İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevlə Paşinyanın verəcəyi qərar - gözlər Əbu-Dabidə

Bu gün Azərbaycan və Ermənistan liderləri ilk dəfə ərəb ölkəsində bir araya gəlir; görüş ərəfəsində mühüm açıqlamalar yayıldı

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. (AZƏRTAC)

Qeyd edək ki, ötən həftə Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşəcəyi barədə xəbər yayılsa da, detallar açıqlanmamışdı. Erməni mediası hətta görüşdə sülh sazişinin imzalanacağını da iddia etmişdi. Hələlik rəsmi Bakı məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Odur ki, gözləməkdə fayda var.

Hələ mart ayında Bakı və İrəvan arasında sülh razılaşması barədə açıqlama yayıldıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri xoş məramını ifadə etmişdi. BƏƏ Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası və Ermənistanın sülh danışıqlarının başa çatması barədə açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm Azərbaycanın, Ermənistanın, həm də bütün Qafqaz regionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək. BƏƏ rəsmisi ölkəsinin Azərbaycan və Ermənistanla geniş əlaqələrə malik olduğunu və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğulamışdı. Bu mənada görüş üçün seçilən məkan tərəfləri qane edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü olacaq. “Report”un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş iyulun 9-da “Qasr Al Shatie” Prezident Sarayında baş tutacaq.

Erməni tərəfin yaydığı xəbərdə isə bildirilir ki, baş nazir Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb. Onun Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü planlaşdırılır.

Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılsa da, onun imzalanması rəsmi İrəvanın hələ də konstruktiv mövqe sərgiləyə bilməməsi səbəbindən gecikir. Dövlət başçımız bir neçə dəfə qeyd edib ki, sülhün imzalanması üçün tarixi şans yaranıb və Ermənistanı bu istiqamətdə cəsarətli addımlar atmağa çağırıb. Eyni zamanda ölkə başçımız qeyd edib ki, əgər Ermənistan Konstitusiyaya və normativ hüquqi aktlara düzəlişlər etməsə, Minsk Qrupunun ləğvini bəyanlamasa, o halda imzalanacaq sülh sənədinin də əhəmiyyəti olmayacaq.

Amma rəsmi İrəvan hələ də ölkə konstitusiyasının dəyişdirilməsi, Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddialarından imtina, eyni zamanda Minsk Qrupunun ləğvi barədə mövqeyini qətiləşdirmir. Bununla belə, Azərbaycan dövləti təmkinlə prosesin məntiqi sonluğunu gözləməkdədir, bu istiqamətdə sülhməramlı mövqeyini davam etdirir.

Slovakiya qəzetinə geniş müsahibə verən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan-Azərbaycan münasibətlərinə və gözlənilən sülh sazişinə dair vacib açıqlamalar da verib. Musavat.com xəbər verir ki, Hikmət Hacıyev "artıq Ermənistanla Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur və bölgədə sabitlik hökm sürür" tezisini səsləndirib.

“İlk növbədə vurğulamaq istəyirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh var. Müharibə bitib. Sərhədlərimizə baxanda hər yerdə sülh və sabitlik görürsən. Hətta deyərdim ki, bölgədə qanuniliyə və legitimliyə əsaslanan yeni status-kvo yaranıb. Təəssüf ki, əvvəlki vəziyyət Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalı faktından irəli gəlirdi. Ancaq bu mərhələni artıq keçmişdə qoymuşuq. Bunun əvəzinə gələcəyə baxırıq. Biz sülh sazişinin mətni barədə razılığa gəldik”, H.Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, kağız üzərində olan sülhlə ərazidəki real vəziyyətin bəzən fərqli ola bildiyi hallar olsa da, hazırda Azərbaycan-Ermənistan sərhədində bunun əksi müşahidə olunur. Qarabağ artıq heç bir gündəmin mövzusu deyil, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılıb. Bununla belə, sülh sazişinin qüvvəyə minməsi üçün hələ də son addımın atılmasına ehtiyac var. Hikmət Hacıyev bununla bağlı deyib: “Biz Ermənistanın konstitusiyasının mətnini dəyişdirməsini gözləyirik, orada hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələr var”. Dövlət rəsmisi eyni zamanda Ermənistanla birbaşa, vasitəçilərsiz əlaqə kanalının mövcud olmasını müsbət qiymətləndirərək bildirib ki, iki ölkə problemləri açıq şəkildə müzakirə edir: “Əsas fakt ondan ibarətdir ki, hərbi qarşıdurma elementləri tamamilə istənilən gündəmdən kənarda qalır. Bəli, aramızda mübahisə var. Amma qonşu ölkələr arasında mübahisələr bəzən tamamilə normaldır. Axı biz bunu bəzi Aİ-yə üzv dövlətlər arasında da görürük. Ancaq mübahisələri həll etmək üçün diplomatiyamız və dialoqumuz var və biz Ermənistanla münasibətləri hərbi qarşıdurmadan mübahisəyə çevirə bilmişik. Hesab edirəm ki, bu, yaxşı əlamətdir”.

Göründüyü kimi, Azərbaycanın ikitərəfli formatda münasibətləri irəli aparmaq, problemləri həll etməklə bağlı irəli sürdüyü ideya müsbət nəticələrini verməkdədir. Ötən il Azərbaycan və Ermənistan arasında, ikitərəfli qaydada, hər  hansı üçüncü tərəfin iştirakı olmadan aparılan danışıqların nəticəsində təqribən 1007 km-lik şərti sərhəd zolağının 12,7 km-lik hissəsi dəqiqləşdirildi, delimitasiya və demarkasiya prosesi başa çatdırıldı, həmçinin işğaldakı 4 kəndimiz azad edildi. Bundan sonra isə proses Ermənistanın günahı ucbatından dayandı.

“Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacaq”. Musavat.com-un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın kabinetinin iclasında bildirib.

Maraqlıdır ki, Rubio İrəvanla Bakı arasında sülh sazişinin əldə olunması ehtimalını Tramp administrasiyasının altı aydan az müddətdə əldə etdiyi nailiyyətlərdən biri adlandırıb.

“Sizin rəhbərliyinizlə biz Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və başa çatdırdıq. Tarixdə ilk dəfə olaraq, NATO-nun payı 5%-ə çatıb ki, bu da ən yüksək göstəricidir. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi. Dünyada yeganə ölkə olan bizim həyata keçirə biləcəyimiz Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə... Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq. Suriya və Livan üzündən bütün Yaxın Şərq və onun infrastrukturu dəyişə bilər. Üstəlik, altı ay belə keçməyib”, - o, Donald Trampa müraciət edərək deyib.

Sabah İlham Əliyev Əbu-Dabidə Nikol Paşinyanla görüşəcək – Polisə.az

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus isə dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini ifadə edən bəyanatına münasibət bildirib. APA xəbər verir ki, Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini bildirib. “Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm”, - o vurğulayıb.

Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində ABŞ-dən davamlı şəkildə sülh prosesi ilə bağlı rəsmi açıqlamaların gəlməsi diqqət çəkir. Nikol Paşinyanın 20 iyunda Türkiyəyə səfərindən və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra rəsmi İrəvanın mövqeyində konstruktivliyin müşahidə olunduğu haqda da fikirlər var idi. Eyni zamanda Türkiyə Prezidenti Ermənistanın sülh prosesində normal mövqe tutacağına inamını ifadə etmişdi. İstisna deyil ki, ABŞ bu mərhələdə dividentlər əldə etməyə çalışır.

Bugünlərdə Ermənistan rəhbərliyi konstitusiyanın dəyişdiriləcəyinin anonsunu versə də, konkret mövqe ortaya qoymadı. Yəni Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunacaqmı? Minsk Qrupu ilə bağlı süründürməçilik də göz qabağındadır. Belə olduğu sülh sazişinin imzalanması real görünmür.

Elxan Şahinoğlu: “Rusiya ən ağır dövrünü yaşayır”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Əbu-Dabi görüşü ilə bağlı gözləntilərini bölüşdü: “Əlbəttə, bir görüşlə sülh sazişinin imzalanacağını gözləmək çətindir. Amma dinamika müsbətdir. Yəni önəmli olan budur ki, artıq tərəflər uzun müddətdir vasitəçiyə, xüsusilə də Rusiyaya ehtiyac duymadan birbaşa danışıqlar aparırlar. Müəyyən nəticələr də var: komissiyalar formalaşıb, sərhədin bir hissəsi müəyyənləşib, sülh sazişinin mətni razılaşdırılıb. İndi önəmli olan Ermənistanın iki addım atmasıdır - Minsk Qrupundan, imtina və konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması. Paşinyan faktiki olaraq Minsk Qrupundan imtina etməyə hazırdır, sülh sazişi imzalanacaqsa... Qalır konstitusiya dəyişikliyi. Paşinyan bu məsələni gələn ilə saxlayır ki, məhz parlament seçkiləri keçirilsin, sonra referendum olsun”. Bununla belə, E.Şahinoğlu hesab edir ki, zaman Paşinyanın özünün əleyhinə işləyir: “Paşinyana qarşı müxtəlif radikal qüvvələr birləşib. Radikal müxalifət, kilsə və Rusiyaya bağlı qüvvələr Paşinyanı devirməyə çalışırlar. Ona görə də Paşinyanın öz xeyrinədir ki, Azərbaycan və Türkiyə ilə məsələləri sürətləndirsin. Çünki Prezident Ərdoğan da çox böyük ehtimalla Paşinyana anlatdı ki, Ermənistanla sərhədlərin açılmasını, diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişinə bağlıdır”. E.Şahinoğlu hesab edir ki, Əbu-Dabidə bu istiqamətdə fikir mübadiləsi yenidən genişlənəcək: “Sülh sazişi imzalanması bu il ərzində problematik olsa da - yəni Paşinyan konstitusiya dəyişikliklərini gələn ilə nəzərdə tutur, konstitusiya dəyişiklikləri olmadan da Azərbaycan sülh sazişini imzalamayacağını bəyan edir - niyyətlər haqqında hansısa bir sənədin olması gündəmdə ola bilər ki, bu məsələ sürətlənsin. Ona görə də Abu-Dabidə sülh istiqamətində fikir mübadiləsinin genişlənəcəyini proqnozlaşdırmaq olar”.

Axşam saatlarında İranın da sülh prosesini dəstəklədiyi barədə açıqlama yayıldı. İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Tehran Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyir və iki tərəfin qəbul etdiyi sülh müqaviləsinin imzalanmasına böyük əhəmiyyət verir. (Teleqraf) Səfir həmçinin vurğulayıb ki, İran bütün ölkələrin, o cümlədən Ermənistanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Azərbaycan əleyhinə açıqlamaları ilə gündəmdə olan iranlı diplomatın mövqeyi də maraqlıdır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR