Onlayn ictimai-siyasi qəzet
Rusiya tarixində yazıçıların təqib olunması, xor görülməsi, cəzalandırılması halları çar dövründə də olub, sovet dönəmində də. Bu sırada Lermontov, Radişev, Soljenitsın və başqa parlaq imzalar var.
Hazırda da Rusiyada bir sıra məşhur yazıçılar təqibə məruz qalır. Onlara qarşı cinayət işləri açılır, kitabları satışdan çıxarılır, barələrində mediada qara piar kampaniyası aparılır və s. Bu müəlliflərin arasında ən məşhurları Boris Akunin, Vladimir Sorokin, Dmitri Bıkov, Lyudmila Ulitskayadır.
Rusiya kitab mağazaları və kitabxanaları Boris Akuninin (Qriqori Çxartişvili) kitablarını hələ 2022-ci ildə satışdan yığışdırmaya başlayıb. Buna səbəb yazıçının Rusiyanın Ukrayna üzərinə başlatdığı genişmiqyaslı “xüsusi əməliyyat” olub.
Yeni təqib dalğası 2023-cü ilin sonunda yazıçıya Aleksandr Tkaçenkonun (2023-cü ilin iyul ayına qədər Ukraynanın mədəniyyət naziri postunu tutub) adından zəng edən Vovan və Leksusun (Vladimir Kuznetsov və Aleksey Stolyarov) “zarafat”ından sonra başlanıb. Akunin onlarla söhbətində Ukraynaya kömək etmək üçün pul topladığını söyləyib.
Hazırda yazıçı Rusiya Federasiyası CM-in terrorçuluğa ictimai bəraət qazandırmaq maddəsi ilə təqib olunur. O, 2014-cü ildən Rusiyada yaşamır və ölkəsində “düşmən” adlandırılır.
Yazıçı Lyudmila Ulitskaya da Ukrayna ilə müharibəni pislədiyi üçün təqibə məruz qalıb və ölkəni tərk etməli olub. 2022-ci ilin payızından onun kitabları mağazalardan yığışdırılıb.
2023-cü ilin yanvarında Vovan və Lexus Ulitskayanı da təxribata çəkiblər. Onlar ona Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermakın adından zəng ediblər və yazıçı kitablarının satışından gələn qonorarın “Ukraynaya getdiyini” deyib.
Rusiyanın məxfi xidmətlərinə işləmələri şübhə doğurmayan Vovan və Leksusun təxribatından əziyyət çəkən digər yazıçı Dmitri Bıkov olub. “Yermak”la söhbətində yazıçı Ukraynaya gəlməkdən, yerli universitetlərdə dərs deməkdən və ya başqa işlərlə məşğul olmaqdan imtina etməyəcəyini, Ukrayna ordusunun Mariupolu rus işğalçılardan azad etməsini gözlədiyini bildirib.
2023-cü ilin yanvar ayında Bıkov barəsində “arzuolunmaz” təşkilatın fəaliyyətində iştiraka görə inzibati maddə ilə protokol tərtib edilib.
2024-cü il yanvarın əvvəlində ictimai təşkilatlar Daxili İşlər Nazirliyindən Vladimir Sorokinin “İrs” romanında “pedofiliyanın təbliğatı”na görə təftiş aparılmasını xahiş ediblər. Müraciəti 1500 nəfər imzalayıb. Romanı nəşr edən AST nəşriyyatı onu ekspertizaya göndərib. Sorokin ittihamları rədd edib. O, donos ətrafında yaranan rezonansı “bir qrup xəbərçi tərəfindən qaldırılan ajiotaj” adlandırıb.
Ümumiyyətlə, bu gün Rusiyada hansı yaradıcı ziyalı sülh çağırışı edirsə, dərhal “xarici agent” elan edilir.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ