Onlayn ictimai-siyasi qəzet
Şamaxıda 45 yaşlı Xəqaninin evindən 1 ədəd “Kalaşnikov” avtomatı, avtomat darağı, 27 ədəd avtomat patronu, 1 ədəd ov tüfəngi, 65 ədəd ov tüfəngi patronu aşkar edilərək götürülüb.
Musavat.com xəbər verir ki, Şamaxı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Xəqani deyib ki, silahları 10 il əvvəl tanımadığı şəxsdən alıb. Onun sözlərinə görə, həmin şəxs silahlardan istifadə etmədiyini deyərək ona hədiyyə edibmiş.
Xəqani silahlardan yalnız ovda və özü üçün təşkil etdiyi təlimlərdə istifadə etdiyini deyib.
Onun sözlərinə görə, silahların evində olmasını yalnız həyat yoldaşı bilirmiş: “Silahın məndə olduğunu heç kim bilmirdi. Heç kimin yanında da istifadə etməmişəm. Marağım olduğu üçün saxlayırdım”.
Xəqaninin evdə islah gizlətməsi isə “102 Xidməti”nə daxil olan anonim zənglə açılıb. Zəng edən şəxs Xəqaninin evində silah gizlətdiyini deyib. Həmçinin bildirib ki, Xəqani oğlunu və arvadını məcburi şəkildə Suriyaya aparmaq istəyir.
İş üzrə Xəqaninin keçmiş həyat yoldaşı şahid qismində dindirilən zaman maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Xəqani fərdi ustalıqla məşğul olub. Əvvəllər içki içsə də son 10 ildə namaz qılmağa başlayıb:
“Həmin evlilikdən 6 övladımız var. Namaz qıldığı müddətdə bizə çox məhdudiyyətlər qoymağa başlamışdı. Uşaqları məktəbdən çıxarmışdı. Deyirdi ki, kafirlərin məktəbidir. 2024-cü ildə ondan boşandım. Uşaqları da götürüb ata evinə getdim. Təxminən iki ay sonra Xəqani gəlib dedi ki, bir daha lazımsız məhdudiyətlər qoymayacaq. Geri qayıtmağımı istədi. Qayıtdım, amma indi rəsmi olaraq evli deyilik. Xəqani kimdənsə silah alıb evdə saxladığını bilirdim, amma polisə mən məlumat verməmişəm. İmkan olduqca tüfəngin güllələrindən bir-bir gizlin şəkildə götürüb tualetə atırdım. Xəqani bunu biləndən sonra məni hədələdi. Ona görə də qorxumdan güllələrə dəymədim”.
Şahid deyib ki, Xəqaninin onu və uşaqlarını Suriyaya aparmaq planından xəbəri olmayıb: “Ola bilər ki, kimlərləsə danışıb, amma mənə bu barədə heç nə deməyib”.
Məhkəmənin hökmü ilə Xəqani 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ