Onlayn ictimai-siyasi qəzet
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının iştirakı ilə “Qarabağ müzakirəsi” keçirilib. Azərbaycandan görüşdə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, həmçinin Müsavat Partiyasının Məclis sədri Arif Hacılı iştirak edib. Ermənistanı isə müxalifətdə olan “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan və hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.
Belə bir görüş hər il Vyana şəhərində Avstriya Milli Müdafiə Akademiyasında “İnternational Center for European Union Research”ün (Avropa İttifaqı Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilir. Bu tədbirdə təşkilatın rəhbərliyi və təmsilçiləri də iştirak edir.
Arif Hacılı
Görüş barədə Arif Hacılının belə bir açıqlaması yayılıb: “Bəzi saytlarda "Vyanada Azərbaycan və Ermənistan müxalifəti görüşdü" başlıqlı dəqiqləşdirilməmiş məlumata əsaslanan yazılarla biriləri üzərimə növbəti böhtan kampaniyasına başlayıb. Bir neçə ildir ki, Avstriyanın beynəlxalq Şərqi Avropa Araşdırmaları üzrə Beynəlxalq İnstitutu tərəfindən Vyana şəhərində təşkil olunan debatlara dəvət alıram. İştirak etdiyim debatlar əsasən Cənubi Qafqaz regionunda konfliktlər və vəziyyətdən çıxış yolları barədədir. Bu tədbirlərə müzakirə olunan mövzulara uyğun olaraq müxtəlif siyasi ekspertlər, erməni siyasətçiləri və Azərbaycandan da adətən Milli Məclis üzvü olan daha bir nəfər dəvət olunur. Yəni mən bir neçə ildir ki, bu prosesdə iştirak edirəm və bu müddət ərzində həmin debatlara adətən Azərbaycan Milli Məclisin üzvü olan müxtəlif şəxslər dəvət olunub. Bu, bəzilərinin qeyd etdiyi kimi, müxalifətlərin görüşü deyil. Əgər mənim daimi iştirak etdiyim tədbirlərə təşkilatçı tərəf öz mülahizələri əsasında və ya mənə məlum olmayan prosedurlarla bəzən başqa kimlərisə dəvət edirsə, bu artıq mənim sorunum deyil".
Razi Nurullayev
Razi Nurullayev isə görüşlə bağlı maraqlı təfərrüatlar açıqlayıb: “Bu görüşdə də Azərbaycanla Ermənistan arasında sülh məsələlərinə dair müzakirələr aparıldı. Təbii ki, xeyli mübahisələr oldu və bəzən qarşılıqlı ittihamlara da keçdi. Ermənistan müxalifəti barışmaz və qərəzli mövqeyi ilə seçilir. Onlar düşünürlər ki, baş nazir Nikol Paşinyan saysız-hesabsız güzəştlərə gedib və bunun fonunda Azərbaycan yenə də sülh müqaviləsini imzalamağı uzadır. Amma biz bir daha qeyd etdik ki, Ermənistan özünü zəfər çalan Azərbaycanla bərabər tutur və az qala qalib ölkə kimi hələ şərtlər də irəli sürür”. Deputat deyib ki, Ermənistan müxalifəti danışıqları Rusiya masasına yatırmaqda və prosesi təzələmək fikrindədir: “Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq. Onlar Rusiyanın prosesə qoşulması ilə yanaşı, məsələlərin yenidən Minsk Qrupu çərçivəsinə qayıtmasını, müzakirələr aparılmasını, Qarabağdan könüllü getmiş insanların geri dönüşünün təmin edilməsini istəyirlər. Biz də bir daha qeyd etdik ki, onlar Qarabağdan öz istəkləri ilə gedib. Getməklərinin səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməmələri ilə bağlı olub. Sadəcə olaraq, erməni müxalifətinin də istəyi odur ki, bu məsələ gündəmdən çıxmasın. Onların Azərbaycana qarşı ərazi iddiaları var. Erməni müxalifəti həmçinin iki ölkə arasında üçüncü ölkənin, yəni zəmanətverici bir qüvvənin olmasını istəyir”.
Yeni Azərbaycan Partiyasından olan deputat Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, görüşlər zamanı Qarabağ məsələsini müzakirə etməyə nə müxalifət partiyalarının, nə də heç kimin haqqı yoxdur: “Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan belə görüşlərlə bir müsbət irəliləyişin əldə olunacağını düşünmürəm”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu cür məsələnin müzakirə mövzusu olduğu görüşlərə münasibəti mənfidir: “Ermənilərlə Qarabağ mövzusunda müzakirə aparmaq tamamilə mənasızdır. O görüşdə iştirak eləyən şəxslər açıqlamalar yayaraq öz hərəkətlərinə bəraət qazandırmağa çalışırlar. Elə bir rəy yaratmağa çalışırlar ki, sanki onlara hələ bir minnətdarlıq da edilməlidir. Təəssüf ki, torpaqlarımız işğal altında olanda bizim bəzi müxalifət partiyalarının nümayəndələri ermənilərlə görüşlər keçirirdilər və deyirdilər ki, bu görüşlər guya faydamızadır. Zaman göstərdi ki, o cür görüşlərlə erməniləri işğalçılıqdan əl çəkdirmək mümkün deyil. Biz bunu öncədən deyirdik, lakin bəziləri görüşlərini davam etdirirdi. İndiki reallıq isə Qarabağ mövzusunun xaricdə ermənilərlə müzakirə edilməsini tamamilə inkar edir. Bu mövzuda müzakirə ermənilərin marağına, hansısa mərkəzlərin maraqlarına xidmət edir. Biz erməni hiyləsinə aldanmamlıyıq. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətləri unutmamalıyıq. Bunu unutmaq və ermənilərin xeyrinə olan hər hansı layihədə iştirak etmək xəyanətə bərabər hərəkət kimi qəbul olunmalıdır”.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, artıq Qarabağ məsələsi həllini tapıb və bu məsələnin müzakirə olunası tərəfi qalmayıb, çünki məsələ bitib: “Biz Zəngəzur məsələsinin müzakirəsini müxtəlif beynəlxalq platformalarda gündəmə gətirə bilərik. Bitməmiş məsə Zəngəzur məsələsidir. Qarabağ məsələsi isə artıq həll edilib tarixə çevrilib. Burada müzakirə ediləsi bir şey yoxdur. Xüsusilə də Avropada hansısa tədbirlərdə Ermənistan deputatları ilə artıq mövcud olmayan Qarabağ məsələsinin müzakirə edilməsinin məntiqi yoxdur. Bu cür müzakirə artıq mövcud olmayan məsələnin aktual saxlanmasına xidmət edə bilər ki, bu da ermənilərə sərf edir. Buna rəvac verməyi düzgün hesab eləmirəm. Təəssüf ki, Azərbaycandan bəzi partiyalar Avropada hansısa Conla görüşmək üçün istənilən tədbirə həvəslə gedirlər və həmin tədbirdə müzakirəyə çıxarılan mövzu isə bəlli olur ki, ermənilərə lazımdır. Adama sual edərlər ki, gedib orada nəyi müzakirə edirsən? Qarabağ məsələsinin həll edilmədiyini demək istəyirsən? Ermənilərin geri qayıtmasını istəyirsən? Mən ermənilərlə o tipli görüşlərin əleyhinəyəm. Mənasız və ya zərərli görüşlərdə hansısa partiya sədri, ictimai birlik sədri statusunda iştirak etmək bizə xeyir gətirməz. Bu cür görüşlər ermənilərin Azərbaycana qarşı siyasətlərinə dolayısı ilə dəstək vermiş olur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ