İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron reseptin ənənəvi reseptdən fərqi və üstünlüyü nələrdir?

“Elektron resept sistemi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayan innovativ bir yanaşmadır”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, elektron reseptlərin real vaxt rejimində sistemə daxil edilməsi, onların dərhal apteklər tərəfindən əldə olunmasına imkan yaradır:

“Bu, reseptlərin hazırlanması və istifadəsi prosesini sürətləndirir, həm həkim, həm də pasiyent üçün əlavə rahatlıq təmin edir. Ənənəvi reseptlərdə rast gəlinən oxunmazlıq və anlaşılmazlıq elektron reseptlərdə aradan qaldırılır. Sistem vasitəsilə dərman vasitələrinin molekulyar tərkibi göründüyü üçün qarşılıqlı təsirləri, doza uyğunsuzluğu və allergik risklər əvvəlcədən təhlil edilə bilər ki, bu da pasiyent təhlükəsizliyini artırır və müalicə keyfiyyətini yüksəldir.

Elektron resept sistemi pasiyentin dərman istifadəsi tarixçəsinin mərkəzləşdirilmiş şəkildə saxlanmasına imkan yaradır. Həkimlər bu məlumatlara əsaslanaraq daha düzgün müalicə planı hazırlaya bilir, eyni zamanda təkrar reseptlərin verilməsi də sadələşir”.

S.Məhərrəmova bildirib ki, elektron reseptlərin sistem üzərindən izlənilməsi saxtakarlıq hallarının qarşısını alır:

“Reseptlər yalnız səlahiyyətli həkimlər tərəfindən verilir və onların hərəkətləri sistemdə qeyd olunur, bu isə şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Elektron Resept Sistemində dərman vasitələrinin qəbul vaxtı və doza həddinin təqvimə daxil edilməsi vasitəsilə pasiyentə xatırladılması mümkündür. Kağız sənədləşməsinin aradan qaldırılması həm səhiyyə müəssisələrinin inzibati yükünü azaldır, həm də ətraf mühitin mühafizəsinə müsbət təsir göstərir. Elektron sistemlərin tətbiqi ümumilikdə resurslardan daha səmərəli istifadəni təmin edir”.

Mütəxəssis sonda qeyd edib ki, elektron resept sistemi müasir səhiyyənin rəqəmsallaşması istiqamətində mühüm addım olmaqla, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və effektivliyinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə töhfə verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR