Onlayn ictimai-siyasi qəzet
1992-1996-cı il tarixlərində hərbi xidmət keçmiş istefada olan polkovnik-leytenant Qurbanlı Alı Cəfər oğlu qeyd edilən tarixlərdəki müddətin ikiqat ölçüdə hesablanaraq sığorta stajınıza daxil edilməsinə nail ola bilmir.
Musavat.com xəbər verir ki, illərdir məhkəmələrə üz tutan Alı Qurbanlı döyüşlərdə iştirak etməsi ilə bağlı Müdafiə Nazirliyindən aldığı arayışı Dövlət Sosial Müdafiə Fonduna təqdim edib. Lakin Fond bu arayışı qəbul etmir.
Alı Qurbanlının sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, istefada olan polkovnik-leytenant 04.09.1992-ci il tarixdən 24.08.1995-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.
Bildirilib ki, Alı Qurbanlı 04.09.1992-ci il tarixdən 07.04.1995-ci il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edib.
Vətəndaş döyüşən ordunun tərkibində iştirakı ilə bağlı təqdim etdiyi arayışı nəzərə almaqla sığorta stajına uyğun pensiyanın yenidən hesablanmasını istəyir.
Dövlət Sosial Müdafiə Fondundan Musavat.com-un vətəndaşın müraciəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş döyüşən hərbi hissənin tərkibində xidmət etməyib.
Müdafiə Nazirliyi “hə” deyir, Fond isə “yox” deyir.
Dövlət Sosial Müdafiə Fondunun cavabını olduğu kimi təqdim edirik:
“Qurbanlı Alı Cəfər oğluna 2019-cu ilin mayın 25-dən yaşa görə əmək pensiyası təyin olunub. Hazırda ödənişi 393,33 manat məbləğində olmaqla davam etdirilir.
Vətəndaşın əmək fəaliyyəti dövrləri, o cümlədən 1992-ci ilin avqustun 20-dən 1996-cı ilin fevralın 19-dək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 2006-cı ilə kimi faktiki sığorta stajı 20 il 4 ay 4 gün olduğu halda, qanunvericiliyin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınıb.
Qanununvericiliyə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ikiqat ölçüdə sığorta stajına əlavə edilir.
Müdafiə Nazirliyinin 25.09.2024-cü il tarixli məktubunda döyüşən ordunun tərkibində və ya özünümüdafiə dəstələrində və birləşmələrində vətəndaşın iştirakı haqqında hər hansı qeyd yoxdur. Bu səbəbdən 20.08.1992-ci ildən 12.05.1994-cü ilədək olan dövrün ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi mümkün hesab olunmur”.
İlkin Muradov,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ