Onlayn ictimai-siyasi qəzet
“Elektron Resept Sistemi səhiyyə xidmətlərində şəffaflığın, təhlükəsizliyin və effektivliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, həkimlər bu sistem vasitəsilə məsuliyyətli və peşəkar dərman təyinatı aparmaq imkanı əldə edir, vətəndaşlar isə tibbi məlumatlara çıxış və dərman təminatında daha çevik və rahat bir proseslə qarşılaşırlar:
“Həkimlər tərəfindən Elektron Resept yazılması üçün xüsusi proqram təminatına ehtiyac yoxdur. “Reseptim” mobil tətbiqi sadə dizayn edilmiş interfeys vasitəsilə istifadəçi dostudur. Həkimlər “Reseptim” mobil tətbiqini “Google Play” və “Appstore” kimi platformalardan mobil cihazlarına yüklədikdən sonra “Digital Login” vasitəsilə qeydiyyatdan keçir və “Profil seçimi” düyməsi vasitəsilə hazırda resepti təyin etdiyi tibb müəssisəsinin adını seçir və yeni resept təyin etməyə davam edir. Yazılan hər bir resept həkimin şəxsi identifikasiya məlumatları ilə sistemdə qeydiyyata alınır. Bu, gələcəkdə hansısa hüquqi və peşəkar məsuliyyət məsələləri yarandıqda şəffaflığı təmin edir və izlənilə bilmək imkanı yaradır. “Reseptim” mobil tətbiqində pasiyentə təyin edilən dərman vasitələrinin molekulyar tərkibi, həmin preparatların dəyərini qarşılayacaq müvafiq tibbi sığorta agentinin seçilməsi imkanları nəzərə alınıb. Həkim tərəfindən təyin edilən hər bir resept sistem tərəfindən unikal kodla qeydiyyata alınır və pasiyentin şəxsi kabinetində əlçatan olur”.
S.Məhərrəmova bildirib ki, rəqəmsal səhiyyə alətlərindən səmərəli istifadə həm səhiyyə işçilərinin, həm də vətəndaşların birgə məsuliyyətidir:
“Elektron Resept Sistemi bu istiqamətdə mühüm platforma kimi xidmət edir və ölkəmizdə səhiyyənin müasir tələblərə uyğun inkişafına töhfə verir”.
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ