İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ÇALXALANIR - Yeni müharibənin anonsu verildi: yaxın aylarda...

Bazar günü husilərin İsrailin Ben Qurion hava limanını hipersəs raketi ilə vurması ciddi narahatlığa səbəb olub. Baş nazir Benyamin Netanyahu İsrail üçün həyati əhəmiyyətə malik hava limanının vurulması və 6 nəfərin yaralanmasına görə husiləri qisas əməliyyatı ilə hədələyib. İsrail mediası Netanyahunun bu hücumun arxasında İranın dayanmasından şübhələndiyini yazır.

QURİON.jpg (66 KB)

Qeyd edək ki, husilərin atdığı raket hava limanı ərazisinə düşüb və nəticədə limanın fəaliyyəti axsayıb, bir neçə beynəlxalq hava yolu şirkəti İsrailə uçuşları dayandırıb.

Hadisənin dramatik tərəfi odur ki, husilərin atdığı raketi İsrailin ultramüasir “Arrow-2” və “Arrow-3” hava hücumundan müdafiə sistemləri, o cümlədən, ABŞ-ın THAAD raketdən müdafiə sistemləri zərərsizləşdirə bilməyib. İsrail mediasına görə, hökumət husilərin atdığı raketin İrana məxsus “Şahab-3” raketinin yenilənmiş versiyası ola bilər. Netanyahunun fikrincə, Tehran bununla İsrailin İranın nüvə mərkəzlərini vurmaq cəhdinə görə xəbərdarlıq göndərmiş olur.

BENYAMİN.jpg (55 KB)

Dünənki husi hücumları eyni vaxtlarda ABŞ aviasiyası Yəmənin əl-Cəhf vilayətini, Ras İsa limanında neftayırma zavodu və Hudeyda vilayətindəki Kamran adasını bombalayıb. Yəmən hökuməti isə buna cavab olaraq ABŞ-a neft daşıyan şirkətlərə məxsus neft tankerlərinin Qırmızı dəniz, Ədən körfəzi və Ərəb dənizində hərəkətinə icazə verməyəcəyini bəyan edib. Bu, faktiki olaraq ABŞ-a qarşı neft embarqosu tətbiq etməkdir.

Son bir ildə baş verənlər göstərir ki, Yəmənin husi hökuməti müasir raket qurğularına sahibdir. Məhz bunun sayəsində mart ayından bu yana Yəməni bombalayan ABŞ ordusuna məxsus 7 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatını vurub. Hansı ki, bu PUA-lar öz sinfinin ən güclüləri sırasındadır və hər birinin qiyməti 30 milyon dollar hesab olunur. Bundan başqa, Yəmən əməliyyatı zaman ötən ilin dekabrında bir ədəd F-18 bombardmançı təyyarəsi “dost atəşi” nəticəsində vurulub, ötən ay isə daha bir F-18 təyyarəsi “Harry Truman” təyyarədaşıyan gəmisinin manevrləri zamanı dənizə düşərək batıb.

BOMBA.jpg (44 KB)

Məsələ ondadır ki, martın 15-dən bu yana Yəmən ərazisini davamlı olaraq bombalayan ABŞ aviasiyası hələlik husiləri dayandıra bilməyib. Əksinə, Yəmən ordusu vaxtaşırı olaraq ABŞ gəmiləri və təyyarələrini hədəfə alır, İsrailə raket atmağa davam edir. Husilərin İran tərəfindən silahlandırıldığı və Çinin dəstəklədiyi barədə Qərb mediasında iddialar olsa da, hər iki tərəf bu iddiaları qəbul etmir. Üstəlik, bununla bağlı sübutlar da yoxdur.

Yəməndəki proseslər göstərir ki, hava zərbələri ilə husiləri dayandırmaq mümkün olmayacaq. Martın 15-dən bu yana ABŞ aviasiyası və hərbi dəniz qüvvələri husi mövqelərinə 1200-dən çox zərbə endirib. Ancaq bu zərbələr faktiki olaraq müharibəyə təsir etməyib. Əksinə, müasir silahlara malik husilərin Qırmızı dəniz, Ədən körfəzi kimi dünya neft və ticarət yüklərinin mühüm bir hissəsinin daşındığı ərazini bloklaması riski yüksəkdir.

Husiləri dayandırmaq üçün ABŞ-ın yeganə yolu quru əməliyyatıdır. Lakin aydındır ki, Yəmən dağlarında artıq bir neçə onillikdir ki, müharibə aparan husilərə qarşı ABŞ-ın quru əməliyyatı keçirməsi ehtimalı azdır. Belə bir əməliyyat bir neçə il vaxt aparar və nəticəsiz qala bilər. ABŞ əsgərlərinin Yəmən dağlarında husilərlə döyüşü illərlə vaxt apara bilər.

Bu səbəbdən də ABŞ və müttəfiqləri husilərə qarşı yerli müxalifləri, o cümlədən, Səudiyyə Ərəbistanındakı mühacir Yəmən hökuməti və BƏƏ-nin təsiri altında olan “Cənubi Yəmən” separatçılarını - hansılar ki, Cənubi Yəməni yenidən müstəqil dövlət olaraq ayırmağa çalışırlar – husilərlə döyüşə cəlb etməlidir. Əslində bu məsələdə bir neçə ərəb ölkəsi ilə ABŞ və İsrailin maraqları üst-üstə düşür. Lakin indi problem ondadır ki, husilərin ABŞ və İsraillə müharibə səbəbi Qəzzada baş verən İsrail blokadasıdır. Və indiki halda hansısa ərəb ölkəsinin husilərə qarşı koalisiyaya daxil olması həm də Fələstin məsələsinə xəyanət kimi qəbul olunacağından bir sıra ölkələr açıq şəkildə bu əməliyyata dəstək vermək istəmir. Halbuki husilərlə daha əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ və digər region ölkələri arasında uzun-uzadı müharibələr olub. Ancaq indi situasiya daha fərqlidir. Bu səbəbdən də husilərə qarşı quru əməliyyatı hələdə yubanır.

HUSİ.jpeg (94 KB)

Ötən ay ABŞ və müttəfiqlərinin husilərə qarşı quru əməliyyatı üçün yerli müxalif təşkilatlarla danışıqlar apardığı haqda xəbərlər yayılıb. Ehtimal olunur ki, cənub separatçıları husilərə qarşı quru əməliyyatına başlaya bilər. Misir hakimiyyəti də artıq Süveyş kanalından əldə olunan gəlirlərin yarıbayarı azalmasından narahatlığını bildirib. Güman ki, yaxın aylarda husilərə qarşı quru müharibəsi başlayacaq. Hələliksə ABŞ və İsrailin Yəmən dağlılarına qarşı hava hücumları nəticəsiz qalır.

Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR