İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Tramp tandeminə qarşı “gizli güc” faktoru: Türkiyə və ABŞ-ın maraqları məhz Yaxın Şərqdə toqquşur

Rəsmi Ankaranın prinsipial və qətiyyətli hərbi-siyasi manevrləri Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı mövcud planların gələcək taleyini artıq ciddi risk altına salıb... Belə ki, bu məqsədə hesablanmış ABŞ-İsrail ssenariləri demək olar, pozulmaq üzrədir, Türkiyənin Yaxın Şərq siyasəti hazırda ABŞ üçün əngəlləyici faktor sayılır...

Qlobal məkanda olduqca maraqlı proseslər cərəyan edir. Üstəlik, bu proseslərin birmənalı şəkildə mövcud dünya düzəninin məzmun və keyfiyyətini dəyişə biləcəyi də qətiyyən şübhə doğurmur. Belə ki, qlobal məkanda hazırda siyasi-diplomatik və hərbi proseslər demək olar, paralel xarakter daşıyır. Ona görə də, yeni dünya düzəninin formalaşmasında bu iki istiqamətin birmənalı şəkildə ümumi təsir fonu yaratdığı da açıq-aşkar müşahidə edilir. Və bu baxımdan, dünya nəhənglərinin geostrateji maraqlarının kəskin toqquşmasının doğurdurğu regional hərbi-siyasi böhranların nizamlanması kifayət qədər qəliz problemdir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar qlobal məkanda yeni siyasi iradə mərkəzlərinin də ön plana çıxmağa başladığı müşahidə edilir. Təbii ki, onların sırasında yer alan Türkiyənin də beynəlxalq arenada nüfuzunun ciddi şəkildə artdığı inkaredilməz reallıqdır. Belə ki, rəsmi Ankara son illərdə Türkiyəni regional liderlikdən qlobal siyasi iradə mərkəzlərindən biri səviyyəsinə yüksəltməyə nail olub. Və bu səbəbdən də, indi əksər qlobal problemlərin həlli prosesində Türkiyənin həm mövqeyi, həm də maraqları birmənalı şəkildə xüsusi önəm daşıyır.

yaxin-sherq-savash-Снимок.JPG (50 KB)

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Donald Tramp arasında görüş də bəzi regionlar üzrə hərbi-siyasi böhranların həll edilməsi baxımından, əhəmiyyətli hesab olunur. Hazırda iki dünya nəhənginin müzakirə edə biləcəyi qlobal səviyyədə böyük əhəmiyyət daşıyan problemlərin sırası kifayət qədər genişdir. Bəzi ehtimallara görə, iki dövlət lideri digər problemlərlə yanaşı, Yaxın Şərq böhranı, Ukrayna savaşının dayandırılma yolları və Cənubi Qafqazda sülh, sabitlik mövzularına xüsusi diqqət yetirə bilərlər. Və bu mövzular üzrə onların təmsil etdikləri dövlətlərin maraqlarında üst-üstə düşən məqamlarla yanaşı, kəskin ziddiyyətlərin mövcudluğu diqqəti çəkir.

Məsələ ondadır ki, prezident Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana xüsusi rəğbətini bir neçə dəfə açıq mətnlə ifadə edib. Ağ Ev sahibi ABŞ-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qaytarılmasında maraqlı olduğunu da vurğulayıb. Üstəlik, Bayden adminitrasiyası dönəmində pozulmuş Türkiyə-ABŞ münasibətlərinin prezident Donald Trampın hakimiyyəti dövründə ciddi şəkildə pozitiv məzmun aldığı da müşahidə edilir. Və hər iki dövlətin lideri ən böhranlı məsələlərin həllində belə, anlaşmağı bacardıqlarını artıq sübuta yetiriblər.

Bütün bunlara baxmayaraq, Türkiyə və ABŞ-ın strateji maraqlarında kəskin ziddiyyətlər bu iki nəhəng dövlətin daha sürətlə yaxınlaşmasını əngəlləyir. Belə ki, rəsmi Ankara NATO üzrə müttəfiqi olan ABŞ-dan F-16 və F-35 döyüş təyyarələri almaq istəyir. Ancaq Türkiyənin Rusiyadan aldığı “S-400” raket sistemlərini bəhanə gətirən ABŞ dəyəri belə, artıq ödənmiş hərbi ticarət sazişlərinin icrasını ləngidir. Və rəsmi Ankaranın “S-400” raket sistemlərini istifadədən çıxartmaq, hətta başqa bir ölkəyə satmaq barədə qərarının mövcud problemi aradan qaldıracağı gözlənilirdi.

G1SDIjLXMAAHHTd.jpg (133 KB)

Ancaq hazırda Ağ Ev sahibi Donald Tramp və prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı anlaşa biləcəyi o qədər də inandırıcı görünmür. Belə ki, son vaxtlar Türkiyə və İsrail arasında münasibətlər hətta hərbi qarşıdurma həddinə çatmış kimi görünür. Bəzi Qərb siyasi dairələri Türkiyə-İsrail savaşına hazır olmağı məsləhət görürlər. ABŞ isə İsrailin ən yaxın strateji müttəfiqidir. Ağ Ev Netanyahu hakimiyyətindən narazı olsa da, ABŞ İsrailə bütün məsələlərdə tam dəstəyi israrla davam etdirir. İsraillə savaş ehtimalı olduğu bir situasiyada ABŞ-ın Türkiyəyə F-16 və F-35 döyüş təyyarələri satmağa həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.

Məsələ ondadır ki, Türkiyə Suriyanın bərpa prosesində avanqard rolunu oynayır. Hətta Tramp administrasiyası belə, Türkiyənin Suriyanın bərpa prosesində avanqard rolu ilə barışdığını qətiyyən gizlətmir. Ancaq İsrail bu prosesi pozmaq üçün Suriyada daxili situasiyanı yenidən vətəndaş savaşı dövrünə qaytarmağa çalışır. Bəzi ehtimallara görə, Türkiyə və İsrail arasında silahlı toqquşma da məhz Suriya ərazisində baş verə bilər. Ona görə də, Ağ Evin İsrailin hərbi gücünü zəiflədə biləcək silah növlərini Türkiyəyə verməz. Və bu, hazırda Türkiyə-ABŞ münasibətlərində əsas ziddiyyət nöqtəsi hesab olunur.

tur-isr-abd-Снимок.JPG (62 KB)

Digər tərəfdən, rəsmi Ankaranın prinsipial və qətiyyətli hərbi-siyasi manevrləri Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı planları ciddi şəkildə risk altına salıb. Belə ki, bu məqsədə hesablanmış ABŞ-İsrail ssenariləri demək olar, pozulmaq üzrədir. Yəni, ona görə də, hazırda Türkiyə-ABŞ münasibətlərini tamamilə pozmağa çalışan “gizli güc” rolunu oynayan İsrailin maraqları ucbatından Ağ Ev üçün də rəsmi Ankaranın Yaxın Şərq siyasəti müəyyən mənada, problem xarakteri daşıyır. Və böyük ehtimalla prezident Donald Trampın Yaxın Şərq böhranı ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla anlaşma cəhdləri, rəsmi Ankaranın maraqları nəzərə alınmadığı təqdirdə, boşa çıxa bilər.

Göründüyü kimi, Ərdoğan-Tramp tandemi nə qədər pozitiv reallıq olsa da, Türkiyə və ABŞ arasındakı geostrateji ziddiyyətlər iki dünya nəhənginin qarşılıqlı münasibətlərinin inkişafında əsas əngəlləyici faktor olaraq, qalmaqdadır. Ancaq buna baxmayaraq, rəsmi Ankaranın Ağ Evlə həm Ukrayna savaşının dayandırılmasında, həm də Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında ortaq mövqedən çıxış etməsi də qətiyyən istisna deyil. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik potensialı, eləcə də, Türkiyənin Cənubi Qafqaza həlledici təsir mexanizmlərinin olması ABŞ-ın maraqları üçün də cəlbedici xarakter daşıyır. Və bu baxımdan, Ərdoğan-Tramp görüşü “iki irəli, bir geri addım” prinsipinin təsiri altında qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR