İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Trampda: bazar ertəsi Ukrayna ilə bağlı elə bir plan təqdim edə bilər ki... - DETALLAR

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ukraynaya yönəlik yeni hərbi yardım planını açıqlayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, məlumata görə, Tramp administrasiyası Ukraynadakı müharibədə balansı dəyişə biləcək hücum silahlarının tədarükünü nəzərdən keçirir.

Bu silahlar sırasında uzaqmənzilli raket sistemləri, dron texnologiyası və tank əleyhinə sistemlər kimi imkanların ola biləcəyi iddia olunur.

Donald Trampın bu addımı həm Ukraynada, həm də beynəlxalq aləmdə böyük maraqla gözlənilir. Xüsusilə də Trampın əvvəlki çıxışlarında “müharibəni 24 saata dayandıracağam” deməsi və NATO-ya yanaşmasındakı qeyri-müəyyən ritorika fonunda bu cür hərbi yardım təşəbbüsü siyasi çevrələrdə ziddiyyətli reaksiyalar doğurub.

Əgər plan reallaşarsa, bu, ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyin daha təsirli mərhələyə keçməsi anlamına gələcək.

Müdafiə xarakterli silahlardan fərqli olaraq hücum silahları düşmən mövqelərinə birbaşa və təsiredici zərbələr endirmək üçün nəzərdə tutulub. Bu, Ukraynanın Rusiya qüvvələrinə qarşı strateji üstünlük əldə etməsinə imkan verə bilər.

Trampın bu təşəbbüsü Respublikaçılar Partiyası daxilində də birmənalı qarşılanmayıb. Partiyanın bəzi üzvləri Ukraynaya yeni yardım paketlərini dəstəkləyərkən, digərləri ABŞ büdcəsinə düşən yükü əsas gətirərək buna qarşı çıxır. Donald Trampın açıqlayacağı planın Konqresin dəstəyini qazanıb-qazanmayacağı hələlik məlum deyil.

Ukrayna prezidenti Volodimir Zelenski isə ABŞ-dan daha təsirli dəstək gözlədiklərini bildirib. O, Trampın planı barədə rəsmi məlumat almadıqlarını desə də, “əgər bu, müharibənin ədalətli sonuna gətirəcəksə, biz buna açığıq” ifadəsini işlədib.

Hərbi ekspertlərə görə, ABŞ-ın Ukraynaya hücum silahları göndərməsi Rusiyanın sərt cavabına səbəb ola bilər. Kreml daha öncə dəfələrlə bu cür addımların “qırmızı xətt” olduğunu bəyan edib. Belə bir yardım paketi bölgədə geosiyasi gərginliyin artmasına gətirib çıxara bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR