İnsanlara hürriyət, millətlərə istiqlal!

907-ci düzəliş tarixə gömülür - "Amerika Azərbaycanı strateji tərəfdaş kimi görəcəksə..."

Amerika prezidenti Donald Trampla dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək üçtərəfli görüşə saatlar qalır. Hazırda bu istiqamətdə əsas diqqət yönələn məsələlərdən biri də 907-ci düzəlişlə bağlıdır.

Musavat.com bildirir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı öz mülahizələrini bölüşüb:

"Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzalayacaqları müxtəlif sənədlərin bir faydası da ondadır ki, bu razılaşmalar ABŞ və Avropa ölkələrindəki anti-Azərbaycan qüvvələrin “fəaliyyət” imkanlarını daraldacaq. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın dondurmağa vəd etdiyi 907-ci düzəlişin də yaxın gələcəkdə Konqres tərəfindən qüvvədən düşürülməsi aktuallaşa bilər.

Çünki, əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayırsa, konqresmenlər 907-ci düzəlişin hansı məntiqlə hələ də qüvvədə qalmasını izah etməli olacaqlar. Əlbəttə, 907-ci düzəlişin ortadan qaldırılması üçün bizdən də diplomatik fəallığın artırılması tələb olunacaq. Fransa, Belçika və Niderlanddakı anti-Azərbaycan dairələr üçün də çətin olacaq. Bu ölkələrin və ümumilikdə Avropa qitəsinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Amerika Birləşmiş Ştatları Azərbaycanı strateji tərəfdaş kimi görəcəksə və üstəgəl Ermənistan Azərbaycanla sülh sazişi imzalayıb iki ölkə arasında əməkdaşlıq hərəkətə gələcəksə, Avropadakı anti-Azərbaycan mərkəzlərin də “fəaliyyət” imkanları daralacaq. Buna baxmayaraq, ABŞ və Avropadakı erməni lobbisi ortamı bulandırmaq üçün sakit dayanmayacaq".

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR