıntaplı çantasında gizlətdiyi pompalı ov tüfəngi ilə keçmiş həyat yoldaşının iş otağına daxil olub. Onların arasında naməlum səbəbdən mübahisə düşüb. Bu zaman otağa Eser Karacanın həmkarı Ç.A. daxil olub. Ayıntaplı Ç.A.-dan otağı tərk etməsini tələb etsə də, rədd cavabı alıb və “ikinizi də öldürəcəyəm” deyərək silahı çıxarıb.
Karaca və Ç.A. otaqdan qaçmağa çalışıblar. Ayıntaplı isə onların arxasınca gedərək pilləkəndə keçmiş həyat yoldaşını yaxalayıb və üç dəfə atəş açıb. Ağır yaralanan Eser Karaca həkimlərin səylərinə baxmayaraq, elə işlədiyi xəstəxanada həyatını itirib.
Cinayət anı xəstəxananın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Görüntülərdə Ayıntaplı çantada gizlətdiyi tüfənglə otağa daxil olur, qadınların qaçdığı, ardınca isə atəş açdığı anlar əks olunur.
Prokurorluq tərəfindən hazırlanan ittihamnamədə Ayıntaplıya “keçmiş arvadını qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs, həmçinin Ç.A.-nı hədələdiyinə görə 7 ilə qədər həbs cəzası tələb olunub. İttihamnamə Kahramanmaraş 5-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Hazırda həbsdə olan Atilla Ayıntaplı yaxın günlərdə hakim qarşısına çıxacaq.
Musavat.com
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ