Onlayn ictimai-siyasi qəzet
Moskva gözlənilmədən Azərbaycana yaxın dəniz sularında dron hücumlarının qarşısını almaq üçün təlimlərə başladı
Rusiyanın Polşaya dron hücumundan sonra dünyada gərginlik daha da artıb. Bir gün əvvəl Rusiya və Belarus “Qərb-2025” hərbi təlimlərinə başlayır. Təlimlərdə 7-8 min hərbi qulluqçu, o cümlədən KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin hərbçiləri iştirak edəcək. Manevrlərin keçirilməsində məqsəd komandirlərin və qərargahların bacarıqlarını, qoşun qrupları arasında müştərək tapşırıqların həllində və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyət səviyyəsini artırmaqdır.
Musavat.com xəbər vereir ki, Rusiya gözlənilmədən NATO-ya heç bağlılığı və sərhədi olmayan Xəzərdə də təlimlərə başlamaq qərarı verib. Rusiya mediası xəbər verir ki, Xəzər Donanmasının ekipajları komanda-qərargah təlimlərinə başlayıblar, təlimlər çərçivəsində baza rayonlarının, iqtisadi zonanın müdafiəsi və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Kontr-admiral Oleq Zverevin rəhbərliyi altında manevrlərin praktiki mərhələsində iştirak etmək üçün 15-dən çox hərbi gəmi və yardımçı gəmi Xəzərə çıxarılıb.
Təlimlərə silahların praktiki tətbiqi ilə 25-dən çox döyüş epizodu daxildir. Bunlar arasında pilotsuz katerlərin və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi, Xəzər dənizində dəniz təsərrüfat fəaliyyətinin və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər də var. Mətbuat xidmətindən bildirilib ki, manevrlərin əsas məqsədi müasir silah və texnikadan istifadə etməklə qeyri-standart tapşırıqların həlli zamanı qüvvə qruplarının idarə olunması üzrə rəhbərliyin vərdişlərinin təkmilləşdirilməsidir.
İndiki məqamda Rusiyanın Xəzər dənizində hərbi təlimlərə başlaması müxtəlif suallar doğurur. Maraqlıdır, hərbi təlimlərin keçirilməsi vaxtı əvvəlcədən müəyyən olunub, yoxsa bu, Xəzəryani dövlətlərə əzələ nümayişidir? Bəllidir ki, Xəzərdə Rusiyanın çox böyük hərbi dəniz donanması var. Özü də sovet dövründə saxlanılan hərbi qüvvələr kiçik donanma hesab olunurdusa, Xəzərdə Rusiyanın saxladığı dəniz donanması çoxdan bütün parametrlərinə görə hərbi dəniz donanmasının göstəricilərinə malikdir.Rusiya Xəzər üzərindəki hərbi nəzarəti bütövlüklə öz üzərinə götürmək iştəhasındadır.
Yeri gəlmişkən, avqustun 22-də Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə Azərbaycanın Xəzərdə gücləndiyi haqda da danışıb. “Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq” , deyə ölkə başçısı qeyd edib.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ