Onlayn ictimai-siyasi qəzet
Yay mövsümünün ikinci ayı olsa da, bazarlarda mövsümi meyvələrin qiyməti hələ də enmək bilmir. Ötən illə müqayisədə əksər meyvələrdə ciddi bahalaşma müşahidə olunur.
Musavat.com-un əməkdaşı vəziyyəti öyrənmək üçün “8-ci km bazarı”na baş çəkib, həm satıcılarla, həm də alıcılarla danışıb.
Bazara daxil olan kimi piştaxtaların üzərindəki qiymət etiketlərində artım dərhal diqqətimizi çəkdi. Əriyin, gilasın bolluq içində ucuz satıldığı günləri xatırlayıb, bu qiymətləri görəndə çoxları başını bulayır.
Elə ilk piştaxtalarda satıcılar da qiymətlərin qalxdığını təsdiqlədilər. Onların sözlərinə görə, bu il havaların qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib və nəticədə bazarda meyvələr az, qiymətlər isə baha olub.
Badamı əriyin kilosu 6–7 manat arasında dəyişir. Digər, nisbətən keyfiyyətsiz və dadı zəif olan növlər isə 4–5 manata tapılır.
Satıcılar dedilər ki, məhsul az olduğundan məcbur qalıb baha satırlar.
“Məhsulun havaya görə azalması qiyməti qaldırır. Açığı, bu, bizə də sərf etmir. Biz də istəyirik ki, ucuz sataq, alıcı çox olsun. Amma əlimizə az məhsul gəlir. Məcburuq”, - deyə satıcılardan biri bildirdi.
Digər piştaxtalara baxanda gördük ki, ucuz ərik tapmaq olur, amma nə görünüş, nə də dad əvvəlki kimi deyil. Satıcıların dediyinə görə, bu meyvələr ya çox su içib, ya da vaxtında yetişməyib və keyfiyyəti də zəifdir.
Bazarda olduğumuz zaman ən çox diqqət çəkən məqamlardan biri isə gilasın qiyməti oldu. Ən ucuz gilası 6 manata almaq mümkündür. “Öküz ürəyi” adlanan növ isə 15 manata qədər qalxıb.
Satıcı Fərid dedi ki, külək və yağışlar ağaclara ciddi ziyan vurub, meyvə çox az yetişib:
“Bu il meyvə bol olar deyirdik, amma ümidimiz boşa çıxdı. Havalar imkan vermədi ki! Yağış, külək ağacları da qırdı, məhsulu da tökdü”.
Başqa satıcılar isə kəndlilərin də bu vəziyyətdən məmnun olmadığını bildirdilər. Məhsul az olduğuna görə onlar da çox qazana bilmir:
“Bir ağacdan beş kasa yığmalıydıq, bir-iki kasa yığdıq. Məhsul azdır, kəndli də çox ziyana gedir”.
Bazardakı alıcılar da qiymətlərdən narazı görünürdülər. Onlardan biri, Gülarə xanım gilas piştaxtasının yanında dayanıb dərdini belə danışdı:
“Ay oğlum, yeməyə meyvə tapa bilmirik ki, qışa mürəbbə bişirək. Gilası 7 manata verirlər, mən neçə kilo alım ki, həm yeyim, həm də qışa hazırlıq görə bilim? Bu yay əlimi üzdüm”.
Başqa bir alıcı isə yaxınlaşıb dedi:
“Elə bil gilas qızıl olub. Uşaqlara bir az alıb yediririk, sonra baxıb qalırıq ki, cibdə pul yoxdur”.
Əriyin və gilasın fonunda digər mövsümi meyvələr nisbətən ucuzdur. Məsələn, şaftalının və təzə almanın kilosu 1 manat 10 qəpikdir. Çiyələk isə 1 manat 50 qəpikdən 2 manata qədər dəyişir.
Bazarda gəzdikcə hiss olunurdu ki, həm alıcı, həm də satıcı vəziyyətdən məmnun deyil. Hər iki tərəf mövsümün sonuna doğru məhsulun bir az bolluğa çıxacağını və qiymətlərin ucuzlaşacağını ümidlə gözləyir.
“Bəlkə iyulun sonuna, avqustda hava düzələr, biz də adam kimi meyvə yeyərik”, - deyə satıcılardan biri gülümsədi.
Hələlik isə meyvələr dadından çox qiyməti ilə adamı heyrətləndirir və qış üçün mürəbbə hazırlamaq istəyənlər üçün də əlçatmaz görünür.
Sultan Məmmədli
Şahanə Rəhimli
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ