Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən toplantısında İranla bağlı mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Yaxın Şərqdə baş verən son hadisələr fonunda İsrailin İrana qarşı həyata keçirdiyi hücumları sərt şəkildə tənqid edib və bu hadisələrin digər müsəlman ölkələri üçün də təhdid olduğunu bildirib.
“Bu gün İrana qarşı edilənlər sabah bizə və digərlərinə qarşı da edilə bilər. Bundan əvvəl də eyni şeyləri başqa qardaş xalqlara qarşı etdilər. Ona görə də olanlara səssiz qalmaq əsla mümkün deyil”, - deyə Ərdoğan bəyan edib.
Rəcəb Tayyib Ərdoğan çıxışında həmçinin İran xalqına dəstəyini ifadə edib və bu ölkənin mövcud geosiyasi təzyiqlərə qarşı tab gətirəcəyinə inandığını vurğulayıb:
“Mən əminəm ki, İran qalib gələcək. İslam dünyası və Türkiyə İranın yanındadır”.
Prezidentin sözlərinə görə, bölgədə baş verənlər yalnız bir ölkəyə deyil, bütün İslam dünyasına yönəlmiş təhdiddir:
“İsrailin Qəzza, Livan, Yəmən, Suriya və nəhayət, İrana qarşı gerçəkləşdirdiyi hücumlar hüquq deyil, haydutluqdur. İran xalqının bu çətin günləri geridə qoyacağından şübhə etmirik. Türkiyə olaraq, daim haqqın və ədalətin yanında olmuşuq, bu mövqeyimizi qorumaqda davam edəcəyik”.
Ərdoğanın bu çıxışı iştirakçı ölkələrin nümayəndələri tərəfindən böyük diqqətlə qarşılanıb. Analitiklər hesab edir ki, Türkiyə Prezidentinin bu bəyanatları həm İranla həmrəyliyin ifadəsi, həm də Qərb və İsrailə ünvanlanmış açıq siyasi mesajdır.
Qeyd edək ki, İƏT-in 51-ci toplantısı 21 iyun 2025-ci il tarixində İstanbulun Lütfi Kırdar Konqres Mərkəzində keçirilib. Toplantının əsas mövzuları Yaxın Şərqdə davam edən münaqişələr, Fələstin məsələsi və region ölkələrinə qarşı artan təhlükələr olub.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ