Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ədliyyə naziri Srbui Qalyan “Dördüncü respublikanın elan olunması” ilə bağlı yerli ictimaiyyətdə səslənən fikirlərə münasibət bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirilən hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Erməni nazirin sözlərinə görə, siyasi komandanın öz yanaşmalarını irəli sürməsi və gələcək addımlarını proqram şəklində təqdim etməsi normaldır. “Əgər xalq hökumətin yanaşmalarını qəbul etmirsə, seçkilərdə ona səs verməyəcək. Dördüncü respublikanın elan olunması ilə bağlı məsələlər yalnız xalqın iradəsi ilə reallaşa bilər. Başqa variant yoxdur”, – deyə o qeyd edib.
Qalyan bildirib ki, yeni respublikanın elan olunması yeni konstitusiyanın qəbulunu nəzərdə tuta bilər, lakin bu proses qanuniliyə əsaslanmalıdır.
Nazir vurğulayıb ki, mövzu heç bir halda Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinadı aradan qaldırmaqla bağlı deyil: “Bu, tarixi reallıqdır. Üçüncü respublika yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bildi. Bu, tarixi sənəddir və onu tarixdən silmək mümkün deyil”.
Onun sözlərinə görə, Konstitusiyada Bəyannaməyə istinadın saxlanılıb-saxlanılmaması məsələsi hələ müzakirəyə çıxarılmayıb.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ