İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana enən AZAL təyyarəsi və Xocalı hava limanı ilə bağlı arzusu qursağında qalanlar

12-13 il əvvəl Xocalı canisi Serj Sərkisyanın Ermənistan prezidenti olduğu zaman dediyi o sözlər yadınızdan çıxmayıb yəqin. Bir daha xatırlatmaqda fayda var: “Xocalı aeroportu mütləq istifadəyə veriləcək. Buna heç bir şübhə olmamalıdır. Mən İrəvan - Xocalı reysinin ilk sərnişini olacam”, demişdi həmin bu cani. Dediklərinin bir hissəsi tezliklə reallaşacaq, azad Xocalıdakı hava limanı da tezliklə yenidən qurulacaq və istifadəyə veriləcək! Amma Sərkisyanın İrəvan-Xocalı reysi ilə bağlı hikkəli arzusu onun gözlərində və qursağında qalacaq, o dünyada da!

Bilirsiniz, Sərkisyan mövzusunu niyə xatırlatdım? Oktyabrın 21-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı İrəvana endi, uzun fasilədən sonra! Əslində bu, İrəvandan Xocalıya uçmaq istəyən sərkisyanlar və ümumilikdə bütün revanşistlər, daşnaklar üçün soyuq duş effekti verən növbəti hadisə oldu. Çünki AZAL təyyarəsi ilə İrəvana səfər edən vətəndaş cəmiyyətinin təmsilçiləri erməni həmkarları ilə konstruktiv müzakirələr aparmaq üçün səfər etmişdilər. İrəvanda Ermənistan və Azərbaycan arasında etimad quruculuğu prosesi, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi uzun illər ərzində mövcud olmuş düşmənçiliyin aradan qaldırılması istiqamətində növbəti faydalı addımdır. Həm də Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi ikitərəfli formatda aparılan müzakirələrin effektivli olmasının daha bir sübutudur.

Azərbaycanlılar Ermənistanda: “İrəvanda gəzmək maraqlı idi” - FOTOLAR

Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu illərdə o qədər paytaxtlar araçılıq etməyə çalışdılar ki...Biriləri sadəcə status-kvonu qoruyub-saxlamağa, ilhaqa hüquqi don geyindirməyə çalışdılar, digərləri də əllərindən bir iş gəlməsə belə, kənara çəkilmək istəmədilər. Yekunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü və ikitərəfli format anlaşma üçün zəmin yaratdı. Əbu-Dabidəki ikili görüşdən sonra Vaşinqtonda, Prezident Trampın iştirakı və şahidliyi ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mühüm razılaşmalara qərar verdilər. 8 avqust görüşündən və razılaşmalarından, birgə bəyannamədən, sülh sənədinin paraflanmasından sonra xeyli məsafə qət olunub. Liderlər bir neçə tədbirdə görüşüb, razılaşmaları təsdiqləyiblər, tapşırıqlara uyğun olaraq xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan görüşüb.

Həmçinin bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü oldu. Ardınca bir qrup QHT təmsilçisinin, ekspertin İrəvana səfər etməsi cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayış və qarşılıqlı addımlar istiqamətində müzakirələrin aparılması olduqca vacib proses olmaqla yanaşı, Vaşinqton görüşündə start verilmiş sülh prosesinin tərkib hissəsidir. Proses yol xəritəsinə uyğun şəkildə aparılır. Ermənistanda baş tutan müzakirələr Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi və ümumilikdə etimad quruculuğu tədbirlərinin davam etdirilməsi deməkdir. Faktiki olaraq neçə illərdir ki, Bakı və İrəvan arasında vasitəçilik etmək istəyənlər oyundankənar vəziyyətdə saxlanılıb. Söhbət təkcə mənasız sərgüzəştlərindən başqa yaddaşlarda qalmayan, Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun olaraq rəsmi İrəvanın da imtina etdiyi Minsk Qrupunun həmsədrlərindən getmir. Bütövlükdə Qərb institutları bu prosesdən kənarda saxlanıldı, çox uğurlu şəkildə.



Qərb paytaxtları və institutları uzun illər ərzində Azərbaycan və Ermənistan arasındakı sülh prosesini öz əlində alət olaraq saxlayaraq, əslində öz iradəsini diktə edib. Amma indi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirirlər. Diqqət edin, “vasitəçilər”dən səs-soraq yoxdur, susurlar, sanki görmürlər, eşitmirlər. Azərbaycan və Ermənistan arasında gərginlik yarananda yağışdan sonra çıxan göbələklər kimi ortaya çıxan həmin çağırılmamış qonaqlar nədənsə Bakı və İrəvan arasındakı birbaşa kommunikasiyalardan, İrəvana enən AZAL təyyarəsindən, aparılan müzakirələrdən məmnun görünmürlər. Ötən ilin yayında “Zvartnots”dan sərhədçilərini çıxarıb, hava limanını Ermənistana təhvil verən şimal qonşumuz da susqundur. Son günlərədək sülh sazişinin imzalanması üçün Rusiya ərazisini təklif edənlər iki xalqın sülhə doğru addımlarından niyə məmnun deyillər?..Əslində niyyət bəllidir, amma bu, başqa müzakirə mövzusudur.

İllər öncə də vətəndaş cəmiyyətinin, ziyalıların və digərlərinin görüşləri təşkil olunurdu. Bir sıra səfərlər də həyata keçirilmişdi. Amma o zaman bu təşəbbüslərlə çıxış edənlərin bəlli məqsədləri var idi. Məqsəd ədalətli sülhə nail olmaq deyildi, işğala don geyindirmək qəsdi var idi ortada. Ona görə də o zamankı “xalqların sülhə hazırlanması” təşəbbüsü yaşamadı, nəticə qazandırmadı. İşğalçının, terrorçunun, separatçının Qarabağda at oynatması halında əbədi sülh ola bilməzdi, İlahi Ədalət öz yerini tapmalı idi, necə ki, tapdı, hətta Bakıda Ədalət Məhkəməsi də quruldu! Bu gün isə bir başqa durum var. Elə bir durum ki, ədaləti bərpa etmiş Azərbaycanın Qalib Lideri sülh və əməkdaşlıq istiqamətində daha bir ilkə imza ataraq Ermənistana taxıl daşınması üçün öz yollarını belə təklif edir, Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi alqışlayır, minnətdar olur. Revanşistlər zəvzəyə-zəvzəyə qalıblar bu mənzərəyə. İllər öncə, Qarabağ işğalda olarkən Azərbaycanın Milli Məclisinin üzvləri İrəvana, “Avronest” çərçivəsində tədbirə getmişdilər. Amma o zaman ermənilər nəinki bizim deputatları, hətta moldovalı ombudsman Aureli Qriqoriunu ədalətli mövqe sərgilədiyinə görə təhdid edirdilər. Sonrakı illərdə də beynəlxalq tədbirlərdə iştirak üçün Ermənistana səfər edən deputatlarımızın qaldığı otellərə belə, hücumlar təşkil edilirdi. İdman yarışı zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını da unutmadıq, elə Paşinyanın gözlərinin qarşısında. Amma bu gün vəziyyəti kökündən dəyişib qüdrətli Azərbaycan dövləti və onun Lideri! İrəvana səfər edən təmsilçilərimizin qədim şəhərimizdə müxtəlif ünvanlara, o cümlədən muzeylərə getmələri, şəhərdə heç bir təhlükə olmadan gəzmələri, hər hansı xoşagəlməz hadisə ilə üzləşmədikləri barədə açıqlamaları Ermənistandakı revanşist ocağın sürətlə öləziməkdə olduğundan xəbər verir.

Xatırlayırsınız, elə son hadisələr də ölməmişdən gorbagor olmuş Zori Balayanın “Ocaq”ından başlamışdı...Təbii ki, tariximizi unutmamaqla yanaşı, ehtiyat tədbirimizi də əldən verməməliyik, çünki kül altındakı közün bir çınqısı da bəzən yanğınlara səbəb olur... Vətəndaş cəmiyyəti nümayəndələri ilə başlayan ilk görüş nəzərdə tutulan uzunmüddətli tədbirlər prosesinin başlanğıcıdır. Qarşıda hər iki xalqı uzun və çətin bir proses gözləyir, o qədər aranı qatmaq istəyənlər var ki...Qafqaza soxulmaq istəyənlər, Qafqazdan çıxmaq istəməyənlər fürsət gözləyirlər, qəti şəkildə arxayınlaşmaq olmaz! Bu gün Ermənistandakı revanşizm meyllərinin qabarması təkcə 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar deyil. Onlar bəlli mərkəzlərdən aldıqları təlimatlar əsasında həm də Bakı və İrəvan arasındakı sülhü pozmaq istəyirlər. İmkan versəydilər, danışıqlar elə 1991-ci ilin payızında bitərdi, Qarabağa uçan helikopter 20 noyabrda vurulmasaydı...Ondan əvvəl də, sonra da o qədər qətliamlar törətdilər ki...1988-ci ilin 12 dekabrında azərbaycanlıların İL-76 təyyarəsi ilə Ermənistanın Spitak və Linanakan şəhərlərindəki zəlzələ qurbanlarına kömək əlini uzatmasına da imkan verməmişdi həmin qüvvələr və təyyarəmiz müəmmalı şəkildə “qəza”ya uğramışdı...Lap 2024-cü ilin 25 dekabrında “Embraer E190AR”ın başına gətirilən “qəza”kimi...Odur ki, hər iki tərəf, xalq ehtiyatlı davranmalıdır, ortalığı qarışdırmaq istəyənlərə imkan verilməməlidir. Dövlət başçımız Vaşinqtonda birmənalı şəkildə bildirdi ki, artıq bundan sonra sülh olacaq! Paşinyan da Azərbaycan Prezidentinin dediklərini təsdiqlədi. Amma indi Paşinyan revanşistlərin baş qaldırmaması üçün maksimum tədbirli olmalıdır. İrəvandakı separatizm yuvaları qapadılmalı, Azərbaycan ərazilərinə iddia edənlərin səsi kəsilməlidir! Eyni zamanda Konstitusiya məsələsini unutmadıq...Azərbaycandan isə arxayın olsun, biz heç kəslə savaşmaq istəməmişik tarix boyu, pisliklə üzləşənə qədər.

Ola bilsin qarşılıqlı səfərlər bəzi vətəndaşlarımız tərəfindən birmənalı qəbul olunmasın. Bu da təbiidir. Minlərlə şəhid vermişik, 4 min itkinimiz var, erməni vandalizmindən olmazın əziyyətlər çəkmişik, qaçqın, köçkünlərimizin haqqı verilməyib hələ ki...Amma bütün savaşların sonu sülh, barışıq olur. Azərbaycanda bütöv bir nəsil müharibə şəraitində yaşayıb. Cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi ədavətin tədbirən aradan qaldırılmasına təkan verəcək. Qafqaza sülh gəlməlidir, bunun alternativi yoxdur.

Azərbaycanın bir qrup ekspertinin İrəvana səfər etməsi mənə bir faktı da xatırlatdı. Düz 6 il öncə, 2019-cu ilin payızında media orqanlarından biri “Ermənistana gedərsinizmi?”, sualı ilə müraciət edəndə “Şəxsən mən işğaldakı Qarabağ torpaqlarına, yaxud Ermənistana indiki şərtlər daxilində getmərəm! Nəinki realda, hətta yuxuda da kiməsə belə səfərlərdə olmağı arzulamazdım. Biz qalib ölkənin vətəndaşı, jurnalisti olaraq ora gedə bilərik və nida!” – cavabını vermişdim. Ondan öncə cənab Prezident “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi”, deyərək Zəfər tariximizin anonsunu səsləndirmişdi. İlham Əliyev yeni bir reallıq yaratdı, o reallıq ki, Paşinyan da həmin yol xəritəsinə uyğun şəkildə Ermənistanın real xəritəsini şəkilləndirməyə çalışır, Yerablur qabristanlığındakı qəbirləri qucaqlayıb, başqasının torpaqlarına görə ölmüşlərinə yas saxlayan cəmiyyət də çıxılmazlıq içərisində bu reallıqla barışmaqdadır...  

Budur, AZAL-a məxsus təyyarə 44 dəqiqəlik (!) uçuşdan sonra İrəvana enir! Bundan sonra Qalib olaraq nəinki Qarabağa, Şərqi Zəngəzura, İrəvana da, Qərbi Zəngəzura da getmək olar, üstəlik gəzmək də! Gün gələcək avtomobillərlə də gedəcəyik...Həm də əbədi yaşamağa!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR