İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan, İran və Hindistanın ortaq məqsədi - Azərbaycanın gözləntisi

Tehranda Ermənistan, İran və Hindistan arasında xarici işlər nazirlikləri səviyyəsində üçüncü siyasi məsləhətləşmələr raundu keçirilib.

İran nümayəndə heyətinə İran XİN-in Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami rəhbərlik edib. Hindistan nümayəndə heyətinə Hindistan XİN-in regional baş direktoru Anant Prakaş rəhbərlik edib.

Ermənistan nümayəndə heyətinə isə Ermənistan XİN-in Asiya-Sakit okean departamentinin rəhbəri Anahit Karapetyan başçılıq edib.

Məsləhətləşmələr zamanı tərəflər əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyini, xüsusilə nəqliyyat sahəsində-Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC), Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi, eləcə də Çabahar limanının strateji yerləşməsindən istifadə məsələlərini vurğulayıblar.

Tərəflər həmçinin, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı, “xalqdan xalqa” münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Növbəti üçtərəfli görüş tərəflərin razılaşdıracağı tarixdə Ermənistanda keçiriləcək.

elxan.jpg (68 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu vəziyyəti şərh edərkən bildirib ki, bu yeni layihə deyil. Onun sözlərinə görə, bu barədə illərdir müzakirələr gedir:

“Məsələ burasındadır ki, İranla Ermənistan arasında mövcud nəqliyyat imkanları yük daşımalarının artmasına şərait yaratmır. Bu sıraya İranda ağır iqtisadi vəziyyəti, İranla Ermənistan arasında dəmiryolunun mövcud olmamasını, İrana qarşı Qərbin sərt sanksiyalarını və müharibə risklərinı əlavə etmək lazımdır. Buna baxmayaraq, 3 ölkə arasında müzakirələr davam edir.

Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Tərəflər ticarət, təhlükəsizlik, regional əlaqələrin gücləndirilməsi və Cabahar limanı mövzularını müzakirə ediblər.

Cabahar limanı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu, İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan bu liman vasitəsilə Rusiya və Avropa bazarlarına çıxış imkanı əldə etmək istəyir. Keçən il Hindistanla İran arasında Cabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanmışdı. Sazişə əsasən limanın idarəçiliyi Hindistana verilib. Ajit Doval Əli Laricani ilə telefon danışığında Cabahar limanının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rol oynayacağı, onun regional ticarət və Hindistanın Əfqanıstan və Mərkəzi Asiyaya çıxışı üçün həyati bir əlaqə kimi səciyyələndirilib”.

Politoloq hesab edir ki, əslində bu deyilənlər Azərbaycana da aiddir, çünki Cabahar limanı eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınacaq yüklər üçün nəzərdə tutulub:

“Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Cabahar limanına oradan isə Hindistanın Mumbay limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq bunun üçün Rəşt-Astara dəmiryolu tikilməlidir. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazır olduğunu bildirsə də, tikintiyə hələ başlanılmayıb”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR