İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB liderlərinin görüşünə hazırlıq başladı-Bakının qərarı...

Sentyabrın 16-da Minskdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçiriləcək.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, İclasda daimi nümayəndələr MDB Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının növbəti iclaslarına hazırlıq işlərini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, həm baş nazirlərin, həm xarici işlər nazirlərinin iclasları sentyabrın 29-da Minskdə olacaq. MDB liderlərinin görüşünün isə oktyabrın ilk günlərində Tacikistan paytaxtı Düşənbədə keçiriləcək.

Qeyd edək ki, sentyabrın 11-də MDB İcraiyyə Komitəsinin təşkilatçılığı ilə üzv dövlətlərin yanacaq-energetika kompleksinin inkişafı üzrə toplantısına Azərbaycan nümayəndə göndərməyib. Maraqlıdır ki, bəzi ölkələr online formatda tədbirdə iştirak etsə də, Azərbaycan buna da ehtiyac görməyib.

Tədbirdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri iştirak edib. Azərbaycan nümayəndəsinin niyə iştirak etmədiyi haqda heç bir izahat verilməyib.

Screenshot_2.png (711 KB)

Yada salaq ki, Azərbaycan iyul- avqust aylarında da MDB çərçivəsində keçirilən iki tədbirə qatılmamışdı. MDB-nin baş katibi Sergey Lebedev Azərbaycandan nümayəndə heyətinin addımını “müvəqqəti hal” kimi izah etmişdi. Onun sözlərinə görə, Bakıdan birliklə bağlı heç bir mənfi bəyanat olmayıb. “Ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olaraq qalacaq”.
Rəsmi Bakı isə nümayəndə heyətinin MDB-nin iclaslarında iştirak etməməsini Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirilmir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə bir açıqlama vermişdi: "Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Azərbaycan nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. İclasda iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”. 

f6d742a25ebb41035666476887e4bcd6.jpg (356 KB)

Belarusda planlaşdırılan hər iki tədbir mühüm hesab olunur. Çünki xarici işlər nazirləri və baş nazirlər MDB liderlərinin görüşü üçün sənədləri müzakirə etməlidir. Əgər Bakı bu tədbirlərə qatılmazsa, bu artıq Rusiya üçün ciddi siqnal ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR