Onlayn ictimai-siyasi qəzet
Dünənki yazımda Kooperasiya Universitetimizin (bunun qısaltması bizə ilk növbədə “Kin-dza-dza” sovet filmini xatırladır, orda Plyuk planetinin sakinləri çatlanlar danışarkən əsasən “ku!” deyirdilər) dünya reytinqində zirvələrə yüksəlməsindən bəhs etmişdim, bunu sübut edən növbəti fakt ortaya çıxmışdır. Bakı Ağır Cinayət məhkəməsində bir dələduz riyaziyyat müəlliminin cinayət işinə baxılır. Bu yoldaş müxtəlif şəxsləri aldadaraq pul alıb, kimini işə düzəldəcəkmiş, kiminin də uşağını universitetlərə soxacaqmış. Eyni anda həm Əmək Nazirliyinin, həm DİM-in səlahiyyətlərini mənimsəyibdir.
Sitat: “Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin qahımından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə qəbul etdirəcəyi haqda yalan vəd verdiyi şəxsdən 25000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyi gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı orta məktəbdən Sumqayıtdakı orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi düzəldəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, arvadını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib”. Sitatın sonu.
Görün nə qədər rəngarəng cəmiyyətimiz vardır... Mən bu uzun sitatı elə həmin xoşbəxtliyimizi təsvir etmək üçün verdim. Camaat həkimlikdən müəllimliyə, ali təhsilə qədər cürbəcür işlərə düzgün yolla nail olmağa inanmır. Məncə, qiymətlər də yetərincə “uyğun” imiş, dələduzumuz ölçü-biçi hissini itirməyibmiş. Diş həkimliyi oxumaq 75 min, orta məktəbə müəllim 10 min... Narxozda kompüterçilik 40 min, Kaprativdə ekonomika 25 min...
Bədən tərbiyəsinə hətta 8 minə “düzəldirmiş”. Çox ucuzluq olmamışdır. Bu, bizdə idman müəllimlərinə, onların orta və ali təhsil sistemimizdə yerinə verilən qiymətin əlamətidir. Açıq yazsaq, bu qiymət sıfıra yaxındır. Halbuki, idman müəllimi məktəbdə ən hörmətli, ən nüfuzlu müəllimlərdən biri olmalıydı.
Ümumiyyətlə, təhsil sistemimizdə çox şeylər düz getmir. Elə götürək humanitar istiqaməti. Ədəbiyyat dərsinin çox dırnaqarası keçildiyindən bu il hətta deputatlar şikayət elədilər. Nə müəllim ədəbiyyat, bədii kitab oxuyur, nə şagirdlər. Kimsə uşaqlara roman oxuyub esse, inşa yazmaq tapşırığı verirmi? Çətin. Biz belə şeyləri ancaq Hollivud filmlərində, ya da yuxumuzda görə bilərik. Uşaqların başı bambılı testlər üzrə hazırlaşıb ali məktəbə girmək kimi ucuz, mənasız yarışmaya elə qarışıb ki, ədəbiyyat oxumağa vaxtları qalmır. Yay tətili dövründə şagirdlərə “Bu kitabları oxuyun, sentyabrda danışarıq” tapşırığı, ədəbiyyat siyahısı verən neçə müəllim tanıyırsınız? Ədəbiyyatdan uzaq ədəbsiz nəsil yetişir.
Orta məktəblərin kitabxana fondu yalnız fonunda müəllimlərin “vinetka” şəkilləri çəkdirməsi üçündür. Bunun şahidi olmuşam. Bir qahımın övladı məktəb kitabxanasından kitab götürüb oxumaq istəmişdi, kitabxanaçı icazə verməmişdi. Maraq üçün kitabxanaya getdim, dəqiqləşdirdim. Həqiqət idi. Kitabxanaçı hətta şəxsiyyəti təsdiqləyən sənəd qoymaq şərtiylə də uşaqlara kitab vermirdi. Kitablar eləcə saxta maket kimi şkaflarda tozlanırdı.
Təzəlikcə müəllimlərin sertifikasiya imtahanları olub. Maraqlıdır ki, ən yüksək 60 bala yaxın toplayanlar arasında coğrafiya, riyaziyyat, ingilis dili müəllimləri var, azərbaycan dili və ədəbiyyatı müəllimləri isə yoxdur. Həmin dil-ədəbiyyat müəllimləri şikayətlənir, ağlaşma qurur: “Niyə filoloqlar zülüm görür, bizim testlər daha qəliz hazırlanır?”
Məncə bu qəlizlik qəsdən edilmir. Sadəcə, ana dilimizi və ədəbiyyatımızı düzgün bilən yoxdur, ya da prinsiplər qarışıq düşüb. Biz artıq bu işin həm prinsipini, həm ipini qaçırtmışıq.
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ