Onlayn ictimai-siyasi qəzet
Özbəkistan mediasında Emin Ağalarova və onun layihəsinə qarşı ardıcıl tənqidlər və təxribat xarakterli yazılar yayımlayır.
Musavat.com xəbər verir ki, müşahidəçilər bu informasiya kampaniyasının təsadüfi olmadığını, arxasında daha böyük oyunların dayandığını bildirirlər.
Xüsusilə rusdilli “Anhor.uz” platforması layihəni hədəf alaraq ictimaiyyətdə süni narahatlıq yaratmağa çalışır.
Sözügedən media qurumu özünü “ekoloji fəallıq” adı altında təqdim etsə də, əslində bu cür layihələrə qarşı yönəlmiş manipulyativ və təxribatçı mövqeyi ilə seçilir.
Qeyd edək ki, Anhor.uz uzun müddətdir Rusiyanın postsovet məkanındakı informasiya təsir alətlərindən biri kimi tanınır. Yarım-müxalifət mövqeyi nümayiş etdirən bu platformanın “ağalıq etdiyi” xəbərlər əsasən Kremlin regional maraqları ilə üst-üstə düşür.
Maraqlıdır ki, bu hücumlar Musavat.com-un daha əvvəl xəbər verdiyi kimi, genişmiqyaslı təzyiqlərlə paralel aparılır. Xatırladaq ki, Emin Ağalarovun Azərbaycanda həyata keçirdiyi “Sea Breeze” layihəsi böyük uğur qazanıb və onun kiçik modelinin Özbəkistanda da gerçəkləşdirilməsi ölkə rəhbərliyi tərəfindən dəstəklənir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsən Emin Ağalarovla görüşərək, bu layihənin Çarvak bölgəsində həyata keçirilməsini təşviq etməsi, prosesin dövlət səviyyəsində dəstəkləndiyini göstərir. Hətta hazırda Ağalarov layihə ərazisində şəxsən işlərin gedişinə nəzarət edir.
Bu reallıqlar fonunda sual yaranır: bəs niyə bu cür uğurlu və ölkənin turizm potensialına ciddi töhfə verəcək bir təşəbbüsə qarşı media kampaniyası aparılır?
Anhor.uz-da yayımlanan son video materialda bir bloger çıxış edərək layihə rəhbərliyinin “ərazinin yalnız 1%-nin istifadəyə veriləcəyi” barədə açıqlamasını şübhə altına alır və “bizə uşaq kimi yanaşırlar?” kimi provokativ suallarla ictimai fikri yönləndirməyə çalışır.
Ekspertlər bildirirlər ki, bu kampaniyanın arxasında ya Kremlə bağlı dairələrin təzyiq vasitələri, ya da regionda uğurlu biznes modellərinin qarşısını almağa çalışan maraqlı qruplar dayanır. Nəzərə alsaq ki, Rusiya hazırda Ağalarovlar ailəsinə qarşı Moskva məhkəmələrində müxtəlif ittihamlarla təzyiq göstərir, bu informasiya hücumunun da eyni mərkəzdən yönləndirilməsi ehtimalı güclənir.
Bütün bu informasiya müharibəsinin fonunda bir fakt dəyişmir: “Sea Breeze” layihəsi Azərbaycan üçün uğur modeli, Özbəkistan üçün isə gələcəyin turizm mərkəzinə çevrilə bilər. Onu hədəfə almaq isə regionun inkişafına qarşı yönəlmiş daha geniş planların bir hissəsi ola bilər.
Bu arada, Rusiyada da Ağalarov ailəsinə qarşı təzyiqlər artır. Moskva məhkəmələri Ata Ağalarovun və ailəsinin maliyyə fəaliyyəti ilə bağlı araşdırmalar aparır. "Crocus City Hall" terrorundan zərərçəkən olmalarına baxmayaraq, hüquq-mühafizə orqanları ailəni hədəfə götürüb və onlara qarşı “ölkədən kapital çıxarma” ittihamı irəli sürülüb.
Ehtimallar var ki, bu təzyiqlərin arxasında Rusiya kəşfiyyatının planlı fəaliyyəti dayanır. Ailənin həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil manevr imkanları Moskvanın xoşuna gəlmir.
İndi isə Kremlin təsir dairəsindəki Özbəkistan mediasının bu kampaniyaya qoşulması, təzyiqin regional səviyyəyə keçdiyini göstərir. Belə görünür ki, hədəf təkcə Ağalarovlar ailəsinin biznes imperiyası deyil, eyni zamanda onun beynəlxalq nüfuzudur.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ