İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqili xidmət

Xalq bəzən dövlət idarələrinin müştəri xidmətlərindən narazılıq edir. Hətta bu günlərdə telekanallarımızın müdiri AzTV müəllimin efirində bu haqda süjet verilmişdir. Müxbir su, elektrik, qaz və sairə idarələrə zəng vurur, o başdan deyirlər ki, Azərbaycan dili üçün 1 düyməsinə basın, sizin sırada növbəniz 19-cudur, abonent əhatə dairəsi xaricindədir və sairə.

Həqiqətən, adı “qaynar” olan bu xidmətlərin bəzisinin donu yayın 45 dərəcə istisində də açılmır. Məsələn, mən özüm keçən il sentyabrda bir müştəri xidmətinə zəng eləmişdim, indiyəcən növbədəyəm, bu müddətdə  Karl Orfun “Karmina Burana” kantatasından başlayaraq Qara Qarayevin “İldırımlı yollarla” baletindən gitaralı qızların rəqsinə, Məmmədbağır Bağırzadənin ifasında “Dinə bilmədim” nəğməsindən Mətanət İsgəndərlinin “Taleyim mənim” mahnısına qədər saysız miqdarda gözəl musiqilər dinləmişəm.

Təbii ki, müştəri xidmətindən cavab gözləyərkən şəxsi işlərimlə də asudə məşğul ola bilirəm, hamamda çimir, köşə yazır, dənizə gedir, qarğıdalı və qarpızla pendir-çörək yeyirəm. Bəzi müştərilər telefonda gözləyərkən “Üç inək” pendirinə üstünlük verir, lakin mən özüm əsasən “Öküz ürəyi” pendirini bəyənirəm.

Bunun özü müştəri xidmətlərinə, qaynar cavab xətlərinə minnətdarlıq etməyimizə şərait yaradır, çünki oralarda zəngin repertuar seçirlər. Ancaq təəssüf ki, həmişə belə olmur. Bəzi idarələrdə musiqi yeknəsəqdir. Sanki patefonu, diski, maqnitofon kasetini, mp3-pleyeri, uzun sözün qısası, idarədə xalqın dinləməsi üçün qoyulan qurğu nədən ibarətdirsə, onu dəyişdirmək üçün əlavə işçi ştatı saxlamaq çətin imiş. Xahiş edirik, Nazirlər Kabineti yaxın 3 ay ərzində bu məqsədlə tədbirlər görsün.

Hətta yaxşı olar, hələ o biri dünya ilə əlaqə yaratmamış çoxlu xalq, əməkdar artistlərimizə  müraciət edilsin, onlar canlı ifa üçün müştəri xidmətlərinin koll-sentrinə (ingiliscə də bilirəm, görürsünüz) çağırılsın. Biz də şikayətə cavab gözləyərkən “Bayatı-Kürd”, “Şahnaz”, “Segah” muğamlarımızı dinləyək, zövq alaq, xalq sənətini yaşadaq. Fonoqramdan bu yaxşı deyilmi?

Məsələn, bu yaxında rabitə ilə bağlı şikayətim var idi, o zaman mən hansısa avanqard musiqini dinləməli oldum. Halbuki dəstəkdən “Ey dad, ey dad, aman, aman, əman, yar, yar, yar, uy, uy, uy, uy, ölürəm, ölürəm, ölürəm, a dərdin alım” söhbəti gəlsəydi, nə xoş olardı!

Yaxud təsəvvür elə, avtobusu gözləyirsən, gəlib çıxmır, qaynar xəttə zəng vurursan, ordan bu musiqinin şaqraq təranələri eşidilir: “Yel əsər, dağıdar dağda dumanı. Anamın gözləri yoldadır, bircə mənə qalmış gümanı, Gedim görüm əziz anamı, A köhlən atım... Bulud, kəs aranı, Qoy arabanı kəndə çatsın. Aaa... dağda yelə dönək Düzdə selə dönək, a köhlən atım, A qarlı dağlar...”

O cümlədən “Bir azca da döz”, “Bəlkə dost qalaq”, “Verdim getdi”, “Gizli nömrə”, “Yox xəbərin”, “Yalvarımmı”, “Şərəfsiz”, “Bir qulaq as sözlərimə”, “SOS” kimi trend mahnıları da müştəri xidmətlərinin  avtomat cavabvericilərində istifadə etməliyik. Yazarkən ağlıma gəldi, “Qaya” qrupunun sanki elə bu məqsədlə yaradılmış “Telefon avtomatları” mahnısı da lap yerinə düşərdi.

Biz sənətə, musiqiyə böyük əhəmiyyət verən millətik. Bizi susuz, işıqsız, qazsız, rabitəsiz, yolsuz, lap elə ac qoy (şərti olaraq, əlbəttə, hər şeyimiz var), amma musiqisiz qoyma. Elementar bir sual üzərində sizi düşünməyə çağırıram: bizdə musiqi üzrə xalq artistləri vardır, ancaq heç xalq elektriki, xalq suçusu, xalq qazvuranı, nə bilim, əməkdar avtobus sürən kimi titullar görmüsünüzmü? Bəs onda şikayətiniz nədir? Musiqimizi verirlər, Allaha min şükür. Ən pisi musiqinin kəsilməsi olardı.

Onda hara zəng edərik?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR