İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciələrin statistikası – savaşan tərəflər “GERİYƏ YOL YOXDUR” havasına giriblər

Faciələrin statistikaya çevrildiyi günlərdə yaşayırıq. Həm də bu faciələr lokal miqyasda deyil, yüz minləri, milyonları əhatə edir.

Artıq Rusiya-Ukrayna savaşında nə qədər hərbçinin, mülki insanın öldüyü məlum deyil. Hesab itib. Tərəflər yalnız düşmən hərbçilərinin məhv edilməsinə dair dəqiq olmayan, şişirdilmiş rəqəmlər yayır. Hər iki tərəf öz hərbi itkisini ya azaldır, ya da danır. Qayda belədir.

Böyük bir ölkənin - Ukraynanın yarısı darmadağın dağılıb, şəhərlər, qəsəbələr, kəndlər yerlə yeksan olub. Əhalisi Avropa ölkələrinə dağılıb.

Müharibənin əvvəlində ruslar düşünürdü ki, hərbi əməliyyatlar yalnız Ukrayna ərazisində gedəcək, amma yanıldılar. Dağıdıcı müharibə Rusiyanın Belqorod, Kazan, Moskva, Qroznı, Kursk, hətta Murmansk və İrkutsk kimi şəhərlərini də vurdu. Pilotsuz təyyarələr uça-uça təyinat nöqtəsinə çatırlar.

Ukraynanın dronlar hərbi aerodromlardakı bombardmançı təyyarələri vurub bərbad edəndə Rusiya mediası siyasi rəhbərliyə istinadla bunu “terror aktı” kimi dəyərləndirdi, ancaq Rusiya həmin hücumun eynisinin on qatını 2022-ci ilin fevralından bu günə qədər edib və edir, amma bunun adı “xüsusi hərbi əməliyyat”dır.
Bu “xüsusi hərbi əməliiyyat”ın ömrünün 1941-45 müharibəsi qədər sürməsinə bir şey qalmayıb. Əldə dağıntılardan, qan-qadadan başqa bir şey yoxdur.

Lap ilk gündən Ukrayna və Rusiyanın qonşuları, eləcə də keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətlər bu müharibəni “mənasız münaqişə” adlandırırdılar və hər kəsi düşünürdü ki, 6 aya qalmaz, müharibə sona çatar, ixtilaf çözülər.

“Mənasız müharibə”nin 4-cü ilinin 4-cü ayı xırdalanır, amma sanki savaş hələ indi, qızışır, şiddətlənir.
Aqressiv tərəfə - Rusiyaya dayanması, geri çəkilməsi üçün edilən təzyiqlərin, təhdidlərin, tətbiq olunan sanksiyaların heç bir xeyri yoxdur. Prezident Putin sona qədər getməkdə israrlıdır. Sanki and içib. Bu, onun üçün prinsipial məsələdir. Hazırda Putin özünü 1815-ci ildə Napoleonun Vaterlooda hiss etdiyi kimi hiss edir, bilir ki, geri çəkilsə, müharibədə qalib gəlməsə, aqibəti yaxşı olmayacaq.

Ancaq Ukrayna tərəfinə dəstək verən dövlətlər onun daha da irəli getməsinə imkan vermək niyyətində deyillər. Sovet-alman müharibəsində qanadlı ifadəyə dönmüş “Geriyə yol yoxdur, arxada Moskvadır” kəlamını müasir dövrə inikas etdirsək, belə demək olar: “Geriyə yol yoxdur, arxada Lvov, Varşava, Praqa, Berlin, Paris, Helsinki, Amsterdam, Brüssel, Stokholmdur”.

Ötən il bu vaxtlar “prezident seçilsəm, Rusiya-Ukrayna müharibəsini 24 saata həll edəcəm” deyə döşünə döyən Donald Trampın ABŞ prezidenti seçilməsinin 5 ayı 13 gündən sonra tamam olacaq, amma sözügedən savaş onun dövründə nəinki səngiyib, hətta daha da şiddətlənib. Trampın da əlindən bir iş gəlmir. O yalnız ya döyüşən tərəflərin məsuliyyəti arasında bərabərlik işarəsi qoyur (sanki ərazisinin işğala məruz qalmasına görə Ukrayna da günahkardır), ya da Rusiyaya irad bildirir, Ukraynanı isə təhdid edir.

Sonuncu dəfə o, Ukraynanın Rusiya aerodromlarındakı bombardmançı təyyarələrini dronlarla məhv etməsi barədə danışarkən deyib ki, ukraynalılar Putinə onları bombalamaq üçün bəhanə verdilər. “Bunu görəndə dedim: hər şey bitdi, indi cavab zərbəsi gələcək”, - Tramp deyib.

Onun bu sözləri Putinə Ukraynaya qarşı taktiki nüvə silahından istifadəyə icazə verməsi kimi bir şeydir.
Tramp hələ seçki kampaniyasına başladığı və vəzifəyə gəldiyi ilk gündən Rusiya-Ukrayna müharibəsinin ikincinin kapitulyasiyası ilə bitməsinə çalışır və zaman-zaman bu niyyətini daha açıq şəkildə ifadə edir. Putin kimi o da başqa yol görmür.

Bu ikilinin bəlli niyyətinin həyata keçməsinin qarşısını alan qüdrətli Avropa dövlətləri, bir də əzmlə vuruşan, təslim olmaq istəməyən ukraynalı hərbçilərdir. Yoxsa bu müharibə çoxdan başa çatmış olardı.

Nəticədə Avropa qitəsində gedən qanlı müharibənin faciələri statistik rəqəmlərlə ifadə olunur: “40 qırıcı vuruldu”, “düşmənin yüzlərlə əsgəri məhv edildi”, “hədəflərə 500 raket atıldı”, “150 hərbçi əsir götürüldüi” və sair və ilaxır.

Bu “məhvedilmə”lərin arxasında minlərlə dağılmış ailə, yarımçıq kəsilməş ömürlər, yüzlərlə şəhərə səpələnmiş, həyatı məhv olmuş, pis yollara düşmüş qadınlar, yetim qalmış körpələr durur. Amma bu faciələr müharibəni sona qədər davam etdirmək istəyən hökmdarın vecinə də deyil. O, tarixdə Napoleon və Hitler kimi yox, ən azı Stalin kimi qalmaq istəyir. “İtki nə qədər olur-olsun, təki qalib gələk” – onun devizi budur.

Faciələrin qaynağı da elə budur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR