İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniyə "ayı xidməti" - Şüşəli evdən bizə daş atan İvanın nəzərinə!

Toponimlərimiz, tarixi yer adlarımız hər şeydən öncə qan yaddaşımızdır. Gənc nəslin milli ruhda böyüməsi üçün çox mühüm şərtlərdəndir.

Rusiya tərəfinin təzədən və həyasızcasına üzdəniraq “Stepanakert” adını gündəmə gətirmək cəhdinə bizim dövlət, cəmiyyət, media olaraq, sərt etirazımız ən əvvəl bundan qaynaqlanır. Yəni yerində, normal bir reaksiya...

İllah da bunu qanlı və ilhaqçı müharibələr hesabına formalaşan, ərazisindəki yüzlərlə tarixi, aborigen adları süni adlarla əvəzləyən Rusiya adlı bir dövlətin rəsmi qurumları və şəxsləri edirsə, ikiqat rəzillikdir. Bəyəm Xankəndi necə “Stepanakert”ə çevrilib, Moskvada bilmirlər? Gözəl bilirlər.

Gerçək belədir ki, 102 il qabaq (1923) Azərbaycan SSR tərkibində heç bir əsas olmaya-olmaya, bir ovuc erməniyə “DQMV” bəxşiş edib dövlətçiliyimiz altına “gec partlayan bomba”nı məhz Moskva qoymuşdu. Axı eyni dövlətdə (SSRİ) ermənilərin öz respublikası ola-ola, onlara üstəlik, muxtar qurum yaratmağa nə ehtiyac vardı? Nədən sayca bir neçə dəfə çox olan və kompakt şəkildə yaşayan azərbaycanlılara da Ermənistan SSR tərkibində muxtariyyət haqqı tanınmadı? Artıq bu sualların dəqiq cavabları bəlli...

Mətləbdən uzaqlaşmayaq.

“Stepanakert” adlı terror yuvası şəkk-şübhəsiz, Azərbaycan xalqının başına müsibətlər gətirmiş separatçı-xunta rejiminin həm də mənəvi “paytaxtı” idi. Həmçinin torpaqlarımızda rusun əli ilə ikinci “erməni dövləti” qurmaq üçün ideoloji bir baza, atribut, simvol sayılırdı. Axı ağızlarında 102 il əvvəlin şirəsi qalmışdı.

Azərbaycan xalqının düşməni, qatil və cani Stepan Şaumyanın adını daşıyan bir şəhərdə rusun köməyi ilə silahlanmış erməni faşistlərinin hansı “ülvi” hədəf və arzuları ola bilərdi ki. Bu xüsusda “Stepanakert”in adı və özü separatçılar üçün, müharibə cinayətkarları üçün çox şey demək idi, əlavə psixoloji güc qaynağı idi...

Odur ki, hələ 1991-də “DQMV”-ni ləğv edərək separatçıların və havadarlarının əlindəki ideoloji silahı xeyli kəsərsiz elədik. Hər necə olmasa, keçmiş Dağlıq Qarabağ da beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz hissəsi sayılırdı. 2023-ün sentyabrında isə Müzəffər Ordumuz “baltanı” dibindən necə vurdusa, Qarabağda separatimin kökünü həmişəlik kəsdik, yerini də “dezinfeksiya” elədik. Nəhayət, Xankəndinin halal adını bu dəfə de-fakto ona qaytardıq.

Bunu da yada salmağın yeri var: “sülhməramlılar” Qarabağda olduğu müddətdə Rusiya Müdafiə Nazirliyi öz bülletenlərində həmişə Xankəndi daxil, Qarabağdakı tarixi məskənlərimizi ermənilərin uydurma və eybəcər adları ilə təqdim edirdi. İndi “çaya ikinci dəfə” girib yenə zavallı erməniyə “ayı xidməti” göstərmək istəyirlər. Getdi o dövran...

Əlbəttə ki, bu, həm də ilahi ədalətin təntənəsi idi. Qısası, erməni separatizminə və onun havadarlarına elə bir dağ çəkdik ki, tüstüləri təpələrindən hələ çox çıxacaq. Bu gün onlar yeni reallıqla barışa bilmirlər. İyrənc adları yada salmaqla bizi ağcaqanad kimi sancmağa, acıq verməyə çalışırlar. Öz aləmlərində dövlətimizi aşağılayırlar. Buna cavabımızın sərt olacağını bilə-bilə.

Necə ki, Rusiyanın dövlət agentliyi olan TASS xəbərdarlığımızdan sonra geri çəkildi. “Stepanakert” sözünü sildi. Doğrudur, əvəzində “Dağlıq Qarabağ” ifadəsini yazıb. Amma enində-sonunda biz deyənlə barışacaqlar. Niyə?

Çünki ayrı yolları, çarələri yox. Qalmayıb. Olmayacaq. Necə ki, Kirovabada çoxdan Gəncə deyir, Gəncə yazırlar, Xankəndi də öz adı ilə çağırılmalıdır. Etməsələr, biz də Rusiyanın adı saxtalaşdırılmış onlarla şəhərini öz tarixi adları ilə çağırarıq. Şüşəli evdə oturan başqalarına daş atmaqdan öncə gərək iki dəfə düşünsün. Üstəgəl, o, alkoqol aludəçisidirsə, daha bir dəfə...

P.S. TASS artıq "Dağlıq Qarabağ" ifadəsindən "Dağlıq" sözünü silib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR