Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2026-cı ildə 2025-lə müqayisədə müdafiə xərcləri 15,3% azalaraq 563,1 milyard dram (təxminən 1,463 milyard ABŞ dolları) təşkil edəcək. Mütləq ifadədə azalma 101,5 milyard dram (təxminən 264 milyon dollar) olacaq. Həm də 2026-cı il üçün ümumi büdcənin əhəmiyyətli şəkildə artması fonunda.
Yəni məntiqlə hərbi büdcənin böyüməsi tamamilə mümkün və real idi. Lakin Nikol Paşinyan hökuməti bu yolu seçməyib...
Ötən il Ermənistanın hərbi xərcləri təqribən 1.7 milyard dollar (ÜDM-nin 6%-İ qədər) olub. Müqayisə üçün: 2025-də Azərbaycanın hərbi-müdafiə xərcləri üçün 5.1 milyard dollar ayrılmışdı. Bu rəqəmin gələn ilə üçün də eyni olacağı gözlənilir. Beləcə, Bakı xərcləri yerində saxlayır, İrəvan isə azaldır.
Müsbət mesajdır və məntiqlidir. Niyə?
Əvvəla, ona görə ki, bizim ordumuz hücum üçün, işğal üçün nəzərdə tutulmayıb. Nə SSRİ dağılandan sonra, nə də SSRİ-dən öncə Azərbaycan heç bir ölkənin bir qarış torpağını zəbt etməyib. Tarixə belə fakt məlum deyil. Bakı və Ankaranın Ermənistanı ilhaq eləmək kimi bir planı da yox. İki qardaş ölkənin konstitusiyaları beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə tam uyğun.
Bu səbəbə bizim hərbi büdcəmiz heç bir qonşunmu narahat edə bilməz və etməməlidir. Əksinə, məhz Azərbaycan torpaqları ermənilərin hücumuna, işğala, etnik təmizləmələrə və soyqırımlarına məruz qalıb. Ermənistanın özü bu bəşəri cinayətlər hesabına hazırda monoetnik ölkədir. Bunlar haylara etibar etməmək üçün “daşdan keçən” danılmaz faktlardır...
Sözü ona gətiririk ki, kapitulyant ölkənin hərbi xərcləri azaltması anlaşılan olmaqla yanaşı, təqdiredicidir. Çünki ermənilər həmişə hücum ordusu qurmağa, qonşu xalqların ərazilərini işğal eləməyə çalışıblar. Bölgədə sülhə, əmin-amanlığa ən böyük təhlükə də həmişə onlardan qaynaqlanıb.
Deməli, problemi zəhmət çəkib özləri yoluna qoymalıdır. Ermənistan digər qonşular kimi sülhpərvər olduğunu sübut eləmlədir. Xüsusən də avqustun 8-də Ağ Evdə prezident Donald Trampın iştirakı ilə sənədlərin imzalanmasından sonra.
Başqa sözlə, hərbi büdcəni azaltmaq, - bu, həm də silah tədarükünün azalacağı deməkdir, - hələ yetərli deyil, gərəkdir ki, regional sülhə, regiona ən böyük təhlükə kimi Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı bəndlər, bədnam Müstəqillik Bəyannaməsinə istinadlar çıxarılsın. Üstəgəl, “Dağlıq Qarabağın” Ermənistan ərazisi kimi göstərildiyi Müstəqillik Bəyannaməsinin özü də beynəlxalq hüquqa uyğunlaşdırılsın...
Hər halda rəsmi İrəvan, baş nazir Nikol Paşinyan bu yöndə konkret öhdəliklər götürüb. Özü də ABŞ lideri qarşısında. Məsələn, imzalanan üçtərəfli Birgə Bəyannamədə, paraflanan sülh müqaviləsində bu barədə müvafiq bəndlər yer alır. Azərbaycan və Ermənistan arasında etimad tədbirlərinin artması (rəsmilərin Bakı və İrəvana qarşılıqlı səfərıləri və s.) fonunda İrəvanın öz hərbi büdcəsini böyütməsi riyakarlıq olardı.
Qonşu ölkənin bizimlə silahlanma yarışına girməsi də absurddur. Bu yarışda Ermənistanın Azərbaycana çatmaq şansı yoxudursa, təhlükəsizliyi təmin eləməyin ən etibarlı yolu Bakı və Ankara ilə dil tapmaq, siyasi-diplomatik, iqtisadi-ticari əlaqələr qurmaq olmazmı? Rusiya boyunduruğundan həmişəlik qurtuluş da bundan keçir. Məgər erməni xalqı bunu istəmir? Böyük güclərin əlində qonşulara qarşı maşa və qapazaltı olmaq bezdirmədimi?
Nəhayət, son “ştrix”. Çox vacibdir ki, İrəvanın öz hərbi büdcəni azaltmaq istəyini Avropada, Fransada da düz oxusunlar. Ermənistanı zorla silahlandırmağa cəhd göstərməsinlər. Yoxsa onların da “son mənzili” Bakıdakı Qənimətlər Parkı olacaq...
Analitik xidmət,
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ