Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-ABŞ münasibətləri Cozef Baydenin prezidentliyi dövründə ən gərgin mərhələlərdən birini yaşadı. Bayden administrasiyası dondurulmuş “907 saylı düzəlişi” bərpa etdi, rəsmi Bakıya qarşı qərəzli mövqe sərgilədi. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, həmin dövrdə Bayden-Blinken komandasına etimad “sıfır” səviyyəsində idi və münasibətlər dərin böhran içindəydi. Bayden hakimiyyətdən gedəndən sonra Azərbaycana qarşı şər-böhtan kampaniyası dayandı.
Donald Trampın birinci prezidentliyi dövründə isə münasibətlər tam əksinə olaraq ən yüksək səviyyədə inkişaf etmişdi. 44 günlük Vətən müharibəsi də məhz onun hakimiyyəti dövrünə təsadüf etmişdi. Həmin vaxt Ağ Ev Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş, tərəfləri mülki şəxslərin zərər görməməsinə çağırmışdı.
Trampın prezidentliyi illərində enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar formalaşdı. İki ölkə liderləri arasında qarşılıqlı hörmət və etimad münasibətləri yarandı. 2019-cu ildə Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Prezident İlham Əliyevə zəng edərək enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesini müzakirə etmişdi.
İlham Əliyev son illərdə dəfələrlə Trampa açıq dəstəyini ifadə edib. Şuşada keçirilən II Qlobal Media Forumunda çıxış edən Prezident Əliyev Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir yeni müharibəyə başlamadığını xüsusi vurğuladı: “Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı. Bu fakt böyük hörmətə layiqdir”.
Trampa qarşı sui-qəsd cəhdi zamanı Azərbaycan lideri ilk etiraz edən dövlət başçılarından biri oldu. İlham Əliyev “X” platformasında yayımladığı bəyanatda bildirdi: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
2024-cü ilin 21 iyulunda Şuşa, II Qlobal Media Forumunda dövlət başçısı daha bir fikri səsləndirdi: “Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”. Bu fikirlərinin ardınca İlham Əliyevə qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzuladığı barədə sual gəlir. “Tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim” – beləliklə, İlham Əliyev D.Trampa açıq dəstəyini ifadə edirdi. Bütün Avropa liderləri Donald Trampın məğlubiyyətini arzuladıqlarını açıq bəyan edəndə, hətta Fransa Prezidenti Emmanuel Makron onu açıq-aşkar məsxərəyə qoyanda, MDB məkanının, eləcə də Asiya və Afrika ölkələrinin əksər rəhbərləri Bayden-Harris cütlüyünə dəstəyini nümayiş etdirəndə, fərqli mövqeyini açıq şəkildə bəyan edən yeganə liderlərdən biri İlham Əliyev idi.
Donald Trampın yenidən prezident seçilməsi münasibətilə İlham Əliyev göndərdiyi təbrik məktubunda iki ölkə arasında illərdir mövcud olan etimadın və əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağına ümidvar olduğunu bildirdi: “Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.
İlham Əliyev yenidən Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibətilə bu ilin noyabrın 25-də Donald Trampa zəngində də eyni fikirləri bildirmişdi. Prezident vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev, 2025-ci il 21 yanvar tarixində Donald Trampa ABŞ-ın 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı məktubunda, onun dünya sülhünün təşviqində və beynəlxalq təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə ABŞ milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə qarşı daim sıx əməkdaşlıq edib.
“ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmininə xidmət edən, xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş enerji əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Ölkəmizin enerji siyasətinə verdiyiniz qətiyyətli dəstək bizim üçün xüsusilə dəyərlidir. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələrində Birləşmiş Ştatlarla fəal, səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindəyik.
Əminəm ki, yeni prezidentliyiniz dövründə Azərbaycan-ABŞ dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək, qarşılıqlı münasibətlərimiz yeni məzmun kəsb edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”, – İlham Əliyev məktubunda qeyd edib. Azərbaycan tərəfi siyasi, iqtisadi, təhlükəsizlik, enerji, yaşıl keçid və rəqəmsal inkişaf sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər zaman faciəvi hadisələr zamanı da ABŞ-nin yanında olduğunu göstərib. O, bu ilin iyul ayının 7-də Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar olması ilə bağlı həmkarı Donald Trampa başsağlı verib:
“Hörmətli cənab Prezident,
Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”, - deyə başsağlığında dövlət başçısı bildirib.
Tramp da daima dövlət başçımıza məktublarında Azərbaycanla dostluq və tərəfdaşlığı yüksək qiymətləndirdiyini, Cənubi Qafqazda sülhün təmin edilməsində birgə fəaliyyətin vacibliyini vurğulayıb:
“Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır", -deyə Tramp bu ilin mayın 28-də Müstəqillik Günü münasibətilə prezidentə ünvanladığı məktubda bildirib.
2025-ci ilin iyulunda isə dünya diplomatiyasında nadir sayılan bir jest baş verdi – Donald Tramp Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını öz sosial media hesabında paylaşdı. Bu, sıradan “repost” deyildi. Paylaşımın arxasında ciddi siyasi mesaj vardı – Tramp bununla Azərbaycana strateji tərəfdaş kimi xüsusi önəm verdiyini nümayiş etdirdi, həm də göstərdi ki, regionun gündəmi ABŞ üçün prioritetdir.
Prezident İlham Əliyev bu jestə cavab olaraq Trampa təşəkkür etdi və onun prezidentliyi dövründə iki ölkə münasibətlərinin yeni səviyyəyə qalxacağına inandığını vurğuladı:
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.
Azərbaycanın ABŞ-la münasibətlərində etimad və qarşılıqlı hörmət üzərində qurulmuş bu yeni mərhələ yalnız ikitərəfli əlaqələrə deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək əhəmiyyətli bir siyasi prosesdir.
Şahanə Rəhimli,
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ