İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həkim” Vilayəti və İranın “xəstəliyi”nin Zəngəzur dərdi

Doğrusu, 2013-cü ildə çap etdirdiyi kitabda Azərbaycan xalqının tarixi və ana dili ilə bağlı panfarsistlərin belə həsəd aparacağı ölçüdə saxtakarlıqlar edən Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlər səsləndirsəydi, təəccüblənərdim. Biz Azərbaycanın XX əsrin sonunda müstəqilliyini bərpa etməsini süngü ilə qarşılayan çirkin düşüncənin hələ də dəyişmədiyini ən azı İkinci Qarabağ müharibəsində qazandığımız böyük qələbədən sonra sərhədimizdə və səfirliyimizdə törədilənlərə görə yaxşı dərk edirik. İlk ixtisası həkimlik olan bu şəxs görünür, türk coğrafiyasının birləşmə nöqtəsinə çevrilən Zəngəzur dəhlizinin qapalı qalmasını faşizm xəstəliyinə tutulmuş İran hakimiyyətindəki məlum cinahın dərdinə yeganə dərman hesab edir. Ancaq niyyəti və təfəkkürü sağlam bütün insanlar anlayır ki, belə müalicələrin xroniki “xəstəni” sağaltması mümkün deyil. Bu mərəzin aradan qalxması üçün ən təsirli və effektiv resepti isə zamanı çatanda o taylı-bu taylı Azərbaycan birgə yazacaq. Əmin olsunlar!

Türk sözünə allergiyasını bu və ya digər formada daim büruzə verən, mənsub olduğu millətin (?) sadəcə türkdilli olması fikrinin təbliğatçılarından olan belə manqurtlar yəqin ki, bütün xalqlarda var. Üzərimizə yönəltdiklərinin dili ilə daim bizi aşağılamağa çalışan, dövlətimizi zəif, gücsüz, qüdrətsiz adlandıran və 2020-ci ildən etibarən isə rəsmi Bakının gözlənilməz sıçrayışları ilə qarşılaşan cənub qonşumuzun gəmiləri son beş ildə Azərbaycan adlı dəryada sürətlə qərq olmaqdadır. Belə görünür ki, növbəti itkiləri “Zəngəzur” olacaq.

Ümumiyyətlə, “Şahnamə”də bədii formada ifadə olunan toksiklərin daşıyıcısı olan müasir türk düşmənləri üçün mövzu bitən deyil; bu gün Zəngəzurdur, dünən Qarabağ idi, sabah isə ayrı bir adla ifadə oluna bilər.

Onların amal və narahatlıqları isə dəyişməzdir: Azərbaycan Respublikasının milli məqsədlərinin həyata keçməsinə mane olmaq və çox əhəmiyyətli milli və siyasi hüquqlarından məhrum olan Güney Azərbaycan türklərinin oyanışına imkan verməmək.

Qarşıda qlobal miqyasda yaxın müddətdə baş verəcək bir sıra hadisələr regionun gələcək siyasi məzərəsinin detallarını ortaya çıxaracaq. Hadisələrin inkişafı İranın Azərbaycanı böyük Türk dünyasının qovuşma nöqtəsinə çevirəcək Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün hansı fitnələrə əl atacağını dəqiq göstərəcək. Ancaq onlar unudurlar ki, artıq gecdir! Üzülsələr də, qəbul etməlidirlər ki, əski Azərbaycan yoxdur. Qatar 2020-ci ilin 27 sentyabrından etibarən yola çıxıb, qalıb mənzil başına çatması.

Burada diqqətə alınası ən önəmli məsələ rəsmi Bakının və Azərbaycan xalqının artıq ona mane olanların fikrinə deyil, onun yolunu açan düşüncələrə hakim kəsilməsidir. Tarixin gedişatını dəyişən, siyasi və hərbi müstəvidə dövlətimizi regional liderə çevirən, xalqımızı mənəvi, coğrafi və siyasi miqyasca böyüdüb düşmənləri məyus edən İlham Əliyevin arxasındakı xalqın gücünə və strateji baba yurduna gedən yolun qarşısındakı maneələri də aşacağına zərrə qədər şübhəm yoxdur.

Şəhidlərimizin ruhu şad olsun!

ELMED.jpeg (296 KB)

Elməddin Behbud,
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR