Onlayn ictimai-siyasi qəzet
Gürcüstan hakimiyyəti ölkədə Qərbdəki müəyyən qüvvələrin təşkil etdiyi beşinci inqilab cəhdinə imkan verməyəcək.
Musavat.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib: "Kənardan maliyyələşən, kilsəyə, dövlət qurumlarına qarşı yönəlmiş bütöv kampaniyalar olub. Dövlətimizin və ölkənin kimliyi ilə bağlı hər şeyə qarşı. Təbii ki, biz belə bir fürsət verməyəcəyik. Kimlərsə bunu demokratiyadan geri çəkilmə adlandıranda, bu, onların niyyətlərinin yaxşı göstəricisidir. Onlar dörd cəhddən sonra ölkəmizdə inqilab etmək etmək üçün beşinci cəhdə çalışırlar, buna imkan verilməyəcək, dövlət öz mövqelərini sona qədər möhkəmləndirəcək”.
Baş nazirin qeyd etdiyinə görə, Gürcüstan hakimiyyəti “alternativi olmayan yolla”, o cümlədən Qərbdə tənqid olunan qanunları qəbul etməklə inamla irəliləyir. Kobaxidze qeyd edib ki, son dörd ildə ölkədə dörd dəfə inqilab cəhdi olub.
O, həmçinin Slovakiyanın baş naziri Robert Fikonun dövlət qurumlarına kənardan hücumlar, nifrətin qızışdırılması ilə bağlı sözlərini misal çəkib. Kobaxidze qeyd edib ki, oxşar vəziyyət Gürcüstanda da olub. Gürcüstanın baş naziri hesab edir ki, Gürcüstan xarici agentlər haqqında qanun kimi tədbirlər görərkən, Qərb bunu demokratiyadan geri çəkilmə kimi qiymətləndirir. Kobaxidze vurğulayıb ki, bu qanunlar dövlət qurumlarını, o cümlədən hüquq-mühafizə orqanlarını, eləcə də əhalini nifrətin qızışdırılmasından qorumaq məqsədi daşıyır.
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ