Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə fəaliyyət göstərən diplomatik nümayəndələrlə bağlı son dərəcə sərt bəyanatla çıxış edib. Onun hədəfində Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer olub.
Musavat.com-un xəbərinə görə, baş nazir bildirib ki, Almaniya səfiri hazırda müxalifətçi siyasətçi, “Güclü Gürcüstan” partiyasının liderlərindən biri Mamuka Xazaradzenin ailəsinə məxsus iqamətgahda yaşayır.
Kobaxidzenin fikrincə, bu faktın özü Avropa diplomatiyasının obyektivlik dəyərlərinin deqradasiyaya uğradığını sübut edir.
Qarşı tərəfin cavabı gecikməyib.
“Lelo” partiyasının lideri Mamuka Xazaradzenin vəkilləri təsdiqləyiblər ki, Almaniya səfiri həqiqətən də onun ailəsindən mənzil icarəyə götürüb və bu, tam qanuni şəkildə rəsmiləşdirilib - müqavilə notarial qaydada təsdiq edilib və qanuna uyğundur.
Vəkillər iddia edirlər ki, hakimiyyətin və “Rustavi-2” telekanalının guya “kölgə razılaşması” barədə açıqlamaları Xazaradzeyə və Almaniyaya qarşı təbliğat hücumunun bir hissəsidir.
Almaniya səfirliyi isə hələlik məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Xazaradze parlament komissiyasına gəlməkdən imtina etdiyinə görə cəza çəkir.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ