 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Yaxın Şərqdə gedən yaşayış, hakimiyyət və torpaq uğrunda mübarizənin ömrü 5 min ildən çoxdur və qovğanın sonu görünmür.
Əksər mənbələrdə “müqəddəs torpaqlar” adlandırılan bu region xroniki qan-qada yuvasıdır. Əsrlərdir bu savaş həm də dini səciyyə şəklini alıb.
Regiondakı bəzi dövlətlər və icmalar Yaxın Şərqdə gedən bu amansız savaşı artıq “yəhudi-müsəlman” davasına çeviriblər və islam dininə etiqad edən digər ölkələrdən öz tərəflərini seçməyi tələb edirlər.
Azərbaycana yönəlik belə tələblər dünənə qədər əsasən İran tərəfindən səslənirdi. Tehranda və Qumdakı üləmalar Azərbaycan dövlətinin xarici siyasətinə yön verməyə çalışır, onun İsraillə əlaqələrini, ticarət tərəfdaşlığını kəsməsini istəyirdilər.
Bunun açıqlanan səbəbi İsrail və Fələstin xalqı arasında zaman-zaman kəskinləşən savaş idi. İran Bakıdan tələb edirdi ki, fələstinlilər müsəlman olduğu üçün Azərbaycan öz dövlət maraqlarını gözardı edərək Fələstinin tərəfini tutmalıdır. Maraqlıdır ki, İranın bu tələbi Fələstinlə dindaş, soydaş olan bəzi ərəb dövlətləri üçün keçərli deyil. Onlar öz dövlət siyasətlərini öz bildikləri kimi yeridir, İsraillə yaxın münasibətlər qururlar.
Hazırda qardaş Türkiyədə də bəzi dini icmalar dönüb-dolaşıb Azərbaycan və İsrail arasındakı münasibətlərə gəlir, bizdən Fələstinə qahmar çıxmağı tələb edirlər. Bu tendensiya gündən-günə güclənir və artıq narahatlıq doğurur.
Həmin qüvvələr nə demokratik prinsiplərə, nə də türk xalqları arasında başlanmış inteqrasiya və həmrəylik prosesinə önəm verirlər, onlar ərəb millətçiliyinə, dini fundamentalizmə, ümmətçiliyə “könül vermiş” dairələrdir. Onlardan olsa, vahid ərəb xilafəti qurar, bu böyük teokratik imperiyaya daxil olan ölkələrdə şəriət rejimi bərqərar edər, ayrı-ayrı xalqların milli mədəniyyətini və milli düşüncəsini sıfırlayar, ərəb əlifbası və ərəb dilini məcburi edərlər.
Bu, ərəb millətçilərinin çoxəsrlik niyyətləridir və bunu din pərdəsi altında reallaşdırmaq istəyirlər. Belə düşünənlərin, demək olar ki, bütün islam ölkələrində tərəfdarları var və onların bütün mübarizəsinin, hərəkatlarının, törətdikləri terror aktlarının son qayəsi budur – vahid ərəb-islam xilafəti qurmaq.
Fundamentalistlər bu planın gerçəkləşməsi yolunda başlıca maneə olaraq İsrail dövlətini görürlər. Ona görə də ilk niyyət İsraili təkləməkdir. Azərbaycan və onun kimi digər ölkələrin İsraillə düşmən olmasını tələb edən dairələr bu üzdən onları vaxtaşırı şantaja məruz qoyur, sionizmdə ittiham edirlər.
Bu günlərdə Çeçenistan müftisi Salah-Hacı Mejiyev yəhudiləri “Allahın düşmənləri” adlandırıb. Oktyabrın 25-də televiziya ilə nümayiş olunan "Çeçen tarixi. Müharibə və sülh" tok-şousunda müfti bildirib ki, "Allahın düşmənləri qədim zamanlardan bəri mövcuddur - yəhudilər və onlardan doğulan cərəyanlar, məsələn, ateizm".
Mejiyevin sözlərinə görə, bu fenomen yalnız bir bölgə ilə məhdudlaşmır: "Bunun harada baş verməsinin fərqi yoxdur - ərəb dünyasında və ya Avropada - hər yerdə yalan yayan yalançı şərqlilər var", - deyə o əlavə edib.
Proqramın yayımlanmasından sonra Mejiyevin bəyanatı ilə bağlı bir fraqment sosial şəbəkələrdə fəal şəkildə yayılıb və dini liderlərin reaksiyası da daxil olmaqla geniş ictimai rezonansa səbəb olub.
Rusiyanın baş ravvini Berl Lazar isə ona cavab verib, müftinin açıqlamasını pisləyib. O, bu cür sözlərin yəhudi xalqına qarşı təhqiramiz olduğunu və Rusiyanın dinlərarası sülhü möhkəmləndirmək üçün uzunmüddətli səylərini sarsıtdığını söyləyib.
Belə dinlərarası nifaqı qızışdıran açıqlamaların Çeçenistanda verilməsi təsadüfi deyil. Çünki Çeçenistan lideri, özü müfti-prezident oğlu olan Ramzan Kadırov çoxdan bu muxtar respublikada şəriət rejimi bərqərar edib. Əslində o, Çeçenistan Muxtar İslam Respublikası yaradıb və rəsmi Moskva dünyəvi dövlətin ürəyində qurulmuş bu teokratik rejimə göz yumur.
Mejiyev 2014-cü ildən Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədridir və 2019-cu ildə yenidən seçilib. 2023-cü ildə Vladimir Putin onu fəxri diplomla təltif edib və Çeçenistan rəhbəri Ramzan Kadırov daha sonra müftinin "respublikanın mənəvi inkişafına böyük töhfə verdiyini" bildirib.
Rusiyanın baş ravvini müftinin bu cür ritorikasının dinlərarası sülhü müdafiə edən müsəlman icmalarının rəsmi mövqeyinə zidd olduğunu qeyd edib, Rusiyadakı islam xadimlərini dini icmalar arasında etimadı qorumaq üçün "bu cür açıqlamalardan uzaq durmağa" çağırıb.
Ravvin Lazar 2023-cü ilin payızında Mahaçqala hava limanındakı iğtişaşlardan (o zaman dini ektremistlər İstanbuldan gələn təyyarənin sərnişinləri arasında yəhudi axtarmışdılar ki, linç etsinlər) və Nalçikdəki yəhudi mərkəzinə hücumdan sonra kəskin çıxış edərək bunun Yaxın Şərqdəki hadisələrin deyil, yerli ekstremist əhval-ruhiyyənin nəticəsi olduğunu söyləmişdi.
Bir sözlə, dini ekstremist cərəyanlar, eləcə də öz məqsədləri üçün din amilindən istifadə etməyə çalışan dövlətlər, təşkilatlar, icmalar sekulyar dövlət quruluşuna önəm verən ölkələrə sağdan-soldan, şimaldan-cənubdan həmlə edir, onları din savaşına qoşmağa çalışırlar.
Gerçəklik budur ki, Azərbaycan öz müqəddəs müharibəsinə dini don geydirsəydi, işğal olunmuş torpaqlarını qaytara bilməzdi. Çünki həm onunla eyni məzhəbə etiqad edən ən güclü dövlət Qarabağ məsələsində dini təəssübkeşlikdən və haqq-ədalətdən uzaq mövqe tuturdu, həm də ermənilərlə dindaş olan dövlətlər Ermənistana açıq şəkildə himayədarlıq edəcəkdilər.
Araz Altaylı, Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ