İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün həlledici aylar: Ermənistan regional sülh sazişi ərəfəsində

Azərbaycan, Türkiyə və Ermənistan arasında son görüşlər fonunda 2026-cı ilə qədər sülh sazişinin imzalanacağına dair ümidlər güclənib. 8 avqustda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilən Paşinyan–Əliyev görüşü danışıqların intensivləşməsinə səbəb olub. Paralel olaraq, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində də proseslər sürət qazanır.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə İtaliyada yerləşən Osservatorio Balcani e Caucaso Transeuropa (OBCT) tərəfindən hazırlanan analitik yazıda bildirilir.

Yazıda 12 sentyabrda İrəvanda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi elçisi Serdar Kılıç arasında altıncı görüş keçirildiyi vurğulanıb.

“Bu, 2022-ci ildən bəri davam edən dialoq çərçivəsində ilk dəfə idi ki, görüş Ermənistan paytaxtında baş tuturdu. Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşdən sonra açıqlamasında qeyd edib ki, Azərbaycan-Ermənistan sülh sazişinin 2026-cı ilin ilk yarısında imzalanması gözlənilir və bundan dərhal sonra Ermənistan–Türkiyə münasibətlərinin tam normallaşması və sərhədlərin açılması mümkün olacaq.

Rəsmi İrəvan isə sərhədlərin daha tez açılacağına ümid edir və yeni ticarət yollarından yararlanmaq istəyir. Bununla yanaşı, daxildə Paşinyan hökuməti ciddi tənqidlərə məruz qalır. Sentyabrda hökumətin Ermənistan pasport və sərhəd möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı müxalifət tərəfindən “milli kimliyin zəiflədilməsi” kimi qiymətləndirilib. Baş nazir isə bu addımın Türkiyə ilə danışıqlarla bağlı olmadığını bildirir.

Hazırda Ermənistan parlament seçkilərinə 2026-cı ilin iyununda hazırlaşır. Paşinyanın reytinqi rekord dərəcədə aşağı düşüb və onun siyasi taleyi birbaşa sülh prosesinin nəticələrinə bağlanıb. Azərbaycan isə İrəvandan konstitusiyaya dəyişiklik edilməsini tələb edir ki, bu da sazişin imzalanmasını ləngidə bilər. Türkiyə də normallaşmanı Bakı ilə razılaşmanın nəticəsi kimi görməkdə israrlıdır.

Beləliklə, qarşıdakı aylar Ermənistanın siyasi kursu üçün həlledici olacaq. Paşinyan üçün sülh prosesi həm daxili sabitliyi təmin etmək, həm də beynəlxalq nüfuzunu qorumaq baxımından son şans hesab olunur. Əliyev və Ərdoğan üçün isə uğurlu nəticə regionda təsirin genişlənməsi və iqtisadi imkanların açılması deməkdir. ABŞ isə bu vasitəçilikdən yeni diplomatik qələbə qazanmağa ümid edir”,- deyə yazıda qeyd olunur.

Sonda qeyd edək ki, OBCT – İtaliyanın Trento şəhərində fəaliyyət göstərən, Balkanlar, Qafqaz və Avropa inteqrasiyası mövzularında araşdırmalar aparan və regional geosiyasət, insan hüquqları, demokratiya məsələləri ilə bağlı təhlillər dərc edən nüfuzlu araşdırma mərkəzidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR