Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən əvvəl Tehran həmin obyektləri qabaqcadan evakuasiya edib.
Musavat.com xəbər verir ki, bu barədə İran Radio və Televiziya Korporasiyası baş direktorunun müavini Həsən Abedini “BBC Persian” xidmətinə istinadla məlumat verib.
Abedini bildirib ki, zərbələrin hədəfinə çevrilmiş üç nüvə obyektindən strateji materiallar əvvəlcədən çıxarılıb:
“Evakuasiya bir müddət əvvəl həyata keçirilib. Obyektlərdəki zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizlik məqsədilə başqa yerə daşınıb. Ona görə də radiasiya sızması riski yoxdur,” – deyə o vurğulayıb.
Abedinin bu açıqlaması İranın hücumla bağlı əvvəlcədən məlumatlı olduğu və strateji zərbə ehtimalına qarşı hazırlıqlı olduğu ehtimallarını gücləndirir.
Hazırda İran rəsmiləri və dövlət mediası əhalini sakitləşdirməyə çalışaraq nüvə infrastrukturlarının təhlükəsiz şəkildə qorunduğunu və ekoloji riskin olmadığını bildirirlər.
Qeyd edək ki, ABŞ-ın son hücumu İranda üç əsas nüvə obyektinə yönəlib. Tehran isə bu hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və cavab addımlarını nəzərdən keçirdiyini bəyan edir.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ