İnsanlara hürriyət, millətlərə istiqlal!

İmperiyalar böyüdükcə...

Məhbəs lap şəhər böyüklüyündə də ola bilər. Amma bunun kameralardakı məhbuslar üçün önəmi, fərqi varmı? İmperiyalar da belədir, böyüdükcə təkcə təbəələr üçün yox, hətta imperatorların özləri üçün də darısqal olurlar...

Ukrayna-Rusiya müharibəsi də uzandıqca daha çox rus ölkədə ciddi diskomfort hiss etməyə başlayır, insanlar onlara sırınan bu müharibədən canlarını qurtarmağın yollarını arayırlar, amma gəl, əksər hallarda bunu tapammırlar.

Düşünmək olardı, “müharibə partiyası”nın, xüsusən də prezident Vladimir Putinin belə qayğıları yoxdur, onlar qladiator döyüşdürməkdə və bundan həzz almaqda davam edirlər, üstəlik, on illər sonra da belə müharibə apara biləcəklərini deyirlər.

Amma zahirən belə görünür. Beynəlxalq Məhkəmə Vladimir Putin haqda hökm verəndən sonra Rusiya Prezidentinin səfərlər coğrafiyası xeyli daralıb, çox nadir hallarda xarici səfərlərə yollanır.

Adam özünü hətta Moskvada, Kremldə rahat hiss edə bilmir, deyilənə görə, onun mühafizəsi əvvəlki dövrlərlə müqayisədə xeyli gücləndirilib və hərəkət trayektoriyası xeyli məhdudlaşdırılıb...

Sual yaranır: bundan ötrü idimi müharibə? Təəssüf ki, belə suallara cavab verməyi heç kim planlaşdırmır qonşu ölkədə, əvəzində bu adamlar özlərini “nikbin” göstərməyə cəhd edir, hələ xeyli müqavimət imkanlarının və qabiliyyətlərinin olduğunu nümayiş etdirməyə çalışırlar.

Olsun. Amma əbədi müharibələr də olmur, tarixdə ən uzun müharibə səhv etmirəmsə, orta əsrlərdəki “yüz illik müharibə” olub, amma o da bir gün sona çatıb. Odur, hərdən adam düşünür ki, bəlkə Vladimr Putin yüz illərlə davam edən “qərbçilər-slavyanofillər”, Qərb-Şərq fəlsəfi- ideoloji çəkişməsini indi əbədi müharibəyə çevirmək istəyir?..

Göz önündədir hər şey. Bu adam çox böyük geosiyasi utopiyalarla yaşayır, bəlkə SSRİ-ni bərpa etməkdən savayı da “plan”ları var onun!

Bugünlərdə ruslar bir daha dedilər ki, guya SSRİ-nin ləğvi “tarixin böyük yanlışlığı” imiş və onunla nəinki Rusiya, hətta keçmiş sovet xalqı indiyədək barışmır və bu səbəbdən Kreml Ukrayna ilə savaşı öz “daxili müharibəsi” sayır. 

Odur, ötən həftə nəzərlər İstanbula yönəlsə də biz siyasi təhlilçi kimi elə də ümidli deyildik.

Düzdür, İstanbuldakı danışıqlarda optimist notlar axtaranlar da var: kimsə əsirlərin mübadiləsini önə çəkmək istəyir, başqa birisi Kremlin də müzakirələrə ehtiyac duyudğunu deyir və yalnız Putinin daha çox güzəşt qoparmaq istədiyinə, hətta Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya birləşdirməyə çalışdığna görə prosesin uzandığını söyləyir. Hətta Putinin özünün yorulduğunu ərz edənlər də az deyil.

Olsun. Amma daha ciddi Qərb siyasətçiləri və ya diplomatları qeyd edirlər ki, ən azı bu il heç nə əldə etmək mümkün olmayacaqdır. Belə təsəvvür yaranır ki, ABŞ Prezidenti Donald Tramp ümidlərini itirməyib, hələ də nəyəsə çalışır. Amma o da var ki, Ər-Riyaddan İstanbula dönüş-sıçrayış baş tutmadı.

Bəli, növbəti ildə ABŞ-da Konqresə seçkilər olacaq və Tramp da çox çalışır ki, o vaxta qədər nəsə etsin. Alınacaqmı?

Onun özünün problemə yanaşması xeyli mübahisəlidir. Trampın “minerallar sazişi”ni bəziləri ABŞ-ın Ukraynadakı maraqlarına “maddi məzmun” vermək, bir növ bu ölkəyə real “qarmaq” atmaq cəhdi kimi qiymətləndirməyə çalışsalar da bunu Ukraynanı bölüb-bölüşdürməyin başlanğıcı kimi dəyərləndirənlər də az deyil və onlar heç də birincilərdən əsassız deyillər...

Bəlkə də elə rusları da şirnikləndirən də budur. Onlar Trampın nəyin bahasına olursa-olsun sülh əldə etməyə, çox böyük güzəştlərə hazır olduğunu görüb bir az da “quduzlaşırlar”. Tramp özünün ikinci idarəçiliyi dövrünə başlayandan yazırıq ki, onun Ukrayna ilə bağlı dedikləri, yürütdüyü siyasər diplomatiyanın əlifbasına belə ziddir, çünki diplomatik danışıqlarda nəsə əldə etmək üçün adətən qarşı tərəfə təzyiqləri artırır, öz müdafiə mövqelərini daha da gücləndirirlər, amma Donald Tramp siyasətini Rusiyaya yox, Ukraynaya təzyiq etməkdən başladı ki, bunun da bircə yozumu ola bilər: Kiyevi təslimçi sülhə məcbur etmək...

İndinin özündə bu ssenari təxminən olsa da davam etməkdədir. Odur ki, heç nə alınmır, güman ki, alınmayacaq da. Böyük hərb nəzəriyyəçisi fon Klauzevits yazırdı ki, müharibə də siyasəti davam etdirməyin bir yolu və üsuludur.

Bəli, Putin bu yolu tutub, çünki başa düşür ki, ölkəsi dinc yarış və rəqabət yolunu çoxdan uduzub. Bundan sonra Rusiya iqtisadi cəhətdən nəinki ABŞ və ya Çin, hətta heç bir vaxt Almaniya ola bilməyəcək və bu səbəbdən də Rusiyanın özü üçün nəsə qopartmağın, hansısa güzəşt əldə etməyinin bircə yolu və imkanı var: müharibə və konfliktlər yaratmaq, başqa ölkələri hərblə, hətta lazım gələrsə, nüvə silahı, müharibəsilə təhdid etmək!

Tarix boyu imperiyalar daim genişlənməklə də özlərini qoruyublar. Amma hər şeyin sonu olur: hanı tarixin qüdrətli imperiyaları? Hanı Roma? Hanı SSRİ? Ola bilsin, Tramp Rusiya ilə daha çox “bazarlaşmağa” çalışacaq, amma onun da hakimiyyəti dörd ildən çox çəkməyəcək və bir gün insanlar mütləq Rusiyanın geosiyasi iddialarına son qoymağın daha effektiv yollarını arayacaq və tapacaqlar: SSRİ-nin nüvə potensialı indiki Rusiyanınkından da böyük idi. Axırı nə oldu?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR