Onlayn ictimai-siyasi qəzet
Allaha şükür, özünü çox nazü-qəmzəyə qoyandan sonra nəhayət dünən Bakıya və Abşeron yarımadasına yay qədəmlərini basdı. Hərçənd, qəfil elə basdı ki, kölgədə temperatur 40 dərəcəni keçdi. Bir gün qabaq 20 dərəcə idi, sonra 40 olursa, bu iqlim qurşağına nə ad qoymalıyıq, şəxsən mən bilmirəm, baxmayaraq orta məktəbdə coğrafiya dərsini hamıdan yaxşı oxuyurdum, hətta suallarıma cavab tapmayıb ağlayan müəllimələr olmuşdur.
Görünür “coğrafiya taledir” söhbətini biz tərsinə fırlatmağı bacarmışıq, burda insanlar havaya yox, hava insanlara uyğunlaşır. Sıçrayışlı inkişafımızın təsirləridir. Artıq yavaş-yavaş, təkamül yolu ilə, cupbulu addımlarla irəliləmək bizə xas deyil. Biz yalnız inqilabi və kəskin irəliləyişlə gedirik. Sovet vaxtı Leonid İliç Brejnev də bunu hiss eləmişdi, deyirdi “Azərbaycan iri addımlarla irəliləyir”. O vaxt bu şüarı hər kolxozda, hər şəhərdə plakat kimi asırdılar. Bir dəfə də Gəncədə dəhşətli külək olmuşdu, Brejnevin həmin nəhəng plakatlarından birini iki tələbə qızın üzərinə aşırtmışdı, yazıqlar yerindəcə həlak olmuşdu.
Söz-sözü çəkər, sayın təhsil nazirimiz müəllimlərin sertifikasiya imtahanları zamanı aşağı nəticə göstərən müəllimlərin əsasən hansı ali məktəblərin məzunu olmasını açıqlayıb, orda Gəncə Pedaqoji Universitetinin də adı vardı. Sitat: “Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir”. Sitatın sonu. Həmçinin, riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunları imiş.
Yəqin Gəncədə tədrisin səviyyəsinin aşağı düşməsinə məhərrəmlik mərasimlərində az ağlamaqları və zəncir vurmaqları təsir edibdir. Daha çox sinə vursalar, savad artar. Ağlamaq isə müəllimliyi gücləndirir.
Ancaq BDU Şəki filialının olduğunu şəxsən mən indi bildim. Yeni Şəki lətifəsi saymaq olar. Görəsən bu filialların heç bir işə yaramadığını haçan dərk edəcəyik? Hərçənd, o zaman bölgədə yaşayan əhali də haqlı olaraq “guya paytaxtda dəhşət güclü təhsil verilir” deyəcəklər. Məsələn, elə həmin Beynəlxalq Universitet adlı dələduzluq oylağını Şəkidə, Gəncədə, Qazaxda yox, Bakıda açmışdılar.
Qayıdaq havaların yanına. Yayın özünü payız kimi aparması üzündən dükan-bazarda bu il düzgün meyvə-tərəvəz də tapılmırdı. Hətta bəzi günlərdə limon özünü gilas kimi aparırdı, pomidor isə kokos qozu. Limonun 1 dənəsinin qiyməti qalxıb 1 manat 80 qəpik olmuşdu. Az qala mentalitetimiz əldən gedirdi, axı biz çayı mütləq limonla içməliyik. Şükür, dünən bir tanış 50 qəpiyə limon tapması haqda yazdı, muştuluq istədi. İnşallah, hava isti keçsə qiymət lap düşəcək. Özümüzü yaxşı aparsaq dənizdə çimə də biləcəyik.
Dəniz demişkən, hökumətin yaxşı qərarlarından biri çimərlik zonalarında arvad-uşağına maşın sürməyi öyrədən tərbiyəsizlərə qarşı olmuşdur. Səhv etmirəmsə, yazda belə qanun qəbul edildi, cəriməsi 500 manat oldu. Artıq təlim üçün ayrılmış xüsusi yerlərdən kənarda maşın sürməyi öyrənən və öyrədənlər, necə deyərlər, “kaznit” olunacaq.
Özüm rusca yazdım ki, belə “kazyolları” görərkən nə qədər əsəbləşdiyimi bəyan edim. İnsanlar külək-müləkdən güclə hansısa şənbə-bazar əldə edib çimərliyə gedirlər, bu zaman görürsən eşşəyin biri balaca uşağı otuzdurub sükan arxasına, dəniz kənarında sülənirlər. İstər-istəməz təhlükəli vəziyyətlər yaranır, insanlar dincələ bilmir, narahat olur... Yenə qeyd edirəm, çimərlikdə maşın sürməyi öyrənən və öyrədənlər eşşəklərdir. FHN-dən də xahiş edirəm, bu cümləmi plakat kimi yazıb qumluğa basdırsınlar.
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ