İnsanlara hürriyət, millətlərə istiqlal!

Distant təhsillə bağlı yenilik: 16 il gecikmiş qərar

Onlayn təhsilə dair qəbul edilən standartların tətbiqi reallığa nə vaxt çevriləcək? - ekspertlərin fərqli izahı

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkədə distant təhsilin təşkili ilə bağlı mühüm addım ataraq AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” adlı yeni dövlət standartını qəbul edib.

Bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə etməklə, beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına xidmət edir. Məqsəd - yeni texnologiyaların imkanlarından istifadə edərək təhsildə çevikliyi və əlçatanlığı artırmaq, ölkə vətəndaşları üçün dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almağa şərait yaratmaqdır. Standart “Uyğunluğun qiymətləndirilməsi” üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunaraq təsdiq edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Lakin bu addım cəmiyyətdə müxtəlif suallar doğurub: niyə bu qədər gecikdi və onun tətbiqi reallığa nə vaxt çevriləcək?

Osman Gündüz: “İnternetin, sosial şəbəkənin açıq olması o demək deyil ki,  kim nə istəsə, edə bilər Pravda.az

Osman Gündüz

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz distant təhsil müəmması deyə fikrini izah etməyə çalışıb: “30 ildir bu sektordayam. Sektorda elə problemlər, elə məsələlər olub ki, həm qısa müddət, həm də  uzun illər həlli mümkün olmayıb. Amma bunların çoxunun səbəbləri bəlli olub. Məsələn, 2000-ci illərin əvvəli o zamankı rabitə naziri bir əmr imzalayaraq internetə senzura tətbiq etmişdi. Biz 2 il məhkəmələrdə onunla vuruşduq. Nəhayətdə 3 ildən sonra həmin əmr ləğv edildi.

20-30 il texnoloji ixtisaslara qəbul olmaq istəyənlər, 10 il informatika fənni mənimsəməyinə baxmayaraq informatika əvəzinə kimyadan qəbul  imtahanı verib. Məhz bu amil ölkədə rəqəmsal transformasiyanı xeyli ləngidən amillərdən olub. Nəhayət, uzun illər aparılan mübarizədən sonra,  2 il öncə bu problem də həllini tapıb.

Amma tam səmimi deyim, 20 ildir hökumətin distant təhsil  formasına qoyduğu qadağanın mahiyyəti şəxsən bizə məlum deyil. Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var.

Nə üçün irəli getmək istəyən, bura investisiya yatıran, imkanı olan universitetləri arxadan zorla tutub saxlayırlar, anlamaq çox çətindir. Amma qonşu ölkələrin, dünyanın universitetləri bu təhsil formasını tanıyır, xidmət verir və bundan da milyonlar qazanır və inkişaf edirlər, rəqabətə də davamlı olurlar. Amma bizim hökumət distant təhsil forması ilə diplom alanların diplomlarını tanımaqdan imtina edir. İndi də baxıram ki, hökumət handan-hana, nəhayət ki,  “distant təhsil standartı” qəbul edib. Ümid edirəm bu təhsil forması ilə qəbul elanı vermək də uzun çəkməz".

Yeniliklərə vaxtında reaksiya verilməyəndə-Dosent İlham Əhmədov »  Aztehsil.com

Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu gün dünyada çox az təhsil sistemi tapılar ki, onun distant təhsili yoxdur: “Həmin bu azların içində bizim təhsil sistemi də var. Bütün inkişaf etmiş, inkişafda olan, hətta 3-cü qrup bəzi ölkələrdə də distant təhsil sistemi var.  Məsələn, Monqolustan, Cibuti və digər ölkələrdə 10 ildir ki, distant təhsil sistemi var. Bəs bizdə niyə yoxdur? Əgər distant təhsil sistemi pisdirsə, niyə 200 min vətəndaşımızın qısa müddətli onlayn peşə təlimi kursları keçməsi üçün ”COURSERA" şirkətinə bu il 10 milyonlarla dollar vəsait ödəniləcək?

Yox, distant təhsil sistemi yaxşıdırsa, bizdə niyə yoxdur? Əgər problem maliyyədədirsə, onda  “COURSERA”ya yönəldilən pulu ölkədə distant təhsilin yaradılmasına və inkişafına yönəltmək olardı. Axı, biz “COURSERA”ya hər il bu qədər pul ödəyə bilmərik, olmazdımı bunu özümüzdə yaradaq? Distant təhsilin qarşısı niyə alınıb? Ya son 25 ildə bizdə təhsil naziri vəzifəsində olanlar distant təhsil sisteminin böyük imkanlarından xəbərsiz olublar, ya da bundan xəbərləri olub, amma  buna mane olublar. Reallıq isə ortadadır. Ölkədə hələ də distant təhsil yoxdur. 20 ildir bu sualı nazirliyə yollayırıq, amma  heç bir izah verən də yoxdur. İndi standart yarandı. Maraqlıdır, bu sənədi ETN yoxsa, Azərbaycan Standartlaşdırma İnstitutu hazırlayıb?

Ölkədə distant təhsilin inkişafı ilə bağlı gözləntilər  təəssüf ki, uzun müddət reallaşmadı. 2009-cu ildə qəbul edilən “AR Təhsil Haqqında Qanun”da  distant təhsilin təhsil forması kimi (əslində bu təhsil texnologiyasıdır) qeyd edilməsi  müəyyən ümidlər yaratsa da, bunun reallaşması hələ də ləngiyir. Hətta pandemiyadan da ibrət dərsi alınmadı. 

Nəhayət ki, 16 ildən sonra  distant təhsil xidməti üzrə dövlət standartı qəbul  edilib. Bu və digər normativ  sənədləri elə 2009-cu ildə hazırlamaq və təsdiq etmək mümkün idi.  16 il gecikən və nə vaxtsa tətbiq ediləcəyi məlum olmayan bu sənəd sosial şəbəkələrdə ajiotaj yaradıb.

Bu standartın təsdiq edilməsi, hələ distant təhsilin tezliklə tətbiq ediləcəyinin və ya  buna tam hazır olmağımızın göstəricisi deyil. Yəqin ki, bu distant təhsilə dair növbəti uzunmüddətli durğunluğun yeni  mərhələsinin başlanmasını göstərir (ola bilsin yenə də16 il). Bir tərəfdən rəqəmsal transformasiyadan, süni intellektin inkişaf strategiyasından danışırıq, digər tərəfdən rəqəmsal təhsil texnologiyalarının təhsil sistemində tətbiqini bloklayırıq.  

Biz hələ 2005-ci ildə layihə eksperti qismində Dünya Bankı və TN birgə layihəsi çərivəsində “Azərbaycanda distant təhsilin yaradılması və inkişafı strategiyası” sənədini hazırlayıb nazirliyə təqdim etmişik. Təəssüf ki, təhsil nazirliyi bu aktual strategiyanı reallaşdırmadı".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR