Onlayn ictimai-siyasi qəzet
Niderland parlamentinin aşağı palatası 1944-cü ildə Krım türklərinin deportasiyasını soyqırım kimi tanıyıb və cinayəti pisləyən yeddinci ölkə olub.
Amsterdam həmçinin 2014-cü ildə Krımın işğalından sonra Rusiyanın Krım türklərinə qarşı həyata keçirdiyi repressiyalar, həbslərə, işgəncələrə diqqət çəkib.
Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Krım türkləri ilə həmrəylik jesti olan qərara görə Hollandiyaya təşəkkür edib.
Qətnamə iyunun 19-da qəbul edilib. Sənəddə bildirilir ki, müasir beynəlxalq normalar Krım türklərinin kütləvi deportasiyasını soyqırım kimi təsnif edir
Qərarın mətnində deyilir:
“1944-cü il deportasiyası günümüz standartlarına görə soyqırım cinayətidir;
SSRİ Krım türk xalqını bir etnik qrup kimi qəsdən məhv edib;
Krımı işğal edən müasir Rusiya həbslər, işgəncələr və zorla yoxa çıxarmalardan istifadə edərək Krım türklərinə qarşı repressiyaları davam etdirir.
Sənəddə o da qeyd olunur ki, bəzi ölkələr bu cinayəti artıq soyqırım kimi tanıyıb və Niderland onlara qoşulur.
Krım türklərinin deportasiyası 1944-cü il mayın 18-21-də İosif Stalinin əmri ilə həyata keçirilib. Bu ittihamlar əsassız olsa da, rəsmi səbəb “dövlətə xəyanət” olub. Üç gün ərzində Krımdan 190 mindən çox insan deportasiya edilib. Onlar mal-qara maşınlarında Özbəkistana, Qazaxıstana, Sibirə aparılıb. Krım türklərinin çoxu yolda və ya sürgünün ilk illərində həlak olub. Ukrayna Ali Radası hələ 2015-ci ildə bu hadisələri soyqırım kimi tanıyıb. Qurbanların xatirəsi hər il mayın 18-də yad edilir.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ