Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xam nefti Təbrizdəki neftayırma zavodunda emal edilə bilər - gözlənti
“İran Azərbaycandan gündə 110 min barelə qədər xam neft idxal etməyi və onu Təbrizdəki əsas neftayırma zavodunda emal etməyi planlaşdırır”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Fars” xəbər agentliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, belə bir razılaşma Təbriz neft emalı zavodundan ildə on milyonlarla dollar dəyərində neftin nəqli xərclərini azaltmağa kömək edərdi. Agentliyin fikrincə, İranın Azərbaycandan neft idxalı iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsini ciddi şəkildə yüksəldə bilər.
Qeyd edək ki, hesabat İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanda dövlət səfərində olduğu vaxta təsadüf edib. Bir çox ekspertlər bunu Bakı ilə Tehran arasında münasibətlərin istiləşməsinin əlaməti kimi qiymətləndiriblər. İran Ticarət və Sənaye Palatasının prezidenti Səməd Həsənzadə isə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasının vacibliyini qeyd edib. “Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra burada irimiqyaslı inkişaf layihələri həyata keçirilməyə başlandı. Yol tikintisi, bəndlər, elektrikləşdirmə, xəstəxana və məktəb tikintisi sahələrində çalışan İran şirkətləri bu layihələrdə fəal iştirak etməyə hazırdır”, - nazir vurğulayıb.
Bəs hər iki istiqamətdə (neft idxalı və Qarabağ) imkanlar necədir? İranın İsraillə yan-yana Qarabağın bərpasında iştirakı mümkündürmü? Bakı buna necə baxır?
Azərbaycanda hazırda müxtəlif ölkələrin, daha çox isə Türkiyənin şirkətləri fəaliyyət göstərir. İran şirkətləri hələ ki fəaliyyətə başlamayıb. Qarabağda fəaliyyət tenderlə həll olunur və heç kim İran şirkətlərinə ögey münasibət bəsləməyib.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan İranın Qarabağın bərpasında iştirakına şərait yaratmağa hazırdır: “Bu, çox ciddi dəstək ola bilər. Çünki erməni işğalı nəticəsində məhv edilən şəhərlərin yenidən qurulması asan iş deyil. Bura ciddi sərmayə lazımdır, illər tələb edən prosesdir, ona görə cənub qonşumuzun şirkətlərinin quruculuqda iştirakı zəruridir. Sadəcə, İranın da gərək təşəbbüsü olsun. Pezeşkian Bakıya böyük bir heyətlə gəlmişdi və investorlar var idi. Eyni zamanda biznes forumu keçirildi. Düşünürəm ki, müzakirələrdə Qarabağın bərpasında İranın iştirakı məsələsi də yer alıb”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu da istisna etmir ki, azad olunan ərazilərdə İran şirkətləri fəaliyyət göstərə bilər: “Biz ümid edirik ki, rəsmi Tehranla gərginlik arxada qaldı və əməkdaşlıq əlaqələri inkişaf edəcək. İki qonşu arasında qarşıdurma yox, əməkdaşlıq, dostluq olmalıdır ki, bir-birinə fayda versinlər, ziyan deyil. İranın zaman-zaman Ermənistana dəstək bəyanatları olub, Qarabağda ermənilərə yardım etmələri haqda məlumatlar yayılıb. Amma torpaqların azad edilməsindən sonra İranın mövqeyində dəyişiklik gözləmişik. Bu baxımdan İran quruculuq işlərinə dəstək verməklə Azərbaycana münasibətini nümayiş etdirməlidir. Çünki Pezeşkian dedi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. O halda, İran firmaları Azərbaycanın ayrılmaz hissəsində quruculuğa dəstək verə bilər”.
İran siyasəti üzrə araşdırmaçı Fikrət Fərəməzoğlunun sözlərinə görə, hazırda İranla Azərbaycan arasında ticarət əlverişsiz vəziyyətdədir: “İki qonşu ölkə arasında ümumi ticarət həcmi təqribən 470 milyon dollar təşkil edir. İranın Azərbaycandan idxalı 30 milyon dollardan azdır. Orada neft və qazın payı praktiki olaraq sıfırdır. Təklif isə ondan ibarətdir ki, Azərbaycan İrana neft satsın və əvəzində Fars körfəzindən xaricə neft daşıması imkanı yaradılsın. Agentlik yazısında qeyd edir ki, Təbriz Neft Emalı Zavodu Azərbaycanın yaxınlığında yerləşir və onun davamlı fəaliyyət göstərməsi üçün gündəlik 110 min barel neft lazımdır. Bu zavodun gücü günlük 110 min barel nefti emal etməyə çatır. Bu neft hazırda ölkənin cənub bölgələrindən boru kəməri ilə Təbrizə daşınır. Bu zaman İran illik təxmini 60 milyon dollarlıq neft daşıyır ki, bu, həm maliyyə, həm də enerji itkisidir”.
Onun dediyinə görə, İran təklif edir ki, əgər bu zavodun xammal ehtiyatının hamısı və ya bir hissəsi Azərbaycandan tədarük oluna bilsə, bunun müqabilində ölkənin cənubundan xam neft Bakının Fars körfəzindəki neft alıcılarına, o cümlədən Hindistan və Pakistana çatdırıla bilər: “Bu proses gündə bir neçə min barel neftin alınması və tankerlə Təbriz neft emalı zavoduna daşınması ilə başlaya, sonra isə boru kəmərinin tikintisinə gətirib çıxara bilər. İranın cənubundan Təbrizə neft kəmərinin olması həm də Azərbaycanın neft tədarükünü dayandıracağı təqdirdə neft emalı zavodunun fəaliyyətində heç bir axsama olmayacağına zəmanət verəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ