Onlayn ictimai-siyasi qəzet
Ölkəmiz dünyanın ən mürəkkəb coğrafi məkanlarından birində, qonşularına orta əsrlər dövrünün imperiyalarının yeritdiyi siyasətlə yanaşan ölkələrin əhatəsində yerləşir.
Lüksemburq olub Almaniya və Fransanın arasında, yaxud Lixtenşteyn kimi İsveçrə, Almaniya, Avstriya və İtaliyanın sərhədlərin qovşağında yerləşərək mövcud olmaq, baş çıxarmaq, ordusuz, silahsız yaşamaq asandır.
Bu regiondakı böyük dövlətlərin arasında müstəqilliyini, mövcudluğunu qorumaq isə çətindir.
Yuxarıda adı çəkilən knyazlıqların əhalisinin yüksək rifah içində olmasının əsas səbəblərindən biri də müdafiə xərclərinə böyük maddi vəsait ayırmamasıdırş Onlar qonşularından təhdid görmədiyi üçün bütün vəsaitlərini iqtisadiyyata, sosial həyata ayırırlar və müsbət nəticələr əldə edirlər.
Bu regiondakı ölkələrin elə bir lüksü yoxdur. Onlar silahsız və ordusuz olsalar, böyük dövlətlər o tərəfə dursun, kiçiklərin yemi olarlar. 1988-93-cü illər arasında yeni-yeni ordu formalaşdırmağa başladığımız vaxt əliyalın olmağın acısını 30 il çəkdik. Ermənistan kimi boyu paçamıza qədər olan ölkə ərazimizin 20 faizini işğal etmişdi.
Biz üç kiçik Qafqaz dövləti (Azərbaycan, Gürcüstan və Ermənistan) üç böyük dövlətin (Rusiya, Türkiyə və İran) arasındayıq və vaxtaşırı olaraq onların təsirinə məruz qalırıq. Bu dövlətlərdən ikisinin (Rusiya və İran) neoimperiya ambisiyaları qabarıqdır və bütün Qafqaza iştahla baxırlar.
Türkiyə də Qafqaz ölkələrinə, necə deyərlər, biganə deyil, amma onun siyasəti zora söykənmir, Ankara bölgəyə Çin kimi, iqtisadi layihələrlə, investisiya ilə yerləşmək fikrindədir.
Biz əhatəmizdəki hər üç böyük dövlətlə mehriban qonşuluq münasibəti saxlamaq istəyirik. Arzumuz odur ki, üçü də müstəqil dövlət kimi mövcudluq haqqımızı tanısınlar, daxili işlərimizə qarışmasınlar, ölkəmizin daxilini qarışdırmaq üçün 5-ci kolon saxlayıb maliyyələşdirməsinlər, özlərinə sərfəli hakimiyyət formalaşdırmağa cəhd göstərməsinlər, sözsüz itaət tələb etməsinlər və sair və ilaxır.
Ancaq bütün bunlara asanlıqla nail olmaq mümkün deyil. Böyük ölkələrin bizdən umacaqları çoxdur, hətta xarici siyasətimizi xroniki şəkildə onlarınkı ilə uzlaşdırmağı istəyirlər.
Məsələn, Rusiya Ukrayna ilə savaşır, Qərblə düşmənçlik aparır və istəyir ki, daima onun yanında olaq.
İran ABŞ və İsraillə müharibə aparır, ölkəmizin neytrallığını bəyənmir, tez-tez xarici siyasətimizdən narazılıq ifadə edir.
Türkiyə istəyir ki, Qəzza münaqişəsi ilə bağlı olaraq İsraillə normal münasibətlərimizi pozaq.
Qərb ölkələri istəyir ki, Rusiyaya qarşı açılmış cəbhənin səngərlərindən birinə də biz girək.
Biz isə neytral olmaq, onilliklər boyunca bir-birilə çəkişən, intriqa aparan dövlətlərin arasında qalmaq istəmirik.
Çünki tarixi təcrübə göstərir ki, böyük dövlətlər bir-birilə ölüm-dirim savaşına çıxanda məğlub olsalar da, qalib gəlsələr də, pis-yaxşı mövcudluqlarını saxlayırlar, kiçik dövlətlər isə bəzən sıradan çıxır, əyalətə çevrilirlər.
Bu baxımdan şər zolaqlarında yerləşən kiçik ölkələr böyük dövlətlərin nazıyla oynamağa, onların silsilə kaprizlərinə, mızıldanmalarına dözməyə məcburdurlar.
Dünən İran prezidenti Məsud Pezeşkianın Azərbaycanın dövlət başçısı İlham Əliyevlə apardığı telefon danışığından sonra qonşu ölkənin mediasında belə bir xəbər yayılıb ki, guya Pezeşkian Əliyevə İsrail dronlarının Azərbaycan ərazisindən qalxması barədə sual verib.
Bu söhbətin reallıq ehtimalı azdır. Çünki birincisi, Pezeşkian həm mədəni adam təsiri bağışlayır, həm də ölkəsində olub-bitənlərlə bağlı informasiyalı olduğundan belə bir absurd iddianı ciddiyə almazdı.
İkincisi isə bunun şərləmə, “su bulandırması” olduğu açıq-aşkardır və düşmən iftirasıdır.
Dron küləyin yuvarladığı kətyan kolu deyil ki, səssiz-səmirsiz dərə aşağı dığırlanıb gedə, heç kəs də fərq etməyə. Adi sellofan torba havaya qalxanda yarım kilometr radiusunda hamı görür. Bəs necə ola bilər ki, bir ölkənin ərazisindən havaya dron qalxa və bunun şəkli, videosu olmaya. Mümkün deyil.
Bu, təbii ki, ermənilərin və İranda Azərbaycanı xor görən məkrli dairələrin ortaya atdığı söhbətdir və əsası yoxdur. İran və Ermənistan mediasının bu cür gülünc iddialara yer verməsi, onun üzərində, guya ki, siyasət piarı qurması əlacsızlığın göstəricisidir.
Ancaq orası da var ki, belə “ilişmələr” xroniki olanda, bu, xoşagəlməz səciyyə alır və “həmişə narazı” dövlətə qarşı ictimai rəy formalaşdırır.
Sonra da bəzi dairələr deyirlər ki, bizi Azərbaycanda sevmirlər. Ona görə sevmirlər ki, əl çəkmirsiniz, eyzən qüsur axtarır, irad bildirir, təhdid edir, xor görürsünüz və bu da bumeranq kimi özünüzə qayıdır.
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ