İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Sankt-Peterburqda – iki mürtəce qonşumuz nəyə hazırlaşır?

Musavat.com xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Sankt-Peterburqa rəsmi səfər edib. Məlumatı İranın “SEPAH”-a yaxın media qurumları yayıb. Bildirilir ki, səfərin məqsədi Rusiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə danışıqlar aparmaq, Xəzər dənizində əməkdaşlıq, regional təhlükəsizlik və birgə təlimlər kimi məsələləri müzakirə etməkdir.

Rəsmi Tehran mənbələri əlavə edib ki, İran komandanı səfər çərçivəsində Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin rəhbərləri ilə də ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu məlumatı yayan məhz “SEPAH”-a yaxın informasiya kanallarıdır. Məlum olduğu kimi, “SEPAH” İran hakimiyyəti daxilində radikal və teokratik qanadı təmsil edir və onun Azərbaycan dövlətinə, xüsusilə də ölkəmizin müstəqilliyinə, ordusuna və regiondakı güclənməsinə münasibəti daim mənfi olub. Buna görə də, belə mənbələrdən gələn istənilən hərbi xəbər Azərbaycan üçün təbii narahatlıq doğurur.

Analitiklər qeyd edirlər ki, bu səfər təkcə Xəzər dənizindəki texniki əməkdaşlıq məsələləri ilə bağlı deyil. O, həm də İran–İsrail münasibətlərində gərginliyin kəskin artdığı, İsrailin ikinci dəfə Tehrana qarşı hava əməliyyatı keçirə biləcəyi ehtimallarının geniş yayıldığı bir dönəmdə baş verir.

Bir sıra beynəlxalq təhlükəsizlik mərkəzləri hesab edir ki, İsrail ordusu HƏMAS-ın 7 oktyabr hücumunun ikinci ildönümü ərəfəsində İranı birbaşa cavab əməliyyatları ilə cəzalandıra bilər. Bu baxımdan, İran Hərbi Dəniz Qüvvələrinin Rusiya ilə məsləhətləşməsi və hərbi koordinasiya axtarışları sıradan diplomatik jest yox, qarşıda mümkün regional böhrana hazırlıq xarakteri daşıyır.

Unutmaq olmaz ki, İran və Rusiya son illərdə həm Suriya, həm Qara dəniz, həm də Xəzər istiqamətlərində hərbi əməkdaşlığı dərinləşdiriblər. İki ölkənin donanmaları bir neçə dəfə birgə təlimlər keçirib, qarşılıqlı liman səfərləri təşkil olunub. Sankt-Peterburqdakı bu görüş də həmin xəttin davamıdır — lakin bu dəfə daha gərgin və təhlükəli beynəlxalq kontekst fonunda baş verir.

Musavat.com -a görə, iki mürtəce rejimin yaxınlaşması regionda balansın pozulması riskini artırır. Xüsusilə də, Azərbaycanla Rusiya və İran arasında sərhədlərin kəsişdiyi geosiyasi məkanda belə hərbi koordinasiya təşəbbüsləri diqqətlə izlənilməlidir.

Hazırkı mərhələdə səfərin nəticələri barədə rəsmi açıqlama verilməsə də, “SEPAH” mediaya ötürülən məlumatlar vasitəsilə artıq informasiya savaşı aparır. Bu, həm psixoloji təzyiq elementi, həm də Bakıya dolayı mesaj kimi qiymətləndirilə bilər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR